“Loqos” Gəncə filialını açdı

Aprelin 11-də “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə filialı fəaliyyətə başlayıb. Bu haqda bizə Mərkəzin rəhbəri Təranə Məmmədova məlumat verdi.
Müsahibimiz qeyd etdi ki, peşəkar psixoloji yardım göstərən “Loqos”un yeni filialının paytaxtda deyil, ölkəmizin qərb bölgəsində açılması heç də təsadüfi deyil: “XXI yüzillik psixologiya əsridir və insanların psixoloji sağlamlığı bu gün ən önəmli məsələlərdəndir. Bunu nəzərə alaraq, işimizi Azərbaycan dövlətinin psixologiya sahəsinin inkişafına yönəldilmiş proqramlarına, ölkə rəhbərinin əhalinin fiziki, mənəvi-psixoloji sağlamlığına dair qərar və göstərişlərinə əsasən qurmağa çalışırıq. Belə ki, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Bakı şəhərindəki iki filialı əhaliyə ən yüksək səviyyədə xidmət göstərmək, psixoloji maarifləndirmənin əhatə dairəsini genişləndirmək üçün mövcud imkanlarından maksimum istifadə edir. Amma nəzərə almaq lazımdır ki, bu gün bölgələrdə də psixoloji maarifləndirməyə və professional psixoloji xidmətə böyük ehtiyac var. Təbii ki, psixoloji müayinə və dəstəyə ehtiyacı olan hər kəsin paytaxta gəlmək, buradakı mərkəzlərdə göstərilən xidmətdən yararlanmaq imkanı yoxdur. Bunu düşünərək, “Loqos”un yeni filialını Gəncədə açmaq qərarına gəldik və ideyamızı reallığa çevirdik”.
T.Məmmədova “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin ilk regional filialının məhz bu şəhərdə açılmasının səbəblərindən də danışdı: “Bu, təbii ki, heç də təsadüfi deyil. İlk növbədə qeyd edim ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə əhalisinin sayına görə ölkənin ən böyük şəhərlərindəndir. Daha önəmli faktor isə odur ki, biz torpaqlarının iyirmi faizindən çoxu düşmən tapdağında olan, bir milyondan çox qaçqını-köçkünü psixoloji gərginlik yaşayan ölkənin vətəndaşlarıyıq. Gəncənin düşmənlə təmas xəttinə yaxın bölgədə yerləşməsi, son dövrlər sərhəd rayonlarda baş verənlər yeni filialın məhz burada açılmasına təkan verdi. Doğrudur, əhali arasında milli-mənəvi dəyərlər qorunur, vətənpərvərlik ruhu günbəgün yüksəlir, ordumuz uğurlu döyüş əməliyyatları həyata keçirir. Amma bütün hallarda cəmiyyətdə psixoloji gərginliyin aradan qaldırılmasına da tələbat yaranır və biz bu tələbata cavab vermək üçün artıq Gəncədəyik”.
Mərkəz rəhbəri bildirdi ki, “Loqos”un Gəncə filialı şəhərin mərkəzində, yenicə təmir olunmuş, hər şəraiti olan binada yerləşir. Onun sözlərinə görə, müəyyən çətinliklərin olmasına baxmayaraq, onların öhdəsindən gəlinir, əhaliyə yüksək səviyyədə, ən önəmlisi, peşəkar xidmət göstərilir: “Gəncədə bacarıqlı, öz işinin ustası olan təcrübəli psixoloqlar çoxdur. Biz bu sahədə gənc kadrların yetişdirilməsi üçün həm Gəncədə, həm də paytaxtda kurslar da təşkil edirik. Artıq iki aya yaxındır ki, yeni filialda peşəkar psixoloqlarla birgə çalışacaq gənc kadrlar “Loqos”un Yasamal filialında ixtisasartırma kurslarında təcrübəli mütəxəssislərdən öyrənir, nəzəri biliklərini qrup məşğələlərində sınaqdan keçirirlər. Eyni zamanda, Mərkəzin peşəkar mütəxəssisləri Gəncə filialına ezam olunur, gənc kadrların peşəkarlıq səviyyəsini yüksəltmək üçün ustad dərsləri, treninqlər, fərdi konsultasiya və məşğələlər, seminarlar keçirlər”.
Təranə xanım artıq görülən işlər nəticəsində müəyyən uğurlar qazandıqlarını, qısa zamanda Mərkəzin Gəncə filialına xeyli pasiyentin müraciət etdiyini dedi. O ancaq Gəncə şəhərində deyil, ətraf bölgələrdə yaşayanların da “Loqos”un xidmətindən faydalandığını vurğuladı: “Təbii ki, insanların “Loqos”a, Gəncə filialında çalışan mütəxəssislərimizə etibar etməsi bizi çox sevindirir. Əməkdaşlarımız daha yüksək səviyyəli xidmət üçün bilik və bacarıqlarından maksimum istifadə edirlər”.
Ünvan: Gəncə şəhəri, Mirzə Abbaszadə küçəsi, 98 (Dram teatrının arxası).
Telefon: 0222570707; 070-226-46-48.
Xəbəri paylaş