Valyuta.com

Problemlər köhnə ildə qalsın…

Problemlər köhnə ildə qalsın…

Nəhayət, ilin sonuna gəldik. Orta məktəblərdə fəaliyyət göstərən tibb məntəqələri və bufetlərlə bağlı 2012-ci ildən başladığımız araşdırmaların 4 ili tamam olmaq üzrədir. Arxada qoyduğumuz bu dövr barədə qısaca olaraq onu demək olar ki, ümumilikdə, vəziyyət müsbətə doğru xeyli dəyişib, orta məktəblərin tibb məntəqələrinə, bufetlərinə diqqət artırılıb. Bizim də istəyimiz, məqsədimiz elə budur.
Beləliklə, 2015-ci ilin son araşdırmasını təqdim edirik. Bu dəfə oxucularımıza Yasamal rayonunda fəaliyyət göstərən 225 nömrəli və Binəqədi rayonundakı 182 nömrəli məktəblərdən söhbət açacağıq.


Narahatlıq doğuran faktlar

Yasamal rayonu 225 nömrəli məktəbdəki real vəziyyəti öyrənmək üçün, hər şeydən əvvəl, şagirdlərin buradakı tibb məntəqəsinin fəaliyyətindən razı olub-olmaması sualına cavab almaq istədik və bu məqsədlə elə həyətdəcə bir neçə məktəblinin fikrini soruşduq. Eşitdiklərimiz bizi məmnun etdi – məntəqənin hər zaman açıq olduğunu deyən müsahiblərimiz orada çalışan tibbi heyətin ünvanına da xoş sözlər söylədilər. Bildirdilər ki, həmişə ehtiyac yarandıqda şagirdlərə tibbi yardım göstərilir.
İçəri keçdik. Məntəqədə bizi bir nəfər ağxalatlı xanım – tibb bacısı Turac İsmayılova qarşıladı. Gəlişimizin məqsədini öyrənən tibb bacısı məlumat verdi ki, Yasamal rayonu 10 nömrəli Uşaq Poliklinikasının tabeliyində olan bu məntəqənin tibbi heyəti 2 nəfərdən ibarətdir. Həkim-pediatr Təranə Qiyai rəsmi iş qrafikinə görə həmin vaxt işdə olmalı deyildi.
Daha sonra buradakı şəraiti gözdən keçirdik. Məktəb əsaslı şəkildə təmir olunduğu üçün tibb məntəqəsində də bu baxımdan hər şey öz qaydasındadır. Lazımi avadanlıqlar da hamısı təzədir.
Dərman ehtiyatına gəldikdə, şkafda xeyli preparat var idi. Onları bir-bir gözdən keçirdikdə iki flakon «yod»un ikisinin də vaxtının keçdiyi məlum oldu.
İl ərzində görülmüş işlərlə tanış olmaq üçün müvafiq jurnallara, sənədlərə də baxdıq. Və bir sıra nöqsanlara rast gəldik. Məsələn, onlar nə tikilib-səhifələnmiş, nə də sözügedən poliklinikanın rəhbəri tərəfindən təsdiq olunmuşdu. «Qida blokuna nəzarət» və «Bufetçinin sağlamlığı» jurnalları ümumiyyətlə yox idi, «Ambulator jurnal»da isə sonuncu dəfə bir ay əvvəl qeyd aparılmışdı.
Nəhayət, üz tutduq məktəbin qida blokuna. Qeyd edək ki, bufet öz şəraiti, səliqə-sahmanı ilə bizdə xoş təəssürat yaratdı. Üstəlik, burada satışına qadağa qoyulmuş ərzaqlara da rast gəlmədik. Məhsulların saxlanma qaydalarına riayət edildiyini, onların hamısının gigiyenik sertifikatlarının olduğunu, burada çalışan Sevil Kərimpurun tibbi müayinədən keçdiyini və şəxsi gigiyena qaydalarına riayət etdiyini də nəzərə alsaq, bufetdə hər şey öz qaydasında idi. Bir sözlə, açıq-aşkar hiss olunurdu ki, tibb məntəqəsinin işçiləri qida blokuna nəzarət məsələsinə səthi yanaşsalar da, bufetçi öz işinin öhdəsindən layiqincə gəlir.
Beləliklə, Yasamal rayonu 225 nömrəli məktəbdə araşdırmamızı yekunlaşdırıb, üz tutduq başqa bir təhsil ocağına.

Problemlər köhnə ildə qalsın…

Ciddi məsuliyyətin real nəticəsi

Binəqədi rayonundakı 182 nömrəli məktəbin qapısını isə günorta saat 14:00 radələrində döydük. Ənənəmizə uyğun olaraq, burada da içəri girməzdən əvvəl həyətdə şagirdlərlə danışıb, onların fikirlərini öyrəndik. Qeyd edək ki, bu məqsədlə söhbət elədiyimiz məktəblilər məntəqənin hər gün dərslər başlayandan qurtaranadək işlək vəziyyətdə olduğunu və ehtiyac yarandıqda həm şagirdlərə, həm də müəllimlərə lazımi tibbi yardımın göstərildiyini bildirdilər.
Daha sonra məktəbə daxil olub, üz tutduq tibb məntəqəsinə. Biz otağa keçəndə masa arxasında üç nəfər əyləşmişdi. Öyrəndik ki, onlardan biri həkim-pediatr Samirə Məmmədova, digərləri isə tibb bacıları Alimə Qasımova və Rəmziyyə Əliyevadır, tibbi heyət də elə bu üç nəfərdən ibarətdir. Apardığımız araşdırmanın məqsədi barədə onlara məlumat verdikdən sonra məntəqəyə baxış keçirdik.
Öncə onu qeyd edək ki, Binəqədi rayonu 11 nömrəli Uşaq Poliklinikasının tabeliyində olan bu məntəqədə şərait yüksək səviyyədədir. Otaq bütün lazımi avadanlıqlarla tam təchiz edilib. Ümumi mənzərəni gözdən keçirdikdən sonra dərman şkafına yaxınlaşdıq. Preparatlar çox idi, hamısı da istifadəyə yararlı.
Cari tədris ilində tibb məntəqəsi tərəfindən görülən işləri nəzərdən keçirmək üçün müvafiq jurnallara baxdıq. Onların hamısı, necə deyərlər, yerli-yerində idi – bütün jurnallar tikilib-səhifələnərək təsdiq edilmiş, lazımi qeydlər vaxtında və dəqiqliklə aparılmışdı.
Nəhayət, üz tutduq məktəbin bufetinə. Qeyd edək ki, bu obyekt həm gözəl şəraiti, həm də təmizliyi ilə diqqəti cəlb edir. Ərzaqların müvafiq şəkildə vitrinlərə və soyuducuya yerləşdirilməsi, onların hər birinin istifadəyə yararlılıq haqqında sertifikatının olması həm tibbi heyətin, həm də bufetçilərin öz işlərinə məsuliyyətlə yanaşdıqlarından xəbər verirdi. Burada çalışan Mələk Məmmədova və Yazgül Hüseynovanın xüsusi geyimdə olmasını, onların tibbi müayinədən keçdiklərini də nəzərə alsaq, qida blokunda hər şey öz qaydasında idi.
Beləcə, oxucularımızı daha iki təhsil ocağında fəaliyyət göstərən tibb məntəqəsi və bufetin vəziyyəti ilə tanış elədik. Bütün problem və çatışmazlıqların köhnə ildə qalması, qarşıdan gələn Yeni ilin isə səhiyyəmizin bütün sahələrinə uğur gətirməsi, həmçinin hər birimizin ürəyinizcə olması arzusu ilə yazımıza nöqtə qoyuruq.

Q.NURİYEVшаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova