Əczaxana, yoxsa “narkoxana”?!

Əczaxana, yoxsa “narkoxana”?!

Səhiyyə Nazirliyi narkomaniya ocağı olan “Murad” apteki bağladı

Hələ ötən ilin sonlarından etibarən sosial şəbəkələrdə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944 “A” ünvanında fəaliyyət göstərən, “Murad Farm” MMC-yə məxsus “Murad” apteki haqqında müxtəlif xoşagəlməz söz-söhbətlər gəzirdi. Qeyd edilirdi ki, psixotrop təsirə malik olan və mütləq reseptlə buraxılması nəzərdə tutulan preparatlar həmin əczaxanada adi qaydada – “kimə gəldi” satılır.
Bu barədə “Tibb qəzeti”nə də həmin ərazidə yaşayan sakinlər tərəfindən məlumat daxil olmuşdu. Onlar şikayət edirdilər ki, aptekin ətrafında daim narkotik istifadəçiləri toplaşır, oradan narkotik və psixotrop tərkibli preparatlar alır və elə yerindəcə istifadə edirlər. Ən acınacaqlısı isə o idi ki, həmin əczaxanada bu dərmanları hətta həddi-büluğa çatmamış məktəblilərə də maneəsiz olaraq satır, beləliklə, onları narkomaniyaya cəlb edirdilər.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri “Murad” aptekə baxış keçiriblər və deyilənlər öz təsdiqini tapıb. Bununla bağlı Mərkəzin Dərmanların keyfiyyətinə nəzarət şöbəsinin müdiri Pərviz Əzizbəyova müraciət elədik. Yoxlamanın həmin aptek barədə daxil olan çoxsaylı şikayətlərə əsasən aparıldığını deyən müsahibimiz bildirdi ki, reyd zamanı orada bir sıra ciddi nöqsanlar aşkarlanıb: “Məlum oldu ki, yalnız reseptlə satışına icazə verilən “tramadol” tərkibli preparatlar burada reseptsiz satılır. “Tramadol” güclü psixotrop təsirə malik olduğundan, yalnız həkim göstərişi əsasında və yalnız reseptlə satıla bilər. Bu preparatlardan ancaq kəskin və xroniki ağrısı olan ağır xəstəliklər zamanı istifadə edilir. Qeyd edim ki, həmin dərmanların əlavə təsirlərindən biri də davamlı qəbul olunduqda asılılıq yaratmasıdır. Üstəlik, “tramadol” tərkibli preparatların istifadəsində yaş məhdudiyyəti var – onları yalnız 14 yaşından yuxarı xəstələrə təyin edirlər. Belə preparatların resept tələb olunmadan, hər istəyən adama satılması ciddi qanun pozuntusudur”.
Şöbə müdiri məlumat verdi ki, “Murad” aptekdə dərmanlara baxış zamanı həmçinin 46 qutu haqqında analiz protokolu olmayan (sertifikatsız) preparat aşkarlanaraq müsadirə edilib: “Bir sözlə, həmin apteklə bağlı daxil olmuş şikayətlər reyd zamanı öz təsdiqini tapdı. Yoxlamaların nəticələri ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik. Yanvarın 21-də nazirlik aptekin lisenziyasının ləğv edilməsinə qərar verdi və onun fəaliyyəti dayandırıldı”.
Pərviz Əzizbəyov sonda onu da bildirdi ki, “Murad Farm” MMC-yə məxsus iki aptek olub: “Digər aptekdə də yoxlama aparılıb, lakin orada nöqsanlar aşkarlanmayıb. Bununla belə, həmin aptek də hazırda nəzarətdə saxlanılır”.
Q.NURİYEV





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova