Daha 219 dərman vasitəsinin qiyməti təsdiqləndi
Prezident İlham Əliyevin tapşırığına əsasən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclasında daha 219 dərman vasitəsinin qiyməti təsdiqlənib.
Tarif (qiymət) Şurasından verilən məlumata görə, ümumilikdə, bu qurum tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qeydiyyatda olan 9 850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bunlardan 7 347 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2 503 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək. Həmin tarixdən etibarən, dövlət qeydiyyatına alınmış, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.
Beləliklə, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üzrə bir il əvvəl başlanan proses bu müddətdə intensiv şəkildə davam etdirilib. Bu dövrdə Tarif (qiymət) Şurasının 10 iclası keçirilib, idxal dəyəri ilə ifadədə 44 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 25 faizinin qiyməti 3 dəfədən çox, ümumilikdə isə, 90 faizdən çoxunun qiyməti endirilib.
Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları" və "Dərman vasitələri" bölmələrində yerləşdirilib (http://tariff.gov.az/documents/DVA.pdf).