Səhiyyə Nazirliyi qanunsuz apteklər və keyfiyyətsiz dərmanlarla mübarizəni gücləndirib

Səhiyyə Nazirliyi qanunsuz apteklər və keyfiyyətsiz dərmanlarla mübarizəni gücləndirib

Səhiyyə naziri Oqtay Şirəliyev Analitik Ekspertiza Mərkəzində dərman vasitələrinin keyfiyyətinə nəzarətin daha da gücləndirilməsi və bu sahədə ortaya çıxan digər problemlərin araşdırılması və aradan qaldırılması məqsədilə iclas keçirdi.
Tədbiri açan səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə fəaliyyət göstərən apteklər şəbəkəsinin işi, dərman vasitələrinin keyfiyyətinə nəzarət ilə əlaqədar təxminən 10 il əvvələ qədər ciddi problemlərin olduğunu xatırlatdı: «Həmin dövrdə Azərbaycana əksəriyyəti keyfiyyətsiz olan 30-40 min adda dərman preparatları gətirilirdi. Həmin preparatlar qeydiyyata alınmadan, tərkibi yoxlanılmadan əhaliyə satılırdı. Əslində, həmin dövrdə ölkəmizdə dərman preparatlarının keyfiyyətini müəyyən edən laboratoriya da yox idi. Bu gün isə ölkəmizdə dərman vasitələrinin inkişaf etmiş dövlətlər səviyyəsində ekspertizasını həyata keçirən laboratoriya fəaliyyət göstərir. Azərbaycana gətirilən dərman preparatları qeydiyyata alınır, laborator analizi həyata keçirilir».
O.Şirəliyev bu sahədə sadalanan uğurlarla yanaşı problemlərin də olduğunu diqqətə çatdırdı: «Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin dərman preparatlarının keyfiyyəti və qiymətlərinin tənzimlənməsi sahəsində boşluqların olması ilə bağlı xəbərdarlığı onu göstərdi ki, bu istiqamətdə işlər tələb olunan səviyyədə həyata keçirilmir. Apteklərin fəaliyyətinə, ölkəmizə gətirilən və əhaliyə satılan dərman preparatlarının keyfiyyətinə nəzarət sahəsində müəyyən çatışmazlıqlar var».
Nazir bundan sonra dərman vasitələrinin keyfiyyətinə nəzarətin daha da gücləndiriləcəyini qeyd etdi: «İnsanları aldatmaq olmaz. Apteklərdə əhaliyə keyfiyyətsiz dərmanlar satılmamalıdır. Təəssüf ki, bəzi insanlar xarici ölkələrə gedərkən özlərinə və ya yaxınlarına lazım olan dərman preparatlarını oradan alıb gətirirlər. Ona görə yox ki, həmin ölkələrdə dərmanlar daha ucuzdur. Çünki insanlar Avropa ölkələrindən aldıqları dərmanların təsirinin Azərbaycanda satılanlardan daha effektli olduğuna və onların keyfiyyətinə inanırlar. Bu sahədə işimizi daha da möhkəmləndirməliyik ki, belə hallarla qarşılaşmayaq».
O.Şirəliyev bu sahədə problemlərin aradan qaldırılması üçün işin iki istiqamətdə qurulmasının zəruriliyini qeyd etdi: «İlk istiqamət ölkəyə gətirilən bütün dərman preparatlarının laborator tədqiqatının yüksək səviyyədə həyata keçirilməsidir. Ekspertiza Mərkəzində dərmanların kimyəvi tərkibi yoxlanılır. Ancaq onların bioekvivalent gücünü, təsirini öyrənmək çox mürəkkəb məsələdir. Həmin tədqiqatın aparılması üçün böyük vəsait lazımdır, ancaq bu məsələnin də həlli yolunu tapacağıq.
İkinci istiqamət isə dərmanların keyfiyyətinə yerlərdə nəzarətin gücləndirilməsidir. Biz çalışacağıq ki, Analitik Ekspertiza Mərkəzinin işçilərinə ölkəmizdə fəaliyyət göstərən 700-ə qədər aptekin hər birində dərmanların keyfiyyətini araşdırmaları üçün imkan yaradılsın. Keyfiyyətsiz dərmanların ölkəmizə necə və hansı mənbədən gəldiyi müəyyənləşdirilməli, belə halların qarşısı alınmalıdır. Azərbaycanda da Avropa ölkələrində olduğu kimi ən keyfiyyətli dərmanlar satılmalıdır. Bunun üçün hər cür imkanlarımız da var».
Səhiyyə naziri dərman preparatlarının qiymətinə nəzarətlə bağlı məsələyə gəlincə isə bu sahədə problemlərin qısa müddətdə həll ediləcəyini bildirdi. Dərman preparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənəcəyini, bu istiqamət üzrə vahid qiymət siyasətinin həyata keçiriləcəyini diqqətə çatdırdı. Qeyd etdi ki, Səhiyyə Nazirliyinin dərmanlara qiymət qoymaq və ya onu dəyişmək hüququ olmasa da, problemlərin aradan qaldırılması üçün bu istiqamətdə də üzərimizə düşən işi görməyə hazırıq.
Sonra çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev nazirin tövsiyələrinin qısa müddətdə öz müsbət nəticəsini verəcəyini dedi. E.Ağayev əczaçılıq sahəsində ölkə rəhbərinin qeyd etdiyi problemlərin qarşısını almaq üçün lazımi addımların atılacağını vurğuladı: «Qısa müddətdə qeyd olunan boşluqları doldurmaq üçün əlimizdən gələni edəcəyik ki, növbəti dəfə bu sahə ilə bağlı ancaq xoş söz, xoş səda eşidək».

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova