“Hartil®-D” preparatının bir seriyası qadağan edildi
“EGIS əczaçılıq zavodu” Qapalı Səhmdar Cəmiyyəti ona məxsus olan “Hartil®-D” ticari adlı dərman vasitəsinin 0010319 nömrəli seriyasını geri çağırıb. Ramipril / hydrochlorothiazide – 2,5 mq/12,5 mq tərkibli (tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada) bu preparatın son istifadə tarixi gələn ilin martınadək olan həmin seriyasının stabilliyi tədqiq edilərkən sınaqların nəticəsində spesifikasiya tələblərindən kənara çıxma aşkar edildiyinə görə, dərman vasitəsinin geri çağırılması barədə qərar qəbul edilib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, bu barədə topdansatış əczaçılıq müəssisələri və “EGIS əczaçılıq zavodu ” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi məlumatlandırılıb.
Bildirilir ki, həmin seriya tabletlərin ölkəmizə idxalı, topdan və pərakəndə satışı qadağan edilib.