Dərman və vaksinlərin əlavə təsirləri aşkarlanıbsa, nə etməli?
Bu il yanvar ayının 1-dən avqustun 31-nə qədər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) Farmakonəzarət şöbəsinə dərman vasitələri və vaksinlərin əlavə təsirləri haqqında 115 bildiriş daxil olub. AEM-in mətbuat xidmətindən bildirilib ki, göndərilən bildirişlərin 46-sı tibb işçiləri, 68-i əczaçılıq şirkətləri və cəmi biri pasiyentlərin payına düşür.
Xatırladaq ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında bildirişlərin (məlumatların) onlayn şəkildə ötürülməsi üçün görülən işlər hələ ötən ilin sonunda başa çatdırılıb. Onlayn portal vasitəsilə pasiyentlər, pasiyent yaxınları və tibb işçiləri dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər barədə məlumatları daha rahat şəkildə ötürə bilirlər.
Sistem işə başlayan zaman bildirilib ki, AEM Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Dərman Monitorinqi Proqramı ilə əməkdaşlığını davam etdirir. Bu əməkdaşlıq çərçivəsində Mərkəz dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirlərin və fayda-risk nisbətlərinin sistemli bir şəkildə izlənməsi, bunun üçün məlumatın toplanması, qeydiyyata alınması və qiymətləndirilməsi istiqamətində fəaliyyət göstərir. Sistemin əsası ÜST-nin Beynəlxalq Dərman Monitorinqi Mərkəzi tərəfindən hazırlanıb və burada təqdim edilən məlumatlar ÜST-nin əlavə təsirlər haqqında qlobal informasiya bazasına ötürüləcək. Əlavə təsirləri müəyyən etmək və dərman vasitəsinin istifadəsini mümkün olduğu qədər təhlükəsiz etmək məqsədilə prosesə AEM tərəfindən nəzarət ediləcək.
Vətəndaşlar onlayn bildirişlərin ötürülməsi üçün https://primaryreporting.who-umc.org/az linkindən istifadə edərək və ya QR kodu telefon vasitəsilə oxudaraq keçid əldə edə bilərlər.
AEM-in mətbuat xidmətindən bildirilib ki, sistemin bir ilə yaxındır ki, işləməsinə baxmayaraq, daxil olan müraciətlərin sayının çox olmamasını nəzərə alaraq, vətəndaşların, xüsusən də pasiyentlərin bu sahədə aktivliyini artırmaq üçün saytda onlayn portaldan istifadəni daha da asanlaşdırmaq məqsədilə təlimat videoçarxı da yerləşdirilib.