Azərbaycan əczaçıları Türkiyədə əczaçılıq siyasətinin inkişaf tendensiyaları ilə tanış olublar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə İstanbulda ÜST-nin Dərmanların Qiymətləndirilməsi və Ödəniş Platformasının Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin 5-ci Toplantısı keçirilib. Ölkəmizi həmin tədbirdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Pərviz Əzizbəyov və Fərid Həsənov təmsil ediblər.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycan nümayəndələri Özbəkistan, Tacikistan və Qırğızıstandan olan əczaçılarla birlikdə Ankara şəhərində Türkiyə Cümhuriyyətinin əczaçılıq sahəsində tənzimləyici təsisatı olan Türkiyə İlac və Tibbi Cihaz Qurumunda olublar. Burada onları dünyada ilk və yeganə Əczaçılıq İzləmə Sistemi və Məhsul İzləmə Sistemi ilə yaxından tanış ediblər. Tədbir iştirakçılarına qurumun yaranma tarixi, təşkilati strukturu və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verilib.
İstanbulda toplantıda iştirak edən nümayəndələrimiz Dərmanların Qiymətləndirilməsi və Ödəniş Platformasının Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin 5 il ərzində gördüyü işlərin əsas istiqamətlərini, gələcək planlarını əks etdirən təqdimatla tanış olub, dərman vasitələrinin qiymətləndirilməsi ilə əlaqədar sessiyalarda iştirak ediblər. Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində əczaçılıq siyasətinin inkişaf tendensiyaları və yenilikləri, eləcə də bu sahədə üzv ölkələrin əməkdaşlığı sahəsində perspektivlərin müzakirəsi faydalı olub.