Valyuta.com

Bəxtiyar Xanızadə: «Azərbaycan teatrının inamlı «həkim»lərə ehtiyacı var»

Bəxtiyar Xanızadə: «Azərbaycan teatrının inamlı «həkim»lərə ehtiyacı var»
Pantomima hər şeyi ifadə edə bilmək bacarığı deməkdir. Əsas ifadə vasitələrinin jest, mimika, hərəkət olduğu pantomima söz qədər zəngin qeyri-adi ifadə vasitəsidir.
Azərbaycan səhnəsinə ilk dəfə professional pantomimanı Bəxtiyar Xanızadə gətirib. O, "Yuğ" teatrında Samuel Bekketin "Bir aktyor üçün him-cim oyunu" tamaşasını hazırlayır və sonradan "Ümid" adı ilə oynanılan bu tamaşa ilk pantomima oyunu, ilk sözsüz tamaşa kimi Azərbaycan mədəniyyət tarixinə daxil olur. Çox keçmədən, 1994-cü ildə B.Xanızadə "Dəli yığıncağı" adlı pantomima teatr-studiyasını açır. "Nağaraçılar", "Kvaksafon", "Vətənpərvərlər", "Pantomima klounada" və s. pantomima tamaşalarını hazırlayır. Daha sonra Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında pantomima-balet stilində "Gəldim ki, olam ğəmin hərifi" tamaşasını səhnələşdirir. Sonra "Şəngül, Şüngül, Məngül", "Karol xofu", "Uçuş", "Dulusçu", "Zibillik pərvanələri", "Kimdir müqəssir?"...
Bəxtiyar Xanızadə bədənin daha güclü ifadəyə malik olduğunu, bəzən dilin ifadə edə bilmədiyini bədənin asanlıqla göstərdiyini sübut edir. O, Azərbaycan teatrında çərçivələri dağıdır və insan əhval-ruhiyyəsinin bədənə köçürülməsinə, psixoemosional halın bədəndə modern təzahürünə nail olur.
Beləliklə, "Həmsöhbət" rubrikamızın budəfəki qonağı Dövlət Pantomima Teatrının baş rejissoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadədir.

- Necə oldu ki, hamının danışmağa meyl göstərdiyi bir dövrdə susmağa qərar verdiniz?
- Mən uşaq və gənc yaşlarımda heykəltəraşlıqla məşğul olmağı çox xoşlayırdım. Bədən dili mənim üçün o dövrdən maraqlı idi. Ancaq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsini, sonradan isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirdim. Bununla belə, təhsil aldığım müddətdə elə bir sənət növü ilə məşğul olmağı düşünürdüm ki, mənə daha yaxın olsun.
Hər bir yaradıcı insan, xüsusən də rejissorlar səhnələşdirdikləri əsərlər vasitəsilə özünü əks etdirir. Mən də bədən dili ilə danışmağı sevirəm, pantomim tamaşaları vasitəsilə özümü əks etdirirəm, ifadə edirəm. Məhz bu səbəbdən tələbələrimlə birlikdə 1994-cü ildə Azərbaycanda analoqu olmayan bir teatrı - Pantomima Teatrını yaratdım.
Pantomima teatrı mənim üçün həzzdir. Bəzən gecələr də işləyirəm, amma bu məni yormur. Bu teatr mənim həyat tərzimdir.
- Qeyd etdiniz ki, yaradıcı insanlar əsərləri vasitəsilə özünü ifadə edir. Sizcə, bu özünüifadə onların sağlamlığına necə təsir göstərir?
- Rusiya kanallarından birində efirə gedən "Moy serebryannıy şar" proqramını izləyəndə incəsənətlə məşğul olan insanların əslində göründüyü qədər əyləncəli, xoşbəxt, sağlam həyat yaşamadıqlarını görmək olardı. Ayrı-ayrı tanınmış incəsənət adamlarının həyatına həsr edilən bu proqramda daim deyib-gülən, xoşbəxt görünən insanların real həyatları əks olunurdu.
Teatr, rəssamlıq, heykəltəraşlıq, bəstəkarlıq və s. incəsənət sahələrində çalışan insanlarda əksər hallarda həm psixoloji, həm mənəvi, həm də fiziki problemlər ortaya çıxır. Çünki belə adamlar özləri üçün uydurduqları nağıl dünyasında yaşayırlar. Real həyatda tapa bilmədiklərini əsərlərində yaradırlar. Onlar üçün real həyatda yaşamaq çox çətindir. Çünki əsərlərində yaşadıqları həyat real həyatla toqquşanda uydurduqları dünya dağılır, nağıl bitir və burada müəyyən psixoloji problemlər yaranır.
Teatr, kino yaradıcılığı ilə məşğul olan insanların həyatı da göründüyü kimi rəngarəng deyil. Nə qədər başqalarının həyatını oynamaq, yaşamaq olar? Bəlkə də, kənardan baxanlara bu çox asan görünür və ona görə də istedadı olan, olmayan hər kəs səhnəyə can atır. Nəticədə, müasir zamanın kinosunda, teatrında bu sənətə barmaqarası baxanların sayı artır.
Ancaq əsl sənətkar ac olanda da, xəstə olanda da, yaxın insanının ölüm xəbərini alanda da səhnədə öz rolunu oynayır. Bütün bunlar isə öz işinə məsuliyyətlə yanaşan, canını, qanını verən aktyorların, rejissorların əsəbləri, sağlamlığı bahasına başa gəlir, çünki hiss, həyəcan üzə çıxmır, insanı daxildən parçalayır.
- Yaradıcılıq sizin sağlamlığınıza necə təsir edib? Səhhətiniz necədir?
- Mən bu günə qədər çox müsahibə vermişəm, ancaq indiyə qədər səhhətimi soruşan olmayıb. Desəm ki, yaxşıdır, yalan olar. Ancaq bu haqda danışmaq istəməzdim.
Önəmli olan odur ki, hələ yaşayıram, işləyirəm. Bu gün də mənə isti, soyuq, kiminsə tərbiyəsizliyi və ya kobudluğu təsir edir. Bu gün də məndə səhər günəşin çıxması, dənizin ləpələnməsi, gözəl bir qadın xoş təəssürat yaradır. Vay o gündən ki, duyğularını itirəsən.
- Bəxtiyar müəllim, səhnədə deyiləsi sözünüz qalıb, yoxsa bundan sonra deyilənlər əvvəlkilərin təkrarı olacaq?
- Mən uşaq ikən heykəltəraşlıqla, rəssamlıqla, bir az da zərgərliklə məşğul olmuşam. Cürbəcür metalları, daşları yonub xırda suvenirlər düzəldirdim. Məktəb yoldaşlarım onları çox bəyənirdi və mən onlara hədiyyə edirdim. Ancaq eyni suvenirdən başqası istəyəndə deyirdim ki, eləsini artıq düzəldə bilmərəm. Onlar buna görə məndən küsürdülər. İndi də məndən bu səbəbdən inciyənlər olur. Yaradıcılıqda olan insanlar sifariş verirlər ki, mənim üçün eynilə belə bir tamaşa hazırla. Deyirəm, artıq o cür olmaz. Çünki mən hansısa işi birinci dəfə görəndə bütün diqqətimi, həyəcanımı ona vermişəm, ikinci dəfə eynisini yarada bilmərəm. Artıq onu yaratmağın, düzəltməyin qaydasını bilirəm. Onu təkrar hazırlayarkən həmin həyəcanı hiss etməyəcəyəm, eyni ləzzəti duymayacağam. Ona görə mən istəsəm də, istəməsəm də, hələ ki eyni şeyi ikinci dəfə edə bilmirəm. Əgər başqa bir iş görmürəmsə, köhnəni bir daha təkrar etməyə də həvəsim olmur.
- Aktyorluq təhsili almısınız. Bir neçə filmdə oynamısınız. Bəs, niyə aktyor kimi deyil, rejissor kimi fəaliyyətinizi davam etdirdiniz?
- Mən çərçivəni sevən insan deyiləm. Özümü çərçivəyə salanda çox ciddi problemlər yaşayıram. Ona görə də həmişə öz istədiyimi etməyə çalışıram. Həyatda ən qorxduğum məqam azadlığımı itirməkdir. Oynamaq istəmədiyim və ya rejissorun tələb etdiyi kimi oynamaq istəmədiyim rollar, çərçivə məni aktyorluqdan uzaqlaşdırdı. "Ovsunçu", "Qərib cinlər diyarında", "Cavid ömrü" və s. kimi filmlərə çəkilsəm də, aktyorluqdan istədiyim ləzzəti almadım.
Ümumiyyətlə, mən insanlarla işləməyi də düşünmürdüm və istəmirdim. Bu gün də həyatımda peşmançılıq hissi duyduğum yeganə şey heykəltəraş olmamağımdır. Öz emalatxananda bir daş, bir palçıq, bir də sən...
İnsanlarla işləmək çətindir. Hərənin bir xüsusiyyəti var. Əgər rəhbər vəzifədə çalışırsansa, bu, daha ciddi problemlər yaradır. Ancaq yenə də istər Universitetdə tələbələrlə, istərsə də teatrda aktyorlarla işləyəndə azadlıq mənim tərəfimdədir.
- Deməli, siz çərçivədən çıxıb başqalarını çərçivəyə salmısınız...
- Mən deməzdim ki, onlara ilk gündən sərbəstlik vermişəm. Ancaq müəyyən müddətdən sonra Pantomima Teatrının aktyorlarına kifayət qədər azadlıq verilib. Bizim teatr bir qədər müəllif teatrına bənzəyir. Bu, çox mühüm amildir. Aktyorlara ona görə azadlıq verilib ki, onları narahat edən istənilən mövzuda əsər yazsınlar və mənimlə bərabər həmin əsərə rejissorluq etsinlər. Əgər məşqlər zamanı aktyor heç nə etmirsə, ondan sonra mənim çərçivələrim başlayır. Ümumiyyətlə isə, heç bir aktyor deyə bilməz ki, mən onlara azadlıq verməmişəm.
- Niyə insanlarla işləmək istəmirdiniz? Düşünürsünüz ki, palçıqdan yaratdıqlarınız sizi daha çox ifadə edə bilər?
- Birinci səbəb budur. Palçıq cansızdır, ona istədiyim formanı verə bilərəm. Ancaq canlı insandan istədiyini tam şəkildə almaq əksər hallarda mümkün deyil. Digər bir səbəb isə odur ki, mən tənhalığa meyilliyəm. Demək olar ki, Pantomima Teatrından kənara çıxmıram. Yığıncaqlara, qonaqlıqlara getməyi sevmirəm. Dostlarım da çox azdır.
- Fikirlərin, sözlərin bədən dili ilə ifadəsi aktyorlara psixoloji cəhətdən necə təsir edir? Tamaşaçılar sizin onlara çatdırmaq istədiyiniz hər şeyi anlayırmı?
- Azərbaycanda keçmişdə bu sənət növü olmayıb. İlkin səbəb odur ki, danışmağı bacaran insan üçün fikri sözlə ifadə etmək daha rahatdır. Dünyada bədən dili ilə danışmaq istəyən insanlar və pantomima teatrı üçün yazılmış dram əsərləri çox azdır. Məhz bu səbəbdən pantomima teatrlarının sayı da çox deyil. Biz çalışırıq ki, əsərləri özümüz yazaq. Yaza bilməyəndə isə hansısa əsəri bədən dilinə çeviririk.
Aktyorlarımızın sayı da çox azdır. Elə aktyorları seçirəm ki, onlar özləri bədən dili ilə danışmaq istəyirlər. Pantomim sənətini təxminən XX əsrin 30-cu illərində Fransada Etyen Dekrü yaradıb. Onun birinci tələbəsi Jan Lui Barro, ikinci tələbəsi Marsel Marso olub. Pantomim sənətini dünyaya nümayiş etdirən Jan Lui Barronun gözəl bir sözü var: "Mən səhnədə susuram, ona görə yox ki, lalam, mən sadəcə danışmaq istəmirəm". Bizim teatra da sözlə danışmaq istəməyənlər yığılır. Aktyorlar azaddır. Əgər bədən dili ilə danışmaq istəmirlərsə, başqa teatrda çalışa bilərlər. Onu da qeyd edim ki, susmaq, bədən dili ilə danışmaq nə qədər asan görünsə də, hər şey kənardan göründüyü kimi deyil.
Dünyada kəşfiyyatçılara, xəfiyyələrə bədən dili ilə danışmağı öyrədən məktəblər var. Bədən dili musiqidə olan 7 not kimidir. Dünyada cəmi 7 not əsasında milyonlarla musiqi əsəri yazılır. Bədən dili də bütün dünyada əsasən eynidir. Hər kəs məyus olanda əlləri yanına düşür. Hamı sevərkən gözləri işıq saçır və bütün bədəni sanki uçur və s.
Tamaşaçı bizim teatrda lazım olan hər şeyi anlayır. Çünki bədən dili vasitəsilə hal informasiyası tamaşaçıya dəqiq ötürülür. Bədənin məkanda müəyyən formalar almasında, alovun dillərində olduğu kimi, qəribə bir ovsun var. Bədən gözə, gözdən isə qəlbə daha çox emosiya göndərir. Söz isə qulaqdan beyinə və beyindən ürəyə təsir edir.
- Pantomima tamaşalarında dram və komediya vəhdət təşkil edir. Həm güldürürsünüz, həm düşündürürsünüz, həm kədərləndirirsiniz... Eyni zamanda bu qədər qarışıq duyğu yükü tamaşaçını yormur ki?
- Teatrda mənim üçün cəmi bir mövzu var - insan. Mən ancaq insanı, onun daxili dünyasını araşdırmaqla məşğulam. Mən insanı araşdırarkən məxsusi olaraq komediyaya meyillənmirəm. Bəzən gözləmədiyim halda qəhrəmanımın düşdüyü situasiya gülməli görünür. Mənim üçün məxsusi faciə də yoxdur. Ümumiyyətlə, həyatda nə komediya var, nə də faciə. Sadəcə, hadisəyə baxış rakursu var. Eyni hadisəyə kimisi gülə, kimisi də ağlaya bilər.
Tamaşaçılarımıza gəlincə isə, mən onlardan çox-çox razıyam. Bəzi insanlar bir tamaşaya 3-4 dəfə baxırlar. Biz tamaşa bitdikdən sonra onlarla söhbət edirik. Əgər tamaşaçı, sizin dediyiniz kimi, yorulsa, ikinci dəfə bizim teatra gəlməz axı. Biz insana düşünmək üçün istiqamət veririk, tamaşaçını yükləmirik. Onu da qeyd edim ki, Pantomima Teatrının tamaşaçıları 18 yaşdan yuxarı, həyatı və özlərini dərk edən, anlayan insanlardır.
- Teatrınız ilk dəfə teatr-studiya şəklində "Dəli yığıncağı" adı ilə fəaliyyətə başlayıb. Bu adda həqiqət payı var idimi?
- Bu adı hər kəs çox sevirdi. Bir insana "gic" deyəndə əsəbiləşir, amma "dəli" deyəndə yox. Azərbaycanda "dəli"yə rəğbət, qəribə simpatiya hissi var. Məsələn, Koroğlunun dəlilərinə. Dəli seçilmək, fərqli düşüncə, fərqli münasibət deməkdir. Kimsə ümumidən fərqli düşünürsə, biz ona "dəli" deyirik. Mən "Dəli yığıncağı" adını seçəndə bunu nəzərdə tutmuşdum.
Başqa bir səbəb isə həmin dövrdə teatr çərçivəsini dağıtmaq istəyim idi. Mənim üçün teatr yaradıcı insanın özünü ifadə formasıdır. Əgər bu gün hisslərimi vokalla ifadə edə bilirəmsə, vokaldan, balet elementləri etmək istəyirəmsə, baletdən, danışmaq istəyirəmsə, sözdən istifadə edə bilirəm. Teatra "Dəli yığıncağı" adı verdik ki, həmin dövrdə bizə "Siz pantomim teatrı kimi vokaldan, baletdən, sözdən və s. istifadə edə bilməzsiniz" deməsinlər. Desinlər ki, dəlidirlər, qoy neyləyirlər etsinlər. Bu ad qadağa çərçivəsini dağıtmağa imkan verdi. Bu gün bizim tamaşalarda rəqs də, balet də, söz də, vokal da var. Mənə nəyi isə "olmaz" deyəndə çox darıxıram.
- Teatrınızda əsasən gənclər çalışır. Buna səbəb aktyorların yaşlandıqca bədən dili ilə danışmaq imkanlarının məhdudlaşmasıdır, yoxsa?..
- Bunun bir çox səbəbləri var. Hazırda bir çox tanınmış insanlar vaxtilə Patomima Teatrının aktyorları olub. Mən deməzdim ki, onların getməsinə yaşlarının artması səbəb olub. Bu, səbəb deyil. Gənc aktyor daha çox çırpınma, hərəkətlilik hesabına hissləri ifadə edir. Yaşlı insanın əlində isə bədən az hərəkət hesabına daha dəqiq informasiya göndərmə silahına malikdir. Bu sənətin ustaları kiçik bir cilalanmış hərəkətlə tamaşaçıya istənilən fikri çatdıra bilər.
Məncə, səbəblər arasında maddiyyat üstünlük təşkil edir.
- Azərbaycanlı həkimin obrazını necə yaradardınız?
- Ümumiyyətlə, "azərbaycanlı obrazı", "milli obraz" ifadələrini qəbul edə bilmirəm və başa düşmürəm. Çünki mən azərbaycanlıyamsa, yaratdıqlarım milli olacaq, obrazlar azərbaycanlı olacaq. Mən nə edirəmsə, millidir.
Azərbaycanlılıq etmək nə deməkdir? Əgər azərbaycanlı deyilsənsə, nə qədər çalışsan da, istəsən də, həqiqi azərbaycanlı obrazı yarada bilməzsən.
Həkim obrazına gəlincə isə, Gənc Tamaşaçılar Teatrında Slavomir Mrojekin "Karol" əsəri əsasında "Karol xofu" adlı tamaşa hazırlamışdım. Uzun illər bu tamaşa böyük uğurla oynanıldı.
Tamaşanı hazırlayarkən rəssamlarla göz həkiminin otağının rəngi ilə bağlı danışırdıq. Təklif etdim ki, otaq qara rəngdə olsun və elə də oldu.
Həmin tamaşa hazırlananadək gözümlə bağlı bir problem yaşamamışdım. Bir dəfə gözüm zədələndi və göz həkiminə getdim. Qəbul otağı işıqlı idi. Ancaq sonradan gözümü yoxlamaq üçün məni xüsusi otağa apardılar. Həmin otaq qara rəngdə idi. Onda bilmədən doğru qənaətə gəldiyim üçün çox sevinmişdim.
"Üç badam bir qoz" adlı bir tamaşam da dəlixananın həkimləri barədədir.
- Nədənsə, incəsənət adamları sağlamlıqlarına daha laqeyd olurlar. Bayaqdan hər söndürdüyünüz siqaretin ardınca birini də yandırırsınız. Gecələr işlədiyinizi dediniz. Bəs, içki ilə aranız necədir?
- Bu sizin qəzetə xəstə adamın müsahibəsidir. Bəlkə də araşdırsanız, Azərbaycanda sağlamlığına mənim qədər laqeyd insan tapmazsınız. Səbəbini də bilirəm. Mənim ən sevmədiyim xüsusiyyətim odur ki, əgər bir şey xoşuma gəlirsə, ondan əl çəkmirəm, hətta sağlamlığıma zərərli də olsa. Əgər xoşuma gəlmirsə, xeyirli də olsa, ondan imtina edirəm. Siqaretdən xoşum gəlir. Demirəm ki, iradəm yoxdur, tərgidə bilmirəm. Sadəcə, tərgitmək istəmirəm. İçkidən də xoşum gəlir. Amma məndə qürür hissi daha güclü olduğundan içmirəm. Siqaret özümə zərər verir, məni yavaş-yavaş məhv edir. Amma içki içsəm, özümlə yanaşı, başqalarına da ziyan vura bilərəm - kimisə təhqir edərəm və s. Qürurumu itirmək istəmirəm.
Yuxu rejimini qorumağa gəlincə isə, deyim ki, ən tez saat 3-də, əsasən isə 5-6-da yatıram. Bəzən ümumiyyətlə yatmıram. Bəzi həkim dostlarım mənə deyir ki, çox işləmə, bir az "avaraçılıq" et. Mən bəzən işə elə aludə oluram ki, elə bil heç evim də yoxdur.
İşləyəndə yemək yeməyi də unuduram. Bu cür ağır rejimlə işlədikdən sonra isə mütləq xəstələnirəm. Heç kim qocalıb xəstə düşmək, ölmək istəmir. O cümlədən də mən. Amma qismətimizə nə yazılıbsa, onu da yaşayacağıq.
- Xəstələnəndə həkimə müraciət edirsiniz?
- Xeyr. Bəzən lap pis hala düşəndə dostlarım zorla həkimə aparırlar.
- Bu laqeydlik həkimlərə güvənsizlikdən irəli gəlir, yoxsa?..
- Yox. Bu, inamsızlıqla əlaqəli deyil. Mən çox pis vəziyyətdə olanda dostlarımın təkidi ilə həkimə getmişəm və sağalmışam. Sadəcə, həkimə getməyi sevmirəm.
- Dediniz ki, pantomim aktyoru bədən dilini bilməlidir. Bəs, həkimlər?
- Həkim bədən dilini bizdən daha çox bilməlidir. Həkimin birinci gücü dərmanlarda deyil. Bədən dilini yaxşı bilən həkimin qarşısındakı xəstə 15 dəqiqədən sonra 30 faiz sağalar. Həkim bədən dili ilə, mimikaları ilə ona inam informasiyası ötürməlidir. Xəstə artıq inamsız insan deməkdir. Həkimlər isə inamlı və güclü insanlardır. Xəstənin bütün inamı, ümidi həkimədir.
Bir vaxtlar diş həkiminə getməli idim, amma getmirdim. Özüm-özümü aldadırdım ki, sabah, o biri gün gedərəm. Bir dəfə qohumlardan biri məni İsa adlı həkimin yanına apardı. Mən ona əl verib görüşəndə üzündəki mimikadan, təbəssümdən, əlimi sıxmasından qəribə bir enerji, güc aldım. Mən hər dəfə o həkimin yanına gedəndə özümü xoşbəxt hiss edirəm. Mənim onun yanına göndərdiyim başqa xəstələr də eyni cür düşünür.
Elə həkimlər də var ki, onların mimikasından və ya bir kəlmə sözündən xəstə məhv olur.
Bir sözlə, həkim bədən dilini gözəl bilməlidir. Xəstə həkimi tamaşaçıdan daha diqqətlə izləyir ki, görsün dərdi həkimin gözlərində necə görünür?
Ümumiyyətlə, inam çox güclü hissdir. Gi de Mopassanın bir əsərində xəstə qız ağacdakı 3 yarpağın hamısı düşəndə öləcəyini düşünür. Yarpağın ikisi düşür. Sıra üçüncü yarpağa çatanda onun rəssam dostu ruhən ölmüş qıza ümid vermək üçün bir yarpaq şəkli çəkib ağaca asır. Vaxt ötür, ağaclar yenidən yarpaqlayır. Ancaq üçüncü yarpaq düşmür. Xəstə qız sağalır, ayağa qalxır. İnam və ümid çox vacib amillərdir.
- Müsahibələrinizdən birində qeyd edirsiniz ki, teatr canlı orqanizmdir. O zaman Azərbaycan teatrının və ayrıca Pantomima Teatrının səhhəti necədir?
- Pantomima Teatrını Azərbaycan teatrından ayrı təsəvvür etmirəm. Məncə, ancaq parazitlər ayrıca bir orqanizm kimi fəaliyyət göstərirlər. Özgələrə pis olanda da onlar üçün fərqi olmur. Ümumilikdə teatrlarımız hansı vəziyyətdədirsə, Pantomima Teatrı da o durumdadır. Azərbaycan teatrının inamlı "həkim"lərə ehtiyacı var.
Ü.FƏRZƏLİYEVA
22 aprel 2011-ci il. №07шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova