Azərbaycana yararsız dərmanlar hansı ölkələrdən gətirilir?
Səhiyyə Nazirliyinin Analitik Ekspertizası Mərkəzinin (AE) Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov mətbuata açıqlamasında deyib ki, ölkəyə yararsız dərmanlar müxtəlif ölkələrdən - Türkiyə, Rusiya, Polşa və Rumıniyadan gətirilir. Onun sözlərinə görə, Azərbaycanda həmin dərmanlar dövlət qeydiyyatına alınmır. Müxtəlif dərman preparatlarının Azərbaycana idxal olunması üçün ilk olaraq yoxlanıldığını, qeydiyyat prosesinin aparıldığını deyən P.Əzizbəyov qeyd edib ki, bundan sonra onların hansı qutu formasında, yazıda, dildə idxal olunması təsdiqlənir: “Bir də görürsən ki, hansısa ölkənin daxili bazarı üçün istehsal olunmuş dərman qanunsuz olaraq Azərbaycana gətirilir və bu da dövlət qeydiyyatından keçirilmir. Belə dərmanlar Türkiyə, Rusiya, Avropa ölkələrindən - Polşa, Ruminiyadan gətirilir. Bunlar digər ölkələrin bazarı üçün istehsal olunur və Azərbaycan bazarı üçün qeydiyyatdan keçmədiyi halda satışa çıxarılır. Belə hallar aşkar olunduğu halda, onlar satışdan çıxarılır”. Nazirlik rəsmisi qeyd edib ki, dövlət qeydiyyatından keçməyən və analiz protokolu olmayan dərmanlar yararsız dərmanlar hesab olunur. Hindistandan gətirilən dərmanlarla bağlı vəziyyətə də aydınlıq gətirən P.Əzizbəyovun sözlərinə görə, bu gün Hindistan dərmanları bazarda olan preparatların təxminən 4%-ni əhatə edir: “Bu preparatlar da ÜST-nin standartları əsasında zavodlarda istehsal olunan dərmanlardır. Bir neçə il öncə Hindistan dərmanları bazarda çoxluq təşkil edirdi. Amma görülən işlər nəticəsində yalnız dövlət qeydiyyatında olan dərmanların ölkəyə idxalına icazə verilib”.