Valyuta.com

Poliklinikaların COVID-19-la mübarizədə görəcəyi işlər açıqlanıb

Poliklinikaların COVID-19-la mübarizədə görəcəyi işlər açıqlanıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün poliklinikalara yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən İşçi qrupu yaradılıb.
Bu yardımın nədən ibarət olması haqqında İşçi qrupun üzvü Nabil Seyidov açıqlama verib.
Onun sözlərinə görə, yardım poliklinikaların idarə etməsi üçün Səhiyyə Nazirliyinin verdiyi metodiki tövsiyələr və təşkilati məsələlərin həll edilməsindən ibarətdir. Məqsəd evdə müalicə alan xəstələrə göstərilən tibbi xidməti təkmilləşdirmək, eyni zamanda, əhalidən müraciətlərin artması nəticəsində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin (TTTYX) artmış yüklülüyünü azaltmaqdır.
Nabil Seyidov bildirib ki, bu məqsədlə Bakı şəhəri üzrə bütün rayonlarda simptomsuz və yüngül simptomlu yoluxmuş şəxslərin aşkarlanması, müayinəsi, laborator testlərindən keçirilməsi və davamlı müşahidəsi üçün müvafiq ilkin səhiyyə müəssisələri artıq müəyyənləşdirilib: “Səhiyyə Nazirliyi tərəfindən simptomsuz və yüngül simptomlu şəxslərin müayinə və müalicəsinə dair xüsusi metodik tövsiyələr hazırlanıb, poliklinikalara əlavə təlimatlar təqdim edilib. Nazirliyin tövsiyələrinə uyğun olaraq, vətəndaşlar COVID-19-la bağlı yaşadıqları ünvana müvafiq poliklinikalarla əlaqə saxlayacaqlar. Poliklinikanın mütəxəssisləri tərəfindən vətəndaşın vəziyyəti ilkin olaraq qiymətləndiriləcək və COVID-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma riskini artıran digər amillər (məsələn, təmas) dəyərləndiriləcək. Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə gedəcək və testlər üçün nümunələr məhz orada götürüləcək.
Ümumiyyətlə, Bakı şəhəri üzrə bütün poliklinikalara verilmiş tövsiyə və təlimatlara əsasən, simptomsuz pasiyentlərin evdə müşahidəsi, yüngül gedişatlı xəstələrin müalicəsi təmin ediləcək. Pasiyentlərin səhhətlərində baş verən hər hansı pisləşmə və ya mənfi dinamika müəyyən edilən kimi onların vəziyyəti poliklinika həkimi tərəfindən təkrar qiymətləndiriləcək. Obyektiv pisləşmə olduqda həmin an hospitalizasiya ediləcək.
Poliklinikalar COVID-19-un müalicəsi ilə yanaşı, öz adi fəaliyyətlərini də davam etdirir. Yəni dispanser qeydiyyatı olan digər xəstəliklərlə pasiyentlər poliklinikalarla telefonla təmas qura, həkimləri ilə əlaqə saxlaya və tələb olunduqda poliklinikaya gəlib, müayinədən keçə bilərlər.
Bütün bu tövsiyələrin yerinə yetirilməsi nəticəsində ilkin səhiyyə xidməti olan poliklinikalar COVID-19 xəstələrinə daha yaxşı tibbi yardım göstərməyə cəlb edilmiş olacaq, TTTYX-nin yüklənməsi azalacaq və vətəndaşlarımıza COVID-19 pandemiyası dönəmində tələb olunan tibbi xidmətin göstərilməsi davam etdiriləcək”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, COVID-19-la mübarizə zamanı yaranan problemlərin aradan qaldırılması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təcili tibbi yardım və ambulator yardım xidmətinin pandemiya dövründə iş bölgüsü əsasında müvəqqəti olaraq Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi ilə bağlı qərarı bu xidmətlərin bir qurumdan alınıb digərinə verilməsi kimi təqdim olunmamalıdır. Həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), həm də Səhiyyə Nazirliyi dövlət qurumlarıdır. Təcili tibbi yardım və ambulator yardım xidmətləri də dövlət səhiyyəsinin tərkib hissələridir. Bu qərar Azərbaycanda fəaliyyət göstərən səhiyyə qurumlarının COVID-19-a qarşı birgə mübarizə aparması, onun yayılmasının qarşısını birlikdə almağa çalışması deməkdir.шаблоны для dle 11.2





İyun

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova