Valyuta.com

Azərbaycan travmatologiya və ortopediyası inkişaf edir

Azərbaycan travmatologiya və ortopediyası inkişaf edir

“1946-cı ildə yaranmış Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) bir neçə həftə öncə önəmli tarixi hadisə baş verdi. Burada süni oynaq – Artroplastika və artroskopiya şöbəsi fəaliyyətə başladı. Əslində, istər institutumuzda, istərsə də digər klinikalarda indiyə qədər süni oynaq əməliyyatları icra edilirdi. Ancaq indi xarici istehsal olan süni oynaqların köçürülməsi əməliyyatları bu şöbədə Səhiyyə Nazirliyinin nəzarəti ilə, dövlət hesabına, sistemli şəkildə aparılır. Hazırda növbəlilik prinsipi ilə gündə 2-3 əməliyyat həyata keçiririk”.
Bu haqda bizə müsahibəsində ETTOİ-nin direktoru, tibb elmləri doktoru İlqar Qasımov məlumat verdi.

- Bütün dünyada olduğu kimi, Azərbaycanda da sümük-oynaq xəstəlikləri, bud-çanaq və diz oynaqlarının patologiyaları geniş yayılıb. Bud-çanaq oynağı probleminin, koksartrozun səbəbləri arasında genetik meyillilik, artıq çəki, ağır fiziki iş və s. xüsusi yer tutur. Koksartrozlar 100-ə qədər müxtəlif xəstəliklər zəminində də yaranır. Bud-çanaq oynağı displaziyaları, bu oynaqda baş vermiş sınıqlar, Bexterev xəstəliyi, bud sümüyü başı avaskulyar nekrozu, oynaq nahiyəsinin infeksiyaları və s. də səbəb kimi göstərilə bilər.
Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, Azərbaycanda birinci yerdə anadangəlmə displastik koksartrozlar dayanır. Bunun da səbəbi əksər hallarda ölkəmizin cənub və şimal regionlarında anadangəlmə bud-çanaq displaziyası və çıxıqların yüksək faiz olmasıdır. Körpə doğulandan 1 ay ərzində mütəxəssis tərəfindən ultrasəs müayinəsi ilə dəqiq erkən diaqnostika olduqda, onların 80-90 faizində oynağı sadəcə bandajlar vasitəsilə bərpa etmək mümkündür. Əgər ağır patologiyadırsa, 3 ay sonra ultrasəs ilə yanaşı, rentgen müayinəsi də aparılır. Qalıq çıxıqlar olarsa, xəstəliyin hansısa əlamətləri qalarsa, 2-3 yaşda əməliyyat aparılmalı, ciddi çanaq rekonstruksiyası edilməlidir. Doğrudur, insanlar bunu bir az təəccüblə qarşılayırlar, çox zaman razılaşmırlar. Amma, təəssüf ki, müalicə yolu budur.
Nəzərə almaq lazımdır ki, bud-çanaq oynağının patologiyası kifayət qədər ciddi problemdir və ona diqqətsiz yanaşmaq olmaz. Gecikmiş diaqnostika müalicənin məqsədyönlü olmamasına, xroniki ağrılara və oynağın funksiyalarının əlillik dərəcəsinədək itirilməsinə gətirib çıxara bilər. Terapiya vaxtında başlasa, oynağın məhv olmasının qarşısını almaq, xəstəliyin simptomlarını aradan qaldırmaq, yaxud azaltmaq mümkündür. Ona görə də uşaqlıq illərindən profilaktikaya başlanılmalıdır. Vaxtında aparılmış profilaktika xəstəliyin irəliləməsinin qarşısını ala və sümük sağlamlığını uzun müddət qoruya bilər. Tövsiyələrə riayət edərək müalicənin erkən başlanması simptomların böyük bir hissəsini aradan qaldırır. Gec mərhələdə isə hərəkət qabiliyyətinin bərpası yalnız bud-çanaq oynağının endoprotezləşdirilməsi əməliyyatı ilə mümkündür.

- Bəs, bu əməliyyatlar nə zaman həyata keçirilir?
- Bud-çanaq oynağının ağır dərəcədə zədələnməsi, travmadan sonrakı artroz, bud sümüyü başının avaskulyar nekrozu, bud-çanaq oynağının çıxıq və sınıqları artroplastika üçün göstərişdir.
Oynaqdakı ağrı keçmədikdə, gün ərzində hərəkətləri məhdudlaşdıranda, yerimək, əyilmək çətinləşəndə, axşam və gecə narahatlıq yaratdıqda, digər müalicə metodları (dərmanlar, fizioterapiya və s.) nəticə vermədikdə oynaq süni protezlə əvəz edilir.
Dünyada il ərzində 1 milyon 250 min süni oynaq qoyulur. Bu əməliyyatların orta hesabla 400 mini Avropada, 400 mini Amerikada icra olunur. Qeyd edim ki, hazırda Avropada “aqressiv” cərrahiyyə ön plandadır, yəni bu əməliyyatlar xəstəliyin erkən mərhələsində həyata keçirilir. Hətta mən xaricdə olanda buna təəccüblənirdim. Onlar həyatı ağrı ilə yaşamaq istəmirlər. Bizdə isə pasiyentlər xəstəlik başlayandan 20 il sonra, son mərhələdə, ağırlaşma ilə gəlirlər, buna görə cərrah üçün də problemi aradan qaldırmaq çətinləşir. Bunun baş verməməsi üçün sadəcə vaxtında rentgen müayinəsi və düzgün diaqnoz lazımdır.
Nəzərə alınmalıdır ki, artroz insan üçün həm tibbi, həm iqtisadi, həm də sosial problemdir. Ailə başçısı işə gedə bilmirsə, maaş almırsa, övladına köməyi dəymirsə, mənəvi cəhətdən də sarsıntı yaşayır, depressiyaya düşür.

- Süni oynaqların effektivliyi nə dərəcədədir?
- Effektivliyi odur ki, bu əməliyyatla insan normal həyata qayıdır, ciddi ağrılardan, hərəkətsizlikdən, dərman içməkdən və s. xilas olur. Əlbəttə, bu, ciddi əməliyyatdır. Amma artıq 20 ildir ki, Rusiyada, digər xarici ölkələrdə, hazırda Azərbaycanda süni oynaq əməliyyatları həyata keçirirəm. Oktyabr ayından indiyədək briqadamızla birgə 150 əməliyyat aparmışıq. Əməliyyatın səhəri gün xəstəni qaldırırıq. Onlar 6 həftə, bəzən ağır, gecikmiş xəstələr 2 ay əsa ilə, sonra isə əsasız, rahat gəzirlər.
Amerika statistikasına görə, bud sümüyünün boynunun sınığı diaqnozu qoyulan xəstə əməliyyat olunmazsa, yataqda qalarsa, 48 faiz halda yataq yarası, ağciyərdə durğunluq, ürək çatışmazlığı, tromboemboliya, tromboz və s. səbəblərdən vəfat edir. Əməliyyatdan sonra isə 12 faiz, yəni 4 dəfə az ölüm hadisəsi olur.
Əhali hərdən 100 faiz zəmanət istəyir. Amma hər kəs bilməlidir ki, təbabətdə bu, qəbul olunmazdır, çünki hər bir əməliyyat kimi, bu əməliyyatların da öz fəsadları ola bilər.

- Məsələn, necə fəsadlar ortaya çıxa bilir?
- Bud-çanaq oynağının artroplastikası əməliyyatından sonra ciddi ağırlaşmalara az rast gəlinir. Amma ortaya çıxan fəsadlar çoxsaylıdır. Məsələn, ən çox rast gəlinən tromboz, tromboemboliyadır. Əməliyyatdan sonra erkən yeriməyə başlamaqla, hərəkətsiz qalmamaqla bu riski azaltmaq olar. Digər fəsad protezdən sonra infeksiya, iltihablaşma ola bilər. Şəkərli diabet, digər xronik xəstəliklər və s. bu riski artırır. Ona görə əməliyyat vaxtı profilaktik antibiotik müalicəsi və digər xüsusi tədbirlərlə infeksiya təhlükəsi azaldılır. Total bud-çanaq oynağı protezi infeksiyalaşarsa, təkrar cərrahi əməliyyat – protezin çıxarılıb müəyyən müddətdən sonra təkrar yerləşdirilməsi əməliyyatı icra olunur.
Bundan başqa, yaranın sağalmasında yaranan problemlər, damar və ya sinir zədələnmələri, protezin, yaxud onun bəzi parçalarının yerindən çıxması, protezin özündəki və protez ətrafı sınıqlar və s. fəsadlara, çox az da olsa, rast gəlinə bilər.

- Fəsad faizini götürəndə, dünya statistikası ilə müqayisədə, Azərbaycanda vəziyyət necədir?
- Yaxşı sualdır. Əslində, bunun statistikası aparılmalıdır. Amma mən buna dəqiq cavab verməyə çətinlik çəkirəm. Onu deyə bilərəm ki, öz xəstələrimin hamısını izləyirəm. Onlar 6 aydan, 1, 2, 5, 10 ildən sonra təkrar müayinələrə gəlirlər. Süni oynaqda laxlama, yeyilmə, irinləmə, süni oynağı bədənin götürməməsi hallarının olub-olmadığını yoxlayırıq. Əslində, statistika deyəndə, təkcə rəqəmlər nəzərdə tutulmamalıdır. Mən aliməmsə, cərrahamsa, bilməliyəm ki, bu fəsad nəyə görə baş verir? Bütün dünyada bu məsələlər belə qoyulur.
Bir şeyi də qəbul etmək lazımdır ki, fəsad hər yerdə olur. Hətta səhiyyəsi yüksək inkişaf etmiş, dünyanın ən məşhur ortopedlərinin, cərrahlarının çalışdığı Amerikanın özündə də. İnsanlar möcüzəyə inanırlar. Amma heç yerdə möcüzə yoxdur.

- Bu əməliyyatlar əsasən yaşlı insanlarda həyata keçirilir?
- 16 yaşdan 108 yaşına qədər xəstələrdə süni oynaq əməliyyatları etmişəm. Amma bud sümüyünün boynunun sınıqları əksər hallarda yaşlı insanlarda təsadüf olunur. Ümumiyyətlə, səbəbindən asılı olmayaraq, etdiyim əməliyyatlarda əsas yaş həddi 30-dan 75-ə qədərdir.
Onu da qeyd edim ki, bud-çanaq oynağının patologiyalarına daha çox qadınlarda rast gəlinir. Məsələn, indiyə qədər həyata keçirdiyim artroz əməliyyatlarının 80 faizini qadınlar üzərində aparmışam. Dünya statistikasına görə də belə əməliyyatların yalnız 20 faizi kişilərin payına düşür.

- Bu gün yeriməyin insan sağlamlığına faydalı olması ilə bağlı çox danışılır və yazılır. Bu məsləhət hansı hallarda nəzərə alınmalıdır?
- Əlbəttə ki, hərəkət, o cümlədən yerimək sağlamlıq üçün faydalıdır. Ancaq problem artrozdursa, yeriməyə “stop” deyirik. Bu zaman oynağın bərpasına kömək etmək məqsədilə üzmək tövsiyə olunur. Başqa problemlər zamanı isə yumşaq, xüsusi idman ayaqqabısı ilə yerimək faydalıdır.
Bir məsələyə də toxunmaq istəyirəm. Qadınlarımız yüksək dabanlı ayaqqabılara çox meyillidirlər. Bu halda 80 faiz yük pəncənin ön hissəsinə düşür və bu, deformasiyaya gətirib çıxarır, baldır əzələsini hipertrofiya edir, onurğaya mənfi təsir göstərir. Ona görə hündürdaban ayaqqabıda 2-4 saatdan artıq gəzmək düzgün deyil.
Bir də sağlam yaşamaq istəyiriksə, artıq çəkidən xilas olmalıyıq. Bu, ən ciddi problemdir. Hər 1 kq artıq çəki oynağa 7 kq əlavə yükdür. Təsəvvür edin ki, 10 kq arıqlayan insan oynaqlardan 70 kq yük götürür.

- İlqar müəllim, hazırda travmatologiya və ortopediya sahəsində ölkəmizdə vəziyyəti necə dəyərləndirirsiniz?
- Məncə, biz keçid mərhələsindəyik. Son on ildə bu sahədə çox ciddi işlər görülüb. Ultrasəs diaqnostikası yüksək inkişaf edib. İnstitutumuzda müasir metodika ilə hər cür əməliyyatlar həyata keçirilir. Artıq xarici ölkələrdən qonaqlar gələndə onları qürurla qəbul edirəm. Bu gün çox xoşbəxtəm ki, rəhbərlik etdiyim dövlət müəssisəsində Artroplastika və artroskopiya şöbəsi açılıb. Ətrafımda savadlı gənc mütəxəssislərdən ibarət komanda var. 3-5 il onlar mənə dəstək olacaq, sonra isə onların öz şagirdləri yetişəcək.
Onu da qeyd edim ki, səhiyyə nazirinin dəstəyi ilə institutumuzda 1200 kvadrat metrlik müasir əməliyyatxana bloku yaradılır, bu da ölkə travmatologiya və ortopediyası üçün böyük addımdır. Bu bloka 6 əməliyyatxana daxildir, onlardan 3-ü artıq hazırdır. Səhiyyə naziri bu işin gedişinə şəxsən nəzarət edir.
Demək olar ki, Bakı şəhərində travmatologiya və ortopediya sahəsində problem yoxdur. Əslində, 2006-cı ildən indiyədək rayonlarda da çox ciddi irəliləyiş var. Yeni, müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilib, təchiz olunub. Amma etiraf etməliyik ki, yüksək ixtisaslı kadrlar çatışmır. Bu məsələnin həlli isə bir qədər uzun prosesdir.
Bizim institut bu sahədə bütün rayonlara nəzarəti həyata keçirir və lazımi dəstək göstərir. Amma düşünürəm ki, travmatologiya və ortopediya sahəsində rezidentura keçmiş gənc kadrların rayonlara getməsi vacibdir. Axı, niyə xaricdən mütəxəssis gəlib nəsə etməlidir?! Çox yaxşı gənc həkimlərimiz var. Onların rayonlarda fəaliyyətinə şərait yaratmalı, dəstək olmalıyıq. Eyni zamanda, regionlarda çalışan mütəxəssislərin təcrübələrini artırmasına kömək etməliyik.
Qeyd edim ki, bir müddət öncə Bakıda Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqresini keçirdik. İki günlük tədbirdə türkdilli ölkələrdən 80-dən çox tanınmış ortoped və travmatoloq iştirak etdi. Onlarla danışıqlar zamanı payızda ölkəmizdə uşaqların bud-çanaq oynağının erkən diaqnostikası məqsədilə ultrasəs kursları təşkil etmək barədə razılığa gəldik. Həmin kurslara əsasən rayonlardan mütəxəssisləri cəlb edəcəyik. Sonra isə travmatoloq və ortopedlərin konservativ müalicə və cərrahiyyə sahəsində təkmilləşdirilməsini nəzərdə tuturuq.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





İyul 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova