Dərman bazarında qıtlıq yoxdur

Dərman bazarında qıtlıq yoxdur

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarət olunması qaydalarını təsdiq etmək, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini təmin etmək tapşırılıb. Nazirlər Kabineti Fərmanı icra edərək 3 iyun 2015-ci il tarixli qərarla "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nı təsdiq edib.
Bu gün dərman bazarındakı vəziyyət, dərmanların idxalı, qiymətlərinin tənzimlənməsi və keyfiyyəti əhalini çox maraqlandıran məsələlərdir. Mövzunun aktuallığını nəzərə alaraq, Səhiyyə Nazirliyinin Mətbuat xidməti Analitik Ekspertiza Mərkəzinin direktoru Fərid Əliyevdən bu məsələlərə dair fikirlərini öyrənib.

- Belə bir fikir var ki, dərman vasitələrinin qiymətlərinin dövlət tənzimlənməsinə başlanıldıqdan sonra bəzi əczaçılıq şirkətləri dərman vasitələrinin idxalını dayandırıb və bununla əlaqədar dərman qıtlığı yaranıb. Bu məlumat həqiqətə uyğundurmu?
- Bildiyiniz kimi, 2014-cü il dekabrın 16-da “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş, həmçinin orada dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənməsinə dair müddəa təsbit olunmuşdu. Hazırda ölkəmizdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin sayı dörd min beş yüzdən artıqdır. Bu dərmanların qiymətləri mərhələli şəkildə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiqləndikcə eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq. İlkin olaraq 256 adda dərman vasitəsinin qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənib və bu qərar sentyabrın 15-dən qüvvəyə minib. Avqustun 25-də keçirilən iclasında isə Tarif Şurası daha 801 dərman vasitəsinin qiymətini təsdiqləyib. Beləliklə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 preparatın qiymətləri tənzimlənib. Nəticədə, hazırda satışda olan həmin dərmanların 46 faizinin qiymətləri əvvəlki qiymətlərlə müqayisədə 2 dəfədən çox, 24 faizinin qiyməti isə hətta 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə, satışda olan həmin tərkibli dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb.
Onu da qeyd etmək istərdim ki, keçən ilin analoji dövrü ilə müqayisədə bu il dərman vasitələrinin idxalının həcminin hətta artması müşahidə edilir.
- Ancaq siz inkar etmirsiniz ki, bəzi dərman vasitələri əczaçılıq bazarından çıxacaq. Belə preparatların alternativi mövcuddurmu?
- Əlbəttə, real qiymətindən 300-500% baha satılan dərman vasitələrinin əczaçılıq bazarından çıxması hətta alqışlanan haldır.
Qeyd edim ki, dövlət qeydiyyatına alınmış bütün dərman vasitələri eyni dərəcədə yüksək keyfiyyətlidir. Bu dərmanların arasında eyni təsiredici maddəyə malik müxtəlif ticarət adları altında dərman vasitələri mövcuddur. Bunlar müxtəlif istehsalçılara aid olan eyni tərkibli nisbətən baha və ucuz olan dərman vasitələridir. Bu da ölkə əhalisinin müxtəlif təbəqələrinin mənafeyinə xidmət edən haldır. Beləliklə, hər hansı bir dərman vasitəsinin dərman bazarından çıxması onun qıtlığına səbəb olmur, çünki, demək olar ki, hər bir dərman vasitəsinin eyni təsiredici maddəyə malik olan alternativi mövcuddur. Ona görə də əminliklə deyə bilərik ki, hər hansı dərman vasitəsinin ölkəyə idxalının azalması əczaçılıq bazarında qıtlığın yaranmasına səbəb olmayacaq.
Təsiredici maddə haqqında məlumat, yəni onun beynəlxalq patentləşdirilməyən adı ticarət adı ilə bərabər dərman vasitəsinin qutusu üzərində qeyd olunur. Bir ticarət adlı preparat əvəzinə beynəlxalq patentləşdirilməyən adı eyni olan digər preparat seçmək olar. Həkimlər və pasiyentlər alternativ dərman vasitələri barədə məlumatları bizim rəsmi internet saytımız olan www.pharma.az saytından və 012 596-07-12 nömrəli qaynar xətt vasitəsilə ala bilərlər.
- Bir qədər aydın deyil, nəyə görə eyni tərkibli dərman vasitələrinin qiymətləri fərqlənir?
- Bütün dərman vasitələri iki qrupa bölünür: orijinal və generik dərmanlar. İcad olunub tədqiqatları, kliniki sınaqları aparılmış və ilk dəfə istehsal edilmiş dərman vasitəsi orijinal hesab olunur və aydın məsələdir ki, onun qiyməti yüksək olacaq, çünki istehsalçıların gələcəkdə yeni dərman vasitələrini işləyib-hazırlamasının və istehsal etməsinin əlverişli olması üçün 20 illik patent hüququ verilir. Həmin müddət ərzində dərman vasitəsinin istehsalçısı həmin tərkibdə olan dərman vasitəsinin yeganə sahibi olur. Lakin patent müddəti bitdikdən sonra digər istehsalçılar da həmin tərkibdə dərman vasitələrini istehsal etmək hüququ qazanır. Beləliklə, patent müddəti bitdikdən sonra istehsal olunan dərman vasitələri generik sayılır. Yəni onların istehsalçıları dərman vasitəsinə aid tədqiqatlar aparmadan onun istehsalına başlayırlar. Əlbəttə ki, bu halda onların çəkdikləri xərclər, müvafiq olaraq həm də generikin qiyməti orijinaldan aşağı olur. Generik dərman vasitələrinin də müxtəlif istehsalçıları eyni tərkibli dərman vasitələrinə müxtəlif qiymət təyin edirlər ki, bu da istehsalçı ölkənin siyası-iqtisadi vəziyyətindən və qiymətə təsir göstərən bir sıra digər amillərdən (həmin ölkədə vergi, gömrük, nəqliyyat xərcləri və s.) asılıdır. Lakin bu o demək deyil ki, onların keyfiyyəti fərqlənir. Bir daha deyirəm, Azərbaycanda dövlət qeydiyyatı dərmanların keyfiyyətinin zəmanətidır. Keyfiyyəti tələblərə uyğun gəlməyən preparatlar ölkəmizdə dövlət qeydiyyatını keçmir. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri haqqında məlumatı da bizim Mərkəzin rəsmi saytında əldə edə bilərsiniz.
- Vətəndaşları maraqlandıran başqa bir məsələ də ölkəyə idxal olunan dərman vasitələrinin keyfiyyəti ilə bağlıdır. Çoxları belə hesab edir ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən sonra qiymətlərin aşağı düşməsi keyfiyyətə də öz təsirini göstərə bilər.
- Dərman vasitələrinin keyfiyyətinə bu sahəyə milli nəzarətedici orqan olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən çox ciddi nəzarət olunur. Qiyməti təsdiqlənmiş bütün dərman vasitələri dövlət qeydiyyatından keçib, onların keyfiyyət, effektivlik və təhlükəsizlik parametrlərinin tələblərə uyğunluğu bu qeydiyyatla təsbit edilib.
Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi sisteminin yaranması ehtiyacı ondan irəli gəlirdi ki, bu günə qədər istehsalçı müəssisələr Azərbaycan Respublikası bazarı üçün qiyməti özləri müəyyən edirdilər. Halbuki bir sıra ölkələrdə qiymətlərə dövlət nəzarəti sistemi mövcuddur və çox vaxt bizdəki qiymətlər həmin ölkələrdəki qiymətlərdən yüksək olurdu. Qiymətlərin tənzimlənməsi sistemi tətbiq edildikdən sonra bu cür hallara son qoyulacaq və dərmanların qiymətləri istehlakçılar üçün münasib olacaq.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova