Dərmanlardan şikayət varsa...
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dərmanların keyfiyyəti ilə bağlı yarana bilən narazılıq və şübhələrlə əlaqədar məlumat yayıb.
Qurumdan bildirilir ki, AEM-də əhalinin müraciət və şikayətlərinə diqqətlə baxılır və hər bir hal dəqiq araşdırılır. Əgər vətəndaşda aldığı dərman preparatına dair hər hansı bir şübhə yaranarsa, bununla bağlı Mərkəzin (012)596-07-12 nömrəli “Qaynar xətt”inə müraciət edə bilər. Həmçinin vətəndaşlar AEM-in “Bir pəncərə” xidmətinə də yaxınlaşaraq, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi ilə əlaqədar hər hansı şikayət və müraciəti etmək imkanına malikdirlər. Müraciət edən vətəndaşların rahatlığını təmin etmək məqsədilə Mərkəzdə əlavə “Qaynar xətt” nömrələri (012)594-57-27 və (012)594-57-37 bərpa edilib. Bundan əlavə, onlar Mərkəzin rəsmi elektron [email protected] ünvanına şikayət və müraciətlərini göndərə bilərlər. “Qaynar xətt” nömrələri həftənin iş günləri saat 9:00-dan 18:00-a kimi fəaliyyət göstərir. Bu nömrələrə, eləcə də AEM-in rəsmi sosial şəbəkə hesablarına dərman vasitələrinin sertifikatı, satışına qoyulmuş qadağalar, dövlət qeydiyyatında olan dərman vasitələri, alternativ dərman preparatları və s. bu kimi məlumatlarla bağlı vətəndaşlardan daxil olan müraciətlərə peşəkar mütəxəssislər tərəfindən qısa müddət ərzində baxılır və ətraflı məlumatlar verilir, dərman vasitələrinin keyfiyyəti ilə bağlı müraciətlər araşdırılır və lazımi tədbirlər görülür.
AEM dərmanların keyfiyyətinə ictimai nəzarət məsələsində əhalini daha fəal olmağa çağırır.