Valyuta.com

Səhiyyə Nazirliyində ilin yekun kollegiya iclası keçirilib

Səhiyyə Nazirliyində ilin yekun kollegiya iclası keçirilib

Səhiyyə Nazirliyində keçirilmiş geniş tərkibli kollegiya iclasında 2019-cu il ərzində Nazirlik tərəfindən görülmüş işlər müzakirə olundu.
Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçən iclasda qısa giriş nitqi söyləyən nazir toplantıda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının qonaq qismində iştirak etdiklərini dedi.
Kollegiya iclasında ilk olaraq Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunları ilə bağlı hesabat məruzəsi ilə çıxış etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi sayəsində son illər ərzində səhiyyəmizin mütəmadi olaraq inkişaf etdiyini söyləyən şöbə müdiri vurğuladı ki, dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial yönümlü siyasətinin nəticəsi olaraq, Azərbaycanda yeni tibb ocaqları tikilir, tibb müəssisələrinin siması dəyişir, maddi-texniki bazası gücləndirilir, təminatı yaxşılaşdırılır: “Bu sahədə fəaliyyət – səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi bu il də davam etdirilib. 2019-cu ildə yeni tikilmiş Qobustan Rayon Mərkəzi Xəstəxanası əhalinin istifadəsinə verilib, Buzovnada yerləşən Tibbi Reabilitasiya Mərkəzində, Qazax, Şəmkir, Goranboy Rayon Mərkəzi Xəstəxanalarında təmir-tikinti işləri başa çatdırılıb, onlar tam təchiz olunub və açılışa hazırdır. Şəki, Gəncə Psixiatriya xəstəxanaları, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Professor Y.Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi yekunlaşıb və növbəti ildə açılışları gözlənilir.
Hazırda Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının, Qəbələ, Füzuli, Samux Rayon Mərkəzi Xəstəxanalarının, Bakı şəhər 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbə xəstəxanasının, Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasının tikintisi, Bakı şəhər 2 nömrəli Doğum Evinin, Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin və Uşaq Xəstəxanasının əsaslı təmiri davam etdirilir.
Böyük diaqnostik imkanlara və kadr potensialına malik olan belə tibb ocaqlarının yaradılması həm paytaxtda, həm də bütün regionlarda əhaliyə yüksək keyfiyyətli və hərtərəfli tibbi xidmət göstərməyə münbit şərait yaradıb”.
G.Poladov bildirdi ki, il ərzində 18 yaşdan yuxarı əhalinin 74%-i tibbi müayinələrdən keçirilib: “Müraciət edənlərin 279 min nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb. Onlardan 21 min nəfər hospitalizasiya olunub, 56 minə yaxın şəxs dispanser nəzarətinə alınıb, 1 milyon 800 mindən çox insan əlavə müayinələrə cəlb olunub, 99 mindən çox insan sağlamlaşdırılaraq dispanser qeydiyyatdan çıxarılıb.
Ümumilikdə 2019-cu il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan artıq müraciət olub, 712 min xəstə stasionar müalicəyə cəlb edilib. Cari ildə 8 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib.
2019-cu ildə uşaqların 91 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 4 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 0,9 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub”.
Hesabat məruzəsində qeyd edildi ki, əvvəllər Azərbaycanda müalicəsi mümkün olmayan bir sıra ağır xəstəliklər maddi-texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına bu gün artıq ölkəmizdə müalicə olunur: “Belə ki, 2019-cu ildə dövlət hesabına 915 nəfərə kardiocərrahiyyə əməliyyatı icra edilib ki, onlardan 263-ü uşaqlardır. İl ərzində 2075 xəstəyə angioqrafiya müayinəsi aparılıb və onlardan 680 nəfərə angioplastika əməliyyatı olunub. Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə son illərdə 110 uşağa uğurla koxlear implantasiya əməliyyatı edilib. On il öncə cəmi 7 nəfərə endoprotezləşmə əməliyyatı aparıldığı halda, cari ildə bu əməliyyatların sayı 119-a bərabər olub.
Son illər Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Ümumilikdə 89 sümük iliyi transplantasiyası aparılıb, onlardan 70 nəfər böyük beta-talassemiya, 13 nəfər kəskin leykoz, 6 nəfər aplastik anemiya xəstəsi olub.
Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 10 il öncə 19,5 ton qan tədarük edilmişdisə, 2019-cı il ərzində bu rəqəm 43 tondan artıq olub. Təkcə Aşura günü ərzində 5809 nəfər insandan qan götürülüb və 2614 litr qan tədarük edilib. Hazırda tibb müəssisələrinin və xəstələrin təhlükəsiz donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.
Artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısının alınması istiqamətində də konkret addımlar atılır. Belə ki, il ərzində ailə qurmağa hazırlaşan 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3393 talassemiya daşıyıcısı, 135 insanın immun çatışmazlığı virusuna, 297 sifilis xəstəliyinə yoluxmuş şəxs aşkar edilib. Müayinə olunanlardan 55 cütlükdə hər iki şəxsin talassemiyalı olduğu müəyyənləşib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb. Xəstəlik müəyyən edilən hallarda qadınlara hamiləliyin pozulması məsləhət görülüb.
Hazırda ölkəmizdə qeydiyyatda olan 1667 hemofiliyalı xəstəyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub.
Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə əsasən uşaqların və əmək qabiliyyətli yaşda insanların düçar olması, müayinə və müalicə xərclərinin çox baha olması bu insanlar üçün ağır yük idi. Hazırda 2700-dən çox belə xəstə dövlət hesabına dərman preparatları ilə təmin edilir. Əvvəllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşıb və bəzi hallarda sağalması mümkün olub”.
Əhaliyə göstərilən tibbi xidmətlərin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin həm haqqında danışılan, həm də digər sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolunu vurğulayan G.Poladov xatırlatdı ki, hazırda Azərbaycanda şəkərli diabet xəstəliyi üzrə üçüncü Dövlət Proqramı uğurla icra olunur: “Bu proqramların icra müddəti ərzində şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı təxminən 2,5 dəfə artıb. Belə ki, 10 il öncə şəkərli diabet xəstələrinin sayı 108 min olubsa, 2019-cu ildə ölkədə 267 273 şəkərli diabet xəstəsi qeydiyyata alınıb, onlardan 1 717 nəfəri 18 yaşadək olan uşaqlardır. 22 611 nəfər ilk dəfə qeydiyyata götürülənlərdir ki, onlardan 1 617 nəfəri insulindən asılı olanlardır. Bu xəstələrin şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan qaldırılıb. Qeydiyyatda olan xəstələr 2019-cu il ərzində 160 117 ədəd qlukometr aparatı, 581 680 qutu striplə təmin edilib. Bütün uşaqlar insulin analoqları şpris-qələmlərlə və özünənəzarət vasitələri ilə təmin olunurlar.
“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası mütəmadi olaraq gücləndirilir, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılır.
Son illər ölkə səhiyyəsi qarşısında duran ən çətin problemlərdən biri – xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi də artıq öz həllini tapıb. Hazırda Azərbaycanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəz 661 süni böyrək aparatı ilə təchiz olunub, 3900-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin edilir. On il öncə isə cəmi 12 mərkəzdə 198 süni böyrək aparatı ilə 1200 xəstəyə xidmət göstərilirdi.
Qeyd etmək lazımdır ki, indi Azərbaycanda böyrək köçürülmüş 1000-ə yaxın insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb. Cari ildə dövlət hesabına 34 nəfərə böyrək transplantasiyası əməliyyatı aparılıb.
“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” Azərbaycanda ilk dəfə 2012-ci ildə qəbul edilib, 2013-2017-ci illəri əhatə edərək uğurla başa çatıb. 2018-ci ilin fevral ayında ölkə başçısının Sərəncamı ilə 2018-2022-ci illər üçün “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” təsdiq edilib və hazırda icra olunur. Bu Dövlət Proqramı çərçivəsində 1135 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr maliyyə baxımından çox baha başa gələn yüksəkeffektli dərman preparatları ilə dövlət hesabına təmin olunurlar. Görülən tədbirlər bu xəstəlikdən əlilliyin və ölüm hallarının azalmasına şərait yaradıb.
Qonşu dövlətlərdə baş verən epidemioloji gərginliyə baxmayaraq, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan kompleks profilaktik tədbirlər ölkəmizdə əldə olunan epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verir.
Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da uşaqların 11 xəstəliyə qarşı immunlaşdırma tədbirləri ilə müdafiəsi təmin edilir. Ölkə üzrə peyvənd planı yenidoğulmuşların hepatit B vaksini ilə 98,8%, poliomielit əleyhinə vaksinlə 95,4%, vərəm əleyhinə vaksinlə 95,4%, pnevmokok əleyhinə vaksinlə 94,2%, qızılca-parotit-məxmərək əleyhinə vaksinlə 97,0% və göyöskürək-difteriya-tetanus əleyhinə vaksinlə 94,3% yerinə yetirilib. Bunun nəticəsində xüsusi profilaktika vasitələri ilə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib.
Poliomielit, difteriya, göyöskürək, epidemik parotit xəstəlikləri ölkədə artıq müşahidə edilmir, tetanus və məxmərək xəstəlikləri tək-tək hallarda baş verir.
Ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktika tədbirləri nəticəsində artıq 6 ildir ki, malyariyanın yerli yoluxması baş vermir. Bu nailiyyət Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən yüksək qiymətləndirilib və hazırda malyariyanın eliminasiyasının sertifikatlaşdırılması prosesinə başlanılıb.
Vərəmin diaqnostikasının yaxşılaşdırılması, dərmanlara davamlı xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində bu sahədə də epidemioloji vəziyyətin stabilləşməsinə nail olunub. Belə ki, son 10 il ərzində qeydiyyatda olan vərəmli xəstələrin sayı hər 100 min nəfərə 121,4-dən 88,1-ə qədər azalıb, bu xəstəlikdən ölüm halları 8,4-dən 4,5-ə enib.
Aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan hazırda insanın immun çatışmazlığı vurusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır.
Son 5 il ərzində Səhiyyə Nazirliyinin nəzdində viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiya fəaliyyət göstərir. Bu müddətdə komissiyaya 10 803 nəfər müraciət edib, onlardan 7315-nə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilib. 2019-cu ildə nazirlik tərəfindən birbaşa virus əleyhinə təsir göstərən yeni nəsil dərman preparatları alınıb”.
Şöbə müdiri Azərbaycanda tibbi kadr hazırlığı sahəsində atılmış ciddi addımlardan da danışdı. Qeyd etdi ki, 2018-2019-cu tədris ilində rezidenturanı 30 ixtisas üzrə 302 həkim-mütəxəssis bitirib ki, onlardan 266 nəfər iş yerlərinə göndərilib: “2019-cu ildə həkimlərin mərkəzləşdirilmiş işə qəbulu nəticəsində 337 həkim işlə təmin edilib. Onlardan 176 nəfər bölgələrin şəhər, rayon və kəndlərinin səhiyyə müəssisələrinə vakant həkim vəzifələrinə işə qəbul olunub.
Cari tədris ilində 16 560 həkim və 8 964 orta tibb işçisi təkmilləşdirmə kurslarından keçib, 4 654 həkim və 7 697 orta tibb işçisi sertifikat alıb, eyni zamanda, 24 ixtisas üzrə 247 müdavim peşə hazırlığı kurslarında iştirak edib.
2019-cu ildə davamlı tibb təhsili üzrə akkreditasiya edilən tədbirlərin sayı 260-dək artıb.
İlkin səhiyyə sistemi səviyyəsində həkim və orta tibb işçilərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “İlkin səhiyyə xidmətinin göstərilməsi Qaydaları” hazırlanıb. Bu qaydalarda ailə həkimi ixtisası üzrə kadr hazırlığına xüsusi diqqət yetirilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli 50 nömrəli Qərarı ilə “Rezidenturada təhsilin məzmunu və təşkili Qaydaları”nın Əlavəsində bəzi ixtisaslarla yanaşı, “Ailə təbabəti” ixtisası da daxil edilib. Eləcə də, Azərbaycan Tibb Universiteti nəzdində yaradılmış səhiyyə menecmenti üzrə magistraturaya tələbə qəbulu üçün normativ sənədlər, o cümlədən tədris planı tərtib edilib”.
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrini rəhbər tutaraq səhiyyə naziri və nazir müavinləri tərəfindən bu il ölkənin 18 regionunda vətəndaşların qəbulunun təşkil olunduğunu söyləyən natiq qeyd etdi ki, hər bir vətəndaşın müraciəti dinlənilib və bir sıra hallarda yerindəcə həll edilib: “Hazırda “Vahid Səhiyyə İnformasiya Sistemi”nin tərkibində 20-dən çox elektron informasiya sistemi və alt sistemləri fəaliyyət göstərir. Cari ildə ölüm hallarının elektron qeydiyyatına başlanılıb, “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin, “Ambulator tibbi kitabçadan və xəstəlik tarixindən çıxarış”ların vahid elektron reyestrlərinin yaradılması üçün müvafiq işlərə start verilib.
Əlamətdardır ki, indiyədək Səhiyyə Nazirliyi tərəfindən informasiya sistemlərinin tətbiqi sahəsində 40 elektron xidmət istifadəyə verilib. Mühüm məqamlardan biri də odur ki, bu vahid sistemin digər qurumların informasiya sistemlərinə və “Elektron Hökumət” portalına inteqrasiyası da təmin edilib”.
Dövlət başçısının müvafiq Fərmanlarına uyğun olaraq, Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta üzrə pilot layihələrinin başa çatmaq üzrə olduğunu söyləyən şöbə müdiri gələn ildən bütün ölkə ərazisində tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlanılacağını dedi. Bildirdi ki, pilot layihələr çərçivəsində tibb müəssisələrinin yeni maliyyələşmə mexanizminin davamlı inkişafı təmin edilib, işçilərin əmək haqlarının ödənilməsi mexanizmləri təkmilləşdirilib və pilot ərazilərdə adambaşına düşən səhiyyə xərclərinin məbləği müəyyən edilib: “Genişmiqyaslı, olduqca böyük zəhmət və iradə tələb edən bu işə hazırlıq məqsədilə Səhiyyə Nazirliyi tərəfindən səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların yeni, ən müasir tibb avadanlığı və cihazlarla təmin edilməsi, tibb kadrlarının peşəkarlıq səviyyəsinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib”.
Ölkə rəhbərliyinin möhkəm siyasi iradəsi və böyük dəstəyi ilə icbari tibbi sığortanın artıq reallığa çevrildiyini söyləyən G.Poladov vurğuladı ki, bu reallığı həyata keçirmək səhiyyə işçilərinin üzərinə düşür: “İşlədiyi yerdən və tutduğu vəzifədən asılı olmayaraq, bütün tibb işçiləri qarşıda qoyulan vəzifələri öz doğma işi hesab etməli, bilik və bacarığını əsirgəməməlidir. Biz hər zaman, hər an möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səhiyyəyə olan xüsusi diqqət və qayğısını hiss edirik. Bu da bizim məsuliyyətimizi artırır və gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün ruhlandırır. Dövlət başçısının səhiyyə siyasətini daim dəstəkləyən tibb işçiləri qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklər”.
Səhiyyə naziri Oqtay Şirəliyev tibb təhsili sahəsində il ərzində görülmüş işlərlə bağlı məlumat vermək üçün sözü Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyliyə verdi.
Ölkəmizdə həyata keçirilən dövlət siyasətində səhiyyə və təhsil sisteminin təkmilləşdirilməsi və inkişafının prioritet yerlərdən birini tutduğunu qeyd edən rektor vurğuladı ki, 2020-ci ildə 90 illik yubileyi qeyd olunacaq, ölkəmizdə tibb təhsilinin əsas ocağı olan Azərbaycan Tibb Universiteti də dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub və islahatlardan kənarda qala bilməzdi: “Tibb təhsilinin keyfiyyətinin yaxşılaşdırılması və tədris prosesinin təkmilləşdirilməsi, eləcə də təhsil proqramlarının dünyanın qabaqcıl universitetlərinin təhsil proqramlarına uygunlaşdırılması məqsədi ilə ATU-da bir sıra islahatlar aparılıb. Belə ki, artıq ikinci ildir ki, tələbələrin biliklərinin qiymətləndirilməsində yeni imtahan sistemi tətbiq edilir, Buraxılış Dövlət İmtahanlarında məzunlarımızın bacarıqları yeni formada – Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) formasında qəbul olunur. Keçən tədris ilindən etibarən, ilk dəfə olaraq, tələbələrin semestr ərzində, mərkəzləşdirilmiş şəkildə keçirilən aralıq qiymətləndirilməsi uğurla tətbiq edilir. Bununla da, tələbələrin qiymətləndirilməsinə subyektiv müdaxilələrin azalmasına və prosesin şəffaflaşdırılmasına nail olunub”.
Professor Gəray Gəraybəyli həmçinin Azərbaycanda psixiatriya sahəsində görülmüş işlərdən də danışdı: “Səhiyyə Nazirliyinin dəstəyi ilə psixiatrik xəstəxanalarda aparılan təmir və tikinti işləri, onların təchizatının və dərman vasitələri ilə təminatının yaxşılaşması stasionar xəstələrin saxlanılma şəraitini və müalicəsinin keyfiyyətini xeyli dərəcədə yüksəldib. Əgər ötən illərdə xəstələrin stasionarda qalma müddəti orta hesabla 6 aydan çox idisə, başqa sözlə, bəzi xəstələr, demək olar ki, xəstəxanada daimi yaşayırdılarsa, hazırda orta hospitalizasiya müddəti 2,5 ayadək azalıb. Qeyd etmək istərdim ki, indi ölkəmizdə stasionarda uzunmüddətli, yəni 1 ildən yuxarı müalicə alan xəstələrin sayı ÜST-nin Avropa regionu üçün orta göstəricisindən hətta 15% aşağıdır. Keçən ildən psixiatriya ixtisası üzrə rezidentura müddəti 3 ilədək artırılıb ki, bu da yaxın perspektivdə həkim-psixiatrların hazırlanması keyfiyyətinin yüksəlməsinə yardım edəcək. Bu il ölkəmiz ÜST-nin psixiatriya müəssisələrində uzun müddət yardım alan şəxslərlə bağlı çox vacib beynəlxalq layihəsində də iştirak edib. Layihənin Azərbaycanda yerinə yetirilən hissəsi ÜST Avropa Regional Bürosu tərəfindən yüksək qiymətləndirilib. Uşaq və yeniyetmələrə psixo-sosial yardım sahəsində ABŞ-ın Çikaqo Universiteti ilə birgə yerinə yetirilən digər layihəmiz də yüksək qiymətə layiq görülüb. Bu ildən Almaniyanın Lüdviq – Maksimilian Universiteti ilə affektiv pozulmaların müalicəsinin genetik aspektlərinin tədqiqinə dair birgə layihəyə başlanılıb”.
Kollegiya iclasında Bakı şəhəri 1 nömrəli Vərəm Əleyhinə Dispanserin baş həkimi, Səhiyyə Nazirliyinin ftiziatriya üzrə baş mütəxəssisi, professor Yavər Şıxəliyev Azərbaycanda vərəmlə bağlı vəziyyət barədə məlumat verdi. Vərəm xəstəliyinin bütün dünyada ictimai sağlamlığın ciddi problemlərindən biri olduğunu söyləyən baş ftiziatr vurğuladı ki, Səhiyyə Nazirliyi vərəmlə mübarizəyə qüvvə və ehtiyatları maksimal səfərbər etməklə, ölkə əhalisi arasında bu xəstəliyin qarşısının alınması istiqamətində geniş həcmli tədbirləri davam etdirir: “Beynəlxalq təşkilatlarla, o cümlədən ÜST, “QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond” və digərləri ilə səmərəli əməkdaşlıq nəticəsində, habelə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunmuş Tədbirlər Proqramlarında nəzərdə tutulan tədbirlərin icrası sayəsində xəstəlik halları üzrə ilbəil nəzərəçarpan azalmaya nail olunub.
Vərəm xəstəliyinin əks-epidemik tədbirlərinin əsasını xəstəliyin erkən aşkarlanması və effektli müalicəsi təşkil edir. Bu baxımdan Azərbaycanda istifadəyə verilən və ən müasir şüa diaqnostikası aparatları ilə təchiz olunan diaqnostik mərkəzlər, yeni xəstəxanalar və ambulator-poliklinik tipli ilkin səhiyyə xidməti müəssisələri çox önəmli rol oynayır.
Son illərdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Vərəm şöbəsi, Bakı şəhər 2 və 3 nömrəli Vərəm Əleyhinə Dispanserləri, 6, 8, 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanaları yenidən qurulub, Professor Y.Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasında tikinti işləri yekunlaşıb. Vərəm xəstələrinin bakterioloji diaqnostikası üçün Naxçıvan, Quba, Zaqatala, Masallı, Gəncə, Xaçmaz, Lənkəran və digər şəhər və rayonlarda müasir avadanlıqlarla təmin olunmuş laboratoriyalar istifadəyə verilib. Vərəm xəstələrinin vahid elektron registrinin təkmilləşdirilməsi üçün lazım olan tədbirlər həyata keçirilir.
Vərəm xəstələrinin vaxtında aşkar edilməsi məqsədi ilə hər il risk qrupuna daxil olan 1 milyondan çox insan şüa diaqnostikası və immunodiaqnostikaya cəlb olunur. Yenidoğulanlar 97-100% halda spesifik vərəm əleyhinə BSJ vaksini ilə təmin edilirlər. Aparılan tədbirlər nəticəsində vərəm xəstələrinin erkən aşkarlanmasında və effektli müalicəsində müsbət dəyişikliklər baş verib. Belə ki, 2019-cu ildə ötən illə müqayisədə 100 min nəfərə xəstələnmə göstəricisi 18% azalaraq 37,9 olub, xəstəlik isə 15,9% azalaraq 87,4 təşkil edib.
Azərbaycanda vərəm xəstələri arasında ölüm göstəricisi son 10 ildə eyni səviyyədə qalaraq, 100 min nəfərə 4,0-4,5 olub, bu da qonşu ölkələrin müvafiq göstəricisindən 3-4 dəfə aşağıdır.
Vərəmin bakterioloji təsdiq olunması 2019-cu ildə 16% artaraq 69,4% olub və ÜST-nin müəyyən etdiyi optimal səviyyəyə (≥70%) çatıb. Bu göstərici müalicənin effektliyinin əsasını təşkil edir, dərmanlara həssaslığın və davamlılığın təyinində mühüm əhəmiyyətə malikdir.
Vərəmin diaqnostikasında, o cümlədən çox dərmanlara davamlı (ÇDD) formaların aşkarlanmasında tətbiq olunan sürətləndirilmiş molekulyar-genetik müayinələrin sayı son iki ildə 85% artıb. Bu həm diaqnostik əhəmiyyət kəsb edir, həm də ÇDD xəstələrin vaxtında aşkarlanmasını təmin edir, xəstələrin müalicəsinin effektliyinə müsbət təsir göstərir. Nəticədə, bu il həm ilkin və həm də təkrari xəstələr arasında ÇDD 2016-cı illə müqayisədə müvafiq olaraq 7,7 və 7,1% aşağı düşüb.
Vərəmlə mübarizə sahəsində çalışan tibb işçilərinin ixtisas səviyyəsinin artırılmasına çox diqqət yetirilib, onlar üçün müxtəlif təlimlər təşkil olunub, mütəxəssislər xarici ölkələrdə konfrans və simpoziumlarda iştirak ediblər. Vərəmin aşkarlanması, diaqnostikası və müalicəsi üzrə bir neçə klinik protokol qəbul olunub, metodik təlimatlar hazırlanıb”.
Professor Y.Şıxəliyev onu da vurğuladı ki, görülən işlərlə yanaşı, vərəm xəstəliyi ilə mübarizə tədbirlərinin daha da təkmilləşdirilməsinə ehtiyac var, ölkənin sosial yönümlü siyasəti və beynəlxalq qurumlarla əməkdaşlıq sayəsində bu problem uğurla həll olunacaq.
“Azərbaycan Respublikasında uşaqların sağlamlığının qorunması dövlətimizin və Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. 2006-cı ildən indiyə kimi əldə olunan uğurlu nəticələr bu il də səhiyyənin prioriteti kimi davam edib”. Bunu öz çıxışında Bakı şəhəri 6 nömrəli Uşaq Klinik Xəstəxanasının baş həkimi Naibə Məmmədova bildirdi. Səhiyyə Nazirliyi tərəfindən 2017-ci ilin oktyabr ayında “Azərbaycan Respublikasında uşaq ölümlərinin azaldılmasına yönəldilmiş əlavə tədbirlər barədə” əmr verildiyini və tədbirlər planının təsdiq olunduğunu xatırladan natiq bu istiqamətdə görülən işlərdən danışdı. O qeyd etdi ki, əsasən allerqoloji və endokrinoloji problemli uşaqlara xidmət edən klinikaya bu ilin 11 ayı ərzində keçən illə müqayisədə 20 faizdən çox xəstə daxil olub. Letallıq göstəricisi isə 2 dəfə azalaraq 0,1% təşkil edib: Daxil olan xəstələrin 60%-i allerqoloji problemli uşaqlardır, onların 16%-i bronxial astmalı xəstələrdir. Ölkədə yeganə olan uşaq allerqoloji şöbəsi Poliklinika şöbəsi ilə birlikdə “Şəhər Allerqoloji Mərkəzi” statusuna malikdir, paytaxtın bütün rayonlarından bronxial astmalı xəstələr burada dispanser nəzarətdə saxlanırlar.
Klinikaya daxil olan xəstələrin 19%-ni endokrin patologiyalar, o cümlədən 14%-ni şəkərli diabet xəstəliyi təşkil edib. Müvafiq dövlət proqramına əsasən, ölkəmizdə I tip şəkərli diabet diaqnozu ilə qeydiyyatda olan bütün xəstələr Səhiyyə Nazirliyi tərəfindən ən müasir insulin analoqları və qlükometrlərlə təmin olunurlar. Stasionarda müalicə zamanı xəstələrə fərdi olaraq “Diabet məktəbi”ndə təlim kursu keçilir”.
Baş həkim həmçinin bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 10 may 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq, İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 6 saylı Uşaq Klinik Xəstəxanasının endokrinoloqlarının iştirakı ilə “Boy hormonu çatışmazlığının diaqnostika və müalicəsi üzrə metodik təlimat” layihəsi hazırlanıb. Gələn ildən belə hormon çatışmazlığı diaqnostik təsdiqlənmiş uşaqların həmin təlimata əsasən müalicəsinə başlanacaq.
Klinikada çalışan allerqoloqlar, endokrinoloqlar, pediatrlar və genetik mütəmadi olaraq Türkiyədə, Rusiyada, digər Avropa ölkələrində ixtisas artırma kursları keçirlər.
N.Məmmədova xüsusi qeyd etdi ki, bu il xəstəxanaya ayrılan yeni tibbi avadanlıqlar, xüsusən Reanimasiya və intensiv terapiya şöbəsinin ən müasir süni ventilyasiya cihazı, monitorlar, qan qazı analizatoru və digər avadanlıqlarla təchiz olunması ağır xəstələrin (diabetik koma, astmatik status və s.) tez bir zamanda kritik vəziyyətdən çıxarılmasına müsbət təsir göstərib: “Ölüm hallarının azalmasını məhz bununla əlaqələndirmək olar. Bronxial astmalı xəstələrdə xarici tənəffüs funksiyasının öyrənilməsi üçün əldə etdiyimiz spirometr cihazı əvəzsizdir. Bütün bu yeniliklər müayinə və müalicənin keyfiyyətinin yüksəlməsinə, göstəricilərin yaxşılaşmasına, klinikaya inamın artmasına, müraciətlərin çoxalmasına səbəb olub”.
Kollegiya iclasında iştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək, ölkə səhiyyəsinin böyük islahatlar qarşısında olduğunu söylədi. Pilot layihə çərçivəsində ölkənin üç bölgəsində icbari tibbi sığortanın tətbiqindən danışan natiq bu təcrübənin icbari tibbi sığortanın mərhələli şəkildə bütün ölkə ərazisində tətbiqi zamanı faydalı olacağını vurğuladı: “Sığorta sisteminin gələn il ərzində mərhələli şəkildə bütün ölkə ərazisində tətbiqi Azərbaycanda səhiyyə sahəsində atılan növbəti uğurlu addımdır. İnanırıq ki, yeni səhiyyə sisteminə keçid Səhiyyə Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində uğurla həyata keçiriləcək”.
Sonra ənənəvi olaraq Səhiyyə naziri Oqtay Şirəliyev ilin yekunlarına dair çıxış etdi.
2019-cu ilin Azərbaycan üçün hər sahədə uğurlu il olduğunu söyləyən Səhiyyə naziri vurğuladı ki, əsası dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial yönümlü siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir: “Əhalinin sağlamlığının qorunması, digər sahələr kimi, daim dövlət rəhbərinin diqqət mərkəzindədir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da səhiyyəmizin inkişafını daim diqqətdə saxlayır, əhalinin, xüsusilə də yeni nəslin sağlamlığı ilə bağlı mühüm tədbirlər həyata keçirir.
Son illərdə olduğu kimi, bu il də səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində geniş miqyaslı işlər aparılıb. Bu gün biz artıq əminliklə deyə bilərik ki, ölkənin hər bir bölgəsində müasir tibb müəssisələri şəbəkəsi yaradılıb”.
Hər bir vətəndaşın öz yaşadığı yerdə tam həcmdə tibbi xidmət ala bilmək imkanının ölkə rəhbəri tərəfindən qarşıya vəzifə kimi qoyulmasını xatırladan Səhiyyə naziri Oqtay Şirəliyev bunun artıq reallıq olduğunu söylədi: “Vaxtilə adi rentgen müayinəsi üçün xəstəni rayondan Bakıya gətirirdilər. İndi rayon xəstəxanalarında kompüter tomoqraflar, müasir əməliyyatxanalar var, orada ən mürəkkəb əməliyyatlar aparmaq olur.
Bir neçə rəqəm gətirmək istərdim. Hər il 700 mindən artıq xəstə xəstəxanalarda müalicə olunur. Bunların yarısından çoxu məhz regionların, rayon xəstəxanalarının payına düşür. Hər il ambulator-poliklinik xidmətə 47 milyondan artıq müraciət olur, onların 30 milyonu məhz rayon poliklinikalarınadır. Bu rəqəmlər göstərir ki, yeni tikilən tibb müəssisələrinə həqiqətən əhalinin çox böyük ehtiyacı var idi.
Ölkə səhiyyəsindən danışarkən hər dəfə dövlət proqramlarını xüsusi qeyd edirik. Bu proqramlar ömür boyu müalicə tələb edən bir sıra xroniki xəstəlikləri əhatə edir. Qeyri-adi səslənsə də, bu proqramların ən müsbət nəticəsi belə xəstələrin sayının artmasıdır. Çünki məhz proqramların sayəsində bu xəstəliklərdən ölüm göstəricisi azalır, xəstələrin ömrü uzanır. Bu həm şəkər xəstəliyinə, həm xroniki böyrək çatışmazlığına, dağınıq skleroz, talassemiya, vərəm və proqramlarla əhatə olunan digər xəstəliklərə aiddir”.
Əhalinin sağlamlığının qorunmasında profilaktika tədbirlərinin də çox böyük əhəmiyyət daşıdığını qeyd edən nazir bildirdi ki, uşaqların icbari dispanserizasiyası üzrə dövlət proqramı çərçivəsində hər il onların 90 faizdən çoxu müayinələrdən keçirilir: “Bu il onların 4 faizə yaxını dispanser qeydiyyatına götürülüb, 3,3 faizi sağalaraq qeydiyyatdan çıxarılıb. Bu isə o deməkdir ki, xəstəliklər vaxtında aşkarlanır, gələcəkdə fəsadların, ağırlaşmaların qarşısı alınır”.
Son illərdə səhiyyənin kadr potensialının gücləndirilməsinə böyük diqqət verildiyini vurğulayan Səhiyyə naziri dedi ki, tibb təhsilində aparılan islahatlar, Avropanın qabaqcıl klinikalarında təcrübə keçmək imkanı və digər tədbirlər nəticəsində hazırda ölkədə ən müasir müalicə üsulları tətbiq olunur: “Kardiocərrahi əməliyyatlar, orqan transplantasiyası – qaraciyər, böyrək, ilik köçürülməsi, koxlear implant və süni oynaq əməliyyatları – bütün bunlar yerli klinikalarda bizim həkimlər tərəfindən uğurla həyata keçirilir.
Yeri gəlmişkən, səhiyyəmizin inkişafını həm beynəlxalq qurumlar, Ümumdünya Səhiyyə Təşkilatı, həm də sıravi xarici vətəndaşlar da qeyd edirlər. Azərbaycana gələn turistlər, beynəlxalq tədbirlərin iştirakçıları ölkəmizdə tibb xidmətinə müraciət etməli olanda daim müalicənin, tibbi xidmətin səviyyəsindən öz razılıqlarını bildirirlər”.
2019-cu ili ölkəmizdə islahatlar ili adlandıran Oqtay Şirəliyev digər sahələrdə olduğu kimi, Azərbaycan səhiyyəsində də davamlı inkişaf getməsindən, ardıcıl islahatlar aparılmasından söz açdı: “Burada icbari tibbi sığortanı xüsusi vurğulamaq lazımdır. Bu sahədə artıq pilot regionlarda layihələr icra edilir. Səhiyyənin hazırkı maddi-texniki bazası, kadr potensialı və agentliyin pilot regionlarda əldə etdiyi müsbət nəticə onu deməyə əsas verir ki, yeni maliyyələşmə modelinin bütün ölkədə mərhələli şəkildə tətbiqinə hər cür şərait var. Əminəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə əməkdaşlıq şəraitində bu istiqamətdə uğurla çalışacaq, ölkə başçısının tapşırıqlarını yerinə yetirəcək”.
Çıxışının sonunda nazir tibb işçilərinə müraciətlə dedi: “İnsanın sağlamlığı onun həyatının, rifahının vacib bir göstəricisidir. Səhiyyə elə sahədir ki, cəmiyyətin hər üzvü gündəlik həyatında onunla qarşılaşır, dövlətin ona qayğısını məhz səhiyyənin timsalında qiymətləndirir. Buna görə də tibb işçilərinin üzərinə çox böyük məsuliyyət düşür. Əminəm ki, Azərbaycanın səhiyyə ictimaiyyəti, bütün tibb işçiləri bundan sonra da fəaliyyətlərini yüksək səviyyədə davam etdirəcək, dövlət başçısının tapşırıq və göstərişlərini əzmlə yerinə yetirəcək, onun sosial yönümlü siyasətini həyata keçirmək üçün var qüvvə ilə çalışacaqlar. Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik eləyirəm. 2019-cu ildə fədakar əməyinizə görə sizə təşəkkürümü bildirirəm. Qarşıdan gələn 2020-ci ildə sizə, ailələrinizə, əməkdaşlarınıza, ölkəmizin hər bir tibb işçisinə sağlamlıq, xoşbəxtlik, uğurlar arzulayıram”.
Kollegiya iclasının yekununda Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən səhiyyə və tibb elmi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş bir sıra tibb işçisinə “Səhiyyə əlaçısı” döş nişanı və Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ı təqdim edildi.шаблоны для dle 11.2





]Dekabr2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova