Dərman bazarı diqqət mərkəzində

Dərman bazarı diqqət mərkəzində

Prezident İlham Əliyevin dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə bağlı görülən işlərin davamı olaraq, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti arasında razılaşma imzalanıb. Belə ki, bu qurumlar dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə və bu qiymətlərin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət həyata keçirəcəklər.
Yeni nəzarət sisteminin təşkili dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsinə imkan yaradacaq.
Eyni zamanda, Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"na uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "Dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsulları" təsdiq edilib.
Bu üsullara əsasən, qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş dərman vasitələrinin pərakəndə satış qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, seçimdən asılı olaraq, qiymətlər ya sənaye printeri vasitəsilə çap olunmaqla, ya qiymət kağızı yapışdırmaqla, yaxud da ştamp vasitəsilə vurmaqla göstərilməlidir.
Dərman vasitəsinin pərakəndə satış qiyməti onun üzərinə topdansatış əczaçılıq müəssisəsinə mədaxil edilməzdən əvvəl, istehsalçı və ya onun səlahiyyətli nümayəndəsi, dərman vasitəsinin qiymətində dəyişiklik baş verdikdə isə onun mülkiyyətçisi tərəfindən vurulmalıdır. Aptek təşkilatı topdansatış əczaçılıq müəssisəsindən daxil olmuş dərman vasitəsinin üzərindəki qiymətin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətə uyğunluğunu yoxlamalıdır.
Bu üsullardan istifadə edilməklə dərman vasitəsinin üzərində qiymət göstərilən zaman qiymətin aydın oxunması təmin edilməli, dərman vasitəsinin istehsal və son istifadə tarixlərinin üzərinin örtülməsinə, eləcə də istehlakçı tərəfindən dərman vasitəsi barədə məlumatların oxunmasının vizual məhdudlaşdırılmasına yol verilməməlidir.
"Dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsulları" ilə İqtisadiyyat və Sənaye Nazirliyinin (www.economy.gov.az), İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (www.consumer.gov.az) və Tarif (qiymət) Şurasının (www.tariff.gov.az) internet səhifələrində, eləcə də Səhiyyə Nazirliyinin dərman vasitələri haqqında elektron məlumatlar bazasında (www.pharma.az) tanış olmaq olar.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova