Analitik Ekspertiza Mərkəzində fəaliyyətə başlayan “Bir pəncərə xidməti” şəffaflığı təmin edəcək
Ölkəmizdə səhiyyə və əczaçılıq sahəsində sahibkarlığın inkişafını stimullaşdırmaq, əlverişli biznes mühiti formalaşdırmaq, sahibkarların və vətəndaşların müraciətlərinə baxılmasını sadələşdirmək və şəffaflığını təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) nəzdində sahibkarlar və vətəndaşlarla iş üzrə “Bir pəncərə xidməti” yaradılıb.
Bu barədə bizə məlumat verən AEM-in direktoru Murad Süleymanov bildirdi ki, xidmətin əsas fəaliyyət istiqamətlərinə sahibkar və vətəndaş müraciətlərinin, şikayət və sorğuların qəbulu və operativ cavablandırılması, ölkəyə idxal olunan dərman vasitələri ilə bağlı sənədlərin qəbulu və icazələrin təqdim edilməsi, qeydiyyat sənədlərinin qəbulu və sahibkarlara təqdim olunması kimi məsələlər daxildir: “Müraciətlərin qeydiyyata alınaraq elektron bazaya daxil edilməsi, dərkənar üçün rəhbərliyə təqdimatı, müraciətin icrası üçün mərkəzin digər şöbələrinə göndərilməsi, şöbələr tərəfindən icra olunan sənədlərin ərizəçilərə çatdırılması, şifahi müraciət edən şəxslərin aidiyyəti üzrə suallarının cavablandırılması bu xidmət vasitəsilə həyata keçiriləcək. Eyni zamanda, dərman vasitələri və tibbi avadanlıqlarla bağlı idxal və qeydiyyat sənədləri həmin xidmət vasitəsilə qəbul olunacaq, qanunvericiliyə müvafiq cavablandırılacaq”.
Murad Süleymanov bunun üçün xidmətin tərkibində müraciətlərin qəbulu, laborator təhlil üçün dərman vasitələri nümunələrinin qəbulu, müraciətlərin cavablandırılması bölmələrinin yaradıldığını da dedi: “Bir sıra xidmətlər ödənişli əsaslarla həyata keçirildiyinə görə, burada ödənişlərin aparılması üçün də ayrıca bölmə yaradılıb. Eyni zamanda, şifahi müraciətlərin də olduğunu nəzərə alaraq, birbaşa telefon əlaqəsi xidməti də göstəriləcək. Vətəndaşlar və sahibkarlar istədikləri vaxt həmin telefon vasitəsilə daxili əlaqə hesabına səlahiyyətli şəxslərdən izahat və ya suallarına cavab ala biləcəklər”.
AEM-in direktoru xidmət sahəsində vətəndaşların və sahibkarların rahatlığı üçün zəruri normativ-hüquqi aktlar, sənədlərin siyahısı və nümunələrini əks etdirən məlumat lövhəsinin yaradıldığını da vurğuladı.
Murad Süleymanov “Bir pəncərə xidməti”nin tətbiqindən öncə Analitik Ekspertiza Mərkəzində vətəndaşların müraciətlərinə baxılması və kargüzarlıq qaydalarının təkmilləşdirilməsi üzrə müzakirələr aparıldığını, müraciətlərin operativ və dolğun cavablandırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün optimal variantın seçildiyini dedi. Qeyd etdi ki, qurumda vətəndaş qəbullarının, o cümlədən səyyar və virtual qəbulların müasir tələblərə uyğun təşkili, mütəşəkkil keçirilməsi məsələləri mütəmadi olaraq müzakirə edilir.
Mərkəzin rəhbərinin sözlərinə görə, AEM gələcəkdə vətəndaşlara və sahibkarlara elektron qaydada müraciət imkanının yaradılması məqsədilə yeni proqram təminatının hazırlığına da başlayıb. Bu, vətəndaşlarla ünsiyyətin sadələşdirilməsinə və optimallaşdırılmasına şərait yaradacaq.