Səhiyyə Nazirliyi ölkə başçısının səhiyyə qarşısında qoyduğu tapşırıqları icra edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı dərman sahəsinə dair bir sıra tapşırıqlar verib. Səhiyyə Nazirliyində bu tapşırıqların icrası məqsədilə nə kimi tədbirlər görülür? Səhiyyə Nazirliyinin mətbuat xidməti mövzuya olan diqqəti nəzərə alaraq, səhiyyə nazirinin müavini Elsevər Ağayevdən ictimaiyyəti maraqlandıran sualları cavablandırmasını xahiş edib.
- Elsevər müəllim, ölkə başçısının tapşırığının icrası məqsədilə Səhiyyə Nazirliyi hansı addımları atıb?
- Ölkə başcısının tapşırığının icrası məqsədi ilə Səhiyyə Nazirliyinin də təmsil olunduğu Azərbaycan Respublikası Tarif Şurasının 2015-ci il iyulun 30-da qəbul etdiyi “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” tarixi sosial qərarla 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənib (qəzet çapa gedərkən bu dərmanların sayı artıq 1057-yə çatıb – red.). Bu qərarın əsas məqsədi əhalinin dərman alışına çəkdiyi xərclərinin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır. Qərar hər bir vətəndaş, hər bir ailə üçün olduqca böyük əhəmiyyət daşıyır.
Belə ki, ilk növbədə əhalinin maraqlarını əsas tutaraq, ölkədə dərman qiymətlərinin tənzimlənməsi üçün ən optimal modelin tətbiqi məqsədi ilə qabaqcıl ölkələrin ən müasir təcrübəsi yerində araşdırılıb, Azərbaycan üçün ən uyğun tənzimləmə mexanizmi hazırlanıb. Dərmanların qiymətinin təyin olunması məqsədilə Tarif Şurasının təsdiq etdiyi təlimata görə, müxtəlif ölkələrdə dərman preparatlarının bazis qiymətləri müəyyən edilmiş qayda üzrə seçilir. Bu məbləğin üzərinə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalar əsasında müəyyən edilmiş əlavələr edilməklə dərman preparatının qiyməti formalaşdırılır. Hər bir dərman preparatının üzərində Tarif Şurasının müəyyən etdiyi qaydalara müvafiq olaraq əhaliyə satış qiymətinin qeyd olunması nəzərdə tutulub.
- Dərmanlar nə vaxtdan yeni qiymətlərlə satılacaq?
- Yeni satış qiymətləri sentyabr ayının 15-dən qüvvəyə minəcək. Çünki hazırlıq işləri, o cümlədən əczaçılıq subyektləri tərəfindən dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılması və digər işlər müəyyən zaman tələb edir.
Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaq. Ümumilikdə isə, tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti düşəcək. Beləliklə, Azərbaycanda aptek şəbəkəsinin fəaliyyəti artıq tamamilə yeni müstəviyə keçir ki, bu da əczaçılıq müəssisələrinin dərmanların qiyməti ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparmalarına şərait yaradacaq.
Eyni zamanda, Tarif Şurasının qərarı ilə dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən bu preparatların alınmasına çəkilən xərclərin optimallaşdırılmasına, əldə edilən qənaət hesabına güzəştli kateqoriyadan olan və stasionarda müalicə alan əhaliyə pulsuz verilən dərmanların çeşidinin artırılmasına şərait yaradacaq. Bu isə, öz növbəsində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına, həmçinin tibb müəssisələrinin aparıcı farmakoloji şirkətlərin istehsal etdiyi daha müasir dərman vasitələri ilə təchiz olunmasına müsbət təsir edəcək.
- Tarif Şurasının qərarı hansı xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuş dərmanları əhatə edir?
- İlkin mərhələdə bu siyahıya əhali arasında ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün dərman preparatları daxil edilib. İlin sonuna qədər Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq.
- Səhiyyə Nazirliyi dərman vasitələri üzərində nəzarəti gücləndirmək məqsədilə hansı addımları atıb?
- Səhiyyə Nazirliyində olduqca geniş məsələlər spektrini əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib. Bu sənəddə Tarif Şurası ilə sıx əməkdaşlığın davam etdirilməsi, apteklərə daxil olan həkim reseptlərinə nəzarət, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi, ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısına yenidən baxılması və çeşidinin genişləndirilməsi, bu barədə təkliflərin qısa zaman ərzində hazırlanması kimi məsələlər daxildir.
Bundan əlavə, mərkəzləşdirilmiş apteklərin fəaliyyətinin və idarəolunmasının gücləndirilməsi üçün müvafiq tibb müəssisələrinin apteklərinin ştat cədvəllərinə yenidən baxılması və zəruri vəzifələrin daxil edilməsi nəzərdə tutulur.
Eyni zamanda, Tədbirlər Planında dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün Elektron Səhiyyə, “Qaynar xətt” və digər vasitələrlə gələn müraciətlərin dərhal təhlil olunaraq müvafiq tədbirlər görülməsi və sair də nəzərdə tutulub. Səhiyyə Nazirliyi bu və digər istiqamətlərdə zəruri tədbirlərin icrasını davam etdirəcək. Nazirliyin qarşısında qoyulmuş hədəflərə çatmaq üçün bizim ixtisaslı kadrlarımız və müasir texniki potensialımız var.
Tibb ictimaiyyəti ölkə başçısının səhiyyə qarşısında qoyduğu tapşırıqları və həyata keçirilən işləri böyük ruh yüksəkliyi ilə qəbul edərək, bu təşəbbüsü hər bir ailə və vətəndaş üçün olduqca vacib bir addım kimi qiymətləndirir.