Azərbaycanda yeni dərman zavodunun tikintisi planlaşdırılır

Azərbaycanda yeni dərman zavodunun tikintisi planlaşdırılır

Yaxın gələcəkdə Azərbaycanda dərman preparatları istehsalı üzrə yeni zavodun tikintisi nəzərdə tutulur. Bu haqda ölkəmizdə bir neçə günlük səfərdə olan Yaponiyanın Nipro Pharma və JGC dərman şirkətlərinin nümayəndələri məlumat verdilər. Səfər çərçivəsində bir sıra önəmli görüşlər keçirdiklərini deyən qonaqlar – Nipro Pharma dərman şirkətinin vitse-prezidenti Satoshi Kavamura və JGC dərman şirkətinin xarici əczaçılıq layihəsi qrupunun rəhbəri Susumu Yamada bizi maraqlandıran sualları cavablandırdılar.

- Öncə səfərinizin məqsədi barədə məlumat vermənizi istərdik.
Susumu Yamada – Biz Azərbaycanda dərman preparatları istehsal edən zavod tikməyi düşünürük. Təbii ki, istəyimizi reallaşdırmaq üçün ilk növbədə müəyyən araşdırmalar aparmalı, əlaqədar şəxslərlə görüşlər keçirməli idik. Səfərimizin əsas məqsədlərindən biri budur.
Satoshi Kavamura – Digər tərəfdən isə, biz zavodun tikintisinə başlamazdan öncə sizin ölkənizdə hansı dərmanlara nə qədər tələbatın olması, hansı preparatların istehsalının məqsədəuyğun olması və bir sıra bu kimi məsələlərlə bağlı araşdırma da aparmalıyıq. Hazırda bizim partnyorumuz Azərbaycan üzrə iri distribüter şirkətlərindən biridir. Nipro Pharma şirkətinin istehsal etdiyi dərmanlarla həmin şirkətin məhsullarını müqayisə edib, müəyyən nəticəyə gəlməyə çalışırıq. Bunun üçün ən azı bir il vaxt lazım olacaq. Araşdırmalardan sonra isə biznes plan hazırlayıb, bilavasitə zavodun tikintisini planlaşdırırıq.
İlk növbədə Azərbaycanda bizim şirkətin 300-ə yaxın məhsulunu istehsal etməyi düşünürük. Əgər həmin məhsullardan əlavə preparatlara tələbat olarsa, Yaponiyada Nipro Pharmanın partnyoru olan çox sayda şirkətlər var ki, onlar da öz məhsullarını burada istehsal edə bilərlər və hətta bu barədə düşünürlər.

- Səfəriniz çərçivəsində keçirdiyiniz görüşlərlə bağlı təəssüratlarınızı bölüşmənizi istərdik.
Susumu Yamada – Biz bu dəfə gəlişimiz zamanı baş nazirin müavini Abid Şərifovla, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovla və səhiyyə nazirinin müavini Elsevər Ağayevlə görüşdük. Həmin görüşlər zamanı bizdə belə bir təəssürat yarandı ki, Azərbaycanın əsasən iki istəyi var: birincisi, Yaponiya tərəfinin Azərbaycana sərmayə qoyması, ikincisi isə, burada əczaçılıq sənayesinin inkişaf etdirilməsi. Biz hər iki istiqamətdə Azərbaycana töhfə verməyi, bu istəkləri reallaşdırmağı düşünürük.

- Hazırda dərmanların keyfiyyəti məsələsi dünyada çox aktual problemlərdən biridir. Necə düşünürsünüz, gələcəkdə ölkəmizdə açılacaq dərman sənayesi zavodunun məhsulları yüksək dünya standartlarına cavab verəcəkmi?
Satoshi Kavamura – Əlbəttə. Keyfiyyət məsələsi bizim üçün hər zaman çox əhəmiyyətlidir və məhsullarımız dünya standartları səviyyəsindədir.

- İstehsal olunan məhsulların ancaq Azərbaycanda satılması, yoxsa digər ölkələrə də ixracı nəzərdə tutulur?
Satoshi Kavamura – Məqsədimiz təkcə Azərbaycan bazarında olmaq deyil. İstehsal olunan dərman preparatlarını, eyni zamanda, xarici dövlətlərə də ixrac etməyi düşünürük. Dərmanların keyfiyyəti məsələsi bizim üçün buna görə də prioritetdir. Əgər yüksək keyfiyyətli məhsullar istehsal olunmasa, onları ixrac edə bilmərik.

- Necə düşünürsünüz, Azərbaycan dərman preparatlarının istehsalçı dövlətinə çevriləndə keyfiyyətli məhsulları daha münasib qiymətə əldə edə biləcəyikmi?
Satoshi Kavamura - Əlbəttə ki, sırf istehsal baxımından yanaşsaq, Azərbaycanda istehsalın daha ucuz qiymətə başa gələcəyini deyə bilərik. Amma burada digər faktorlar da var. Məsələn, xammal, qablaşdırma məhsulları xaricdən idxal ediləcək. Bundan sonra Azərbaycana daha ucuz qablaşdırma məhsulları gətirmək üçün araşdırmalara başlayacağıq. Əgər bununla bağlı məqsədimizə nail ola bilsək, dərmanların indikindən daha ucuz qiymətə bazara çıxarılmasını təmin edə bilərik.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova