Dərmanların saxlanma şəraiti müzakirə olunub
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın topdansatış əczaçılıq şirkətinin məsul şəxslərinin iştirakı ilə toplantı keçirilib.
Tədbirdə topdansatış əczaçılıq şirkətləri tərəfindən ölkəyə idxal olunan dərman vasitələrinin saxlanma şəraiti müzakirə edilib. Qeyd olunub ki, normativ sənədlərə görə, laborator analizlər üçün 5-15 gün vaxt tələb olunur. Bu müddətdə dərman vasitələrinin lazımi avadanlığı və şəraiti olmayan anbarlara yığılaraq saxlanılması faktları aşkarlanıb.
Mərkəzin rəhbərliyi belə anbarlarda dərman vasitələrinin saxlanılmasının qətiyyən yolverilməz olduğunu, belə halların dərman vasitələrinin keyfiyyətinə, təhlükəsizliyinə və effektivliyinə birbaşa təsir göstərdiyini vurğulayıb. Həmçinin bu kimi hallar aşkarlandığı təqdirdə topdansatış əczaçılıq şirkətlərinə qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.
Sonda şirkət nümayəndələrinin sualları cavablandırılıb.