Valyuta.com

Biri abad, biri bərbad!

Biri abad, biri bərbad!

Bu dəfə baxış keçirdiyimiz məktəblərdən birinin Tibb Məntəqəsi ideal səviyyədə olsa da, digərində vəziyyət acınacaqlıdır

Orta ümumtəhsil məktəblərində fəaliyyət göstərən tibb məntəqələri və bufetlərin öz funksiyalarını lazımi səviyyədə, müvafiq tələblərə uyğun yerinə yetirib-yetirmədiklərinə aydınlıq gətirmək məqsədilə silsilə reydlərimizi davam etdiririk. Qeyd edək ki, 2012-ci ilin əvvəlindən etibarən apardığımız araşdırmaların ümumi nəticəsi son vaxtlar bu sahədə xeyli irəliləyişə nail olunduğunu göstərir. Bir neçə il bundan əvvəl ilə müqayisədə indi ciddi problemlərin hökm sürdüyü Tibb Məntəqəsi və bufetlərə nadir hallarda rast gəlirik. Amma az da olsa, belə müəssisələr hələ də var. Məsələn, bu dəfə baxış keçirdiyimiz məktəblərdən birində hər şey ideal səviyyədə olsa da, digərində vəziyyət ürəkaçan deyildi.

Yasamal rayonu 21 nömrəli məktəb

21 nömrəli məktəbin qapısını səhər erkəndən döydük. Tənəffüs vaxtı olduğundan məktəbin həyəti izdihamlı idi. Fürsətdən istifadə edib, bir neçə şagirdlə söhbətləşərək bu təhsil ocağındakı Tibb Məntəqəsi barədə onların fikirlərini öyrəndik. Məntəqənin hər gün dərslər başlayandan qurtarana qədər açıq olduğunu deyən müsahiblərimiz orada çalışan həkim və tibb bacısının ehtiyac yarandıqda hər kəsə yüksək səviyyədə tibbi yardım göstərdiklərini bildirdilər. Şagirdlərin bu razılığından sonra araşdırma obyektimizə üz tutduq.

Biri abad, biri bərbad!
Biz içəri daxil olanda iki nəfər iş başında idi. Özümüzü təqdim edib, apardığımız araşdırmanın məqsədi barədə məlumat verdikdən sonra öyrəndik ki, onlardan biri həkim-pediatr Xanım Məmmədova, digəri isə tibb bacısı Sevinc Məmmədovadır.
Daha sonra ümumi vəziyyətlə maraqlandıq. Öncə onu qeyd edək ki, bu təhsil ocağı əsaslı təmir olunduğu üçün Tibb Məntəqəsində də şərait çox yüksək səviyyədədir. Bundan əlavə otaqdakı bütün avadanlıqlar da yenisi ilə əvəz olunub, səliqə-sahman da öz yerində.
Həkim-pediatr söhbət əsasında bildirdi ki, məntəqə Yasamal rayonu 13 nömrəli Uşaq Poliklinikasının tabeliyindədir: «Burada iki nəfər işləyirik. Mən həftənin I və II günləri saat 11:00-dan 14:00-a, VI gün 8:00-dan 14:00-a qədər, tibb bacısı isə hər gün dərslər başlayandan qurtaranadək işdə olur. Dərman vasitələri ilə təminat baxımından heç bir problemimiz yoxdur. Dərs ili boyunca lazımi preparatları həmişə vaxtlı-vaxtında Poliklinikadan götürür və ehtiyac yarandıqda nəinki şagirdlərə, elə müəllimlərə də lazımi tibbi yardım göstəririk. Düzdür, dərs ili artıq yekunlaşmaq üzrədir, amma buna baxmayaraq hazırda xeyli dava-dərmana ehtiyatımız var».
Söhbətin bu yerində qarşı tərəfdəki dərman şkafını gözdən keçirdik. Burada lazım olan bütün preparatlar var idi. Hamısı da istifadəyə yararlı. Daha sonra Tibb Məntəqəsi tərəfindən görülən işlərlə tanış olmaq üçün müvafiq jurnallara nəzər saldıq. Qısaca olaraq qeyd edək ki, jurnalların tərtibi, lazımi qeydlərin vaxtlı-vaxtında aparılması baxımından heç bir nöqsana rast gəlmədik. Bir sözlə, Tibb Məntəqəsində vəziyyət, sözün əsl mənasında, ideal səviyyədə idi.
Bu arada məktəbin direktoru Ceyhun Bayramlı da içəri daxil oldu. Məntəqədə çalışan həkim və tibb bacısı haqqında razılıqla danışan həmsöhbətimiz, onların hər ikisinin öz işinə böyük məsuliyyətlə yanaşdıqlarını, «Uşaqların icbari dispanserizasiyası haqqında» Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq şagirdlərin dispanserizasiyasının yüksək səviyyədə təşkil edildiyini bildirdi.
Bir sözlə, Tibb Məntəqəsini olduqca nikbin əhvali-ruhiyyədə tərk elədik. Bəs, görəsən, məktəbin qida blokunda vəziyyət necədir? Şagirlərin qidalanmasına lazımi diqqət yetirilirmi? Bufetdə sanitar-gigiyena qaydalarına əməl olunurmu? Bu və digər suallara aydınlıq gətirmək üçün bufetə baş çəkdik…
Öncə onu qeyd edək ki, Tibb Məntəqəsi kimi, bufet də öz şəraitinə görə göz oxşayır. Bundan əlavə, hər tərəf dezinfeksiyaedici məhlullarla silinib-təmizlənmiş, ərzaqlar çeşidlənərək vitrinlərə və soyuducuya yerləşdirilmişdi. Bufetçi Nüşabə Əmrahova isə formada idi – başında örtük, əynində xalat, əlində əlcək… Bufetçi tibbi müayinədən də keçmişdi. Ən əsas odur ki, «SFS» MMC-nin ərzaqla təmin etdiyi bü bufetdə satılan məhsulların hamısının uyğunluq və gigiyenik sertifikatları var idi.
Beləliklə, Yasamal rayonu 21 nömrəli məktəbdə apardığımız araşdırmanı tamamlayıb, ertəsi gün üz tutduq başqa bir təhsil ocağına…

Qaradağ rayonu 223 nömrəli məktəb

Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 223 nömrəli məktəbin həyətinə səhər saat 9:30 radələrində çatdıq. Digər araşdırma obyektimizdə olduğu kimi, burada da içəri girməzdən əvvəl, elə həyətdəcə Tibb Məntəqəsininin fəaliyyəti haqqında şagirdlərin fikirlərini öyrənmək istədik. Onlardan biri dərhal cavab verdi ki, məntəqə birinci mərtəbədə yerləşir. Sonra digər şagird söhbətə qoşuldu: «Orada bir nəfər işləyir, o da hər gün burda olur». Fürsətdən istifadə edib tibb işçisinin ehtiyac yarandıqda şagirdlərə lazımi tibbi yardım göstərib-göstərmədiyini də soruşduq. Məntəqədə şəraitin pis olduğunu deyən müsahiblərimiz orada çox vaxt dava-dərman tapılmadığını bildirdilər.
Nəhayət, məktəbə daxil olub üz tutduq Tibb Məntəqəsinə. Biz içəri daxil olanda bir nəfər iş başında idi. Az sonra öyrəndik ki, o, tibb bacısı Gülsabah Şıxbalayevadır.
Otağa nəzər salırıq… Şərait, demək olar ki, orta səviyyədən də aşağıdır. Baxımsızlığı ilə adamda ikrah hissi doğuran tavan, divarlar və döşəmə, həm də çirkli, tozlu olması ilə diqqəti cəlb edir. Avadanlıqların bir neçəsi təzə olsa da, qalanları köhnə idi. Tərəzi, boyölçən kimi cihazların isə, ümumiyyətlə, nə köhnəsi var, nə də təzəsi! Hələ bu harasıdır? 1067 nəfər şagirdə, həmçinin müəllim kollektivinə xidmət edən bu Tibb Məntəqəsinin dava-dərman ehtiyatı cəmisi 1 flakon «Korvalol», 1 flakon da «Ammiak»dan idarətdir. Vəssalam! Bir sözlə, məktəbin müəllim-şagird kollektivinə lazımi tibbi xidmət göstərmək üçün burada normal şərait yoxdur…
Daha sonra digər məsələlərlə maraqlandıq. Tibb bacısı bildirdi ki, məntəqə 9 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının tabeliyindədir: «Neçə illərdir burada həkim yoxdur. Sonuncu dəfə təxminən 4 il bundan əvvəl həkim gəlmişdi, o da bir neçə aydan sonra çıxıb getdi. Mən tək işləyirəm və hər gün dərslər başlayandan qurtarana kimi burda oluram». Amma onun dediklərini təsdiq edən rəsmi «İş qrafiki» yox idi.
Daha sonra müvafiq sənədlərlə, jurnallarla tanış olduq. Məlum oldu ki, bu baxımdan da vəziyyət xoşagələn deyil. Təsəvvür edin ki, məntəqədə nəinki təkcə «İş qrafiki», həmçinin «İş planı», «Ambulator» jurnal, «Qida blokuna nəzarət» və «Bufetçinin sağlamlığı» jurnalları da yoxdur. «Sanitar gigiyena» və «İnfeksion» jurnallarda isə nə 2015-ci ildə, nə də əvvəlki illərdə heç bir qeyd aparılmayıb. Necə deyərlər, jurnalların üstünə adları yazılıb və atılıb kənara. «Dispanserizasiya» jurnalında isə sonuncu dəfə 11 fevral 2012-ci ildə qeyd aparılıb… Bir sözlə, Tibb Məntəqəsində vəziyyət, sözün əsl mənasında, bərbad idi.
Nəhayət, məktəbin bufetinə üz tutduq. Doğrudur, burada da şərait o qədər ürəkaçan deyildi. Amma buna baxmayaraq səliqə-sahman, təmizlik nəzərə çarpırdı. Ərzaqların bəzilərinin vitrinlərə, tez xarab olan məhsulların isə soyuducuya yerləşdirilməsi, onların hər birinin istifadəyə yararlılıq haqqında uyğunluq və gigiyenik sertifikatlarının olması bufetçi Natavan Balakişiyevanın öz işinə məsuliyyətlə yanaşdığından xəbər verirdi. Onun xüsusi geyimdə olmasını və tibbi müayinədən keçdiyini də nəzərə alsaq, qida blokunda vəziyyətə qənaətbəxş hesab etmək olar. Onu da qeyd edək ki, bufeti ərzaqla «SFS» MMC təmin edir.
Beləcə, oxucularımızı daha iki məktəbin Tibb Məntəqəsi və bufeti ilə tanış elədik. Göründüyü kimi, Yasamal rayonu 21 nömrəli təhsil ocağında hər şey öz qaydasında olsa da, Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 223 nömrəli məktəbin Tibb Məntəqəsində ciddi nöqsanlar hökm sürür.
Ümüdvarıq ki, çatışmazlıqlar tezliklə aradan qaldırılacaq və məktəblərimizdə gənc nəslin sağlam böyüməsinə kömək göstərə biləcək tibb məntəqələri öz işlərini daha yüksək səviyyədə qura biləcəklər.

Q.NURİYEVшаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova