Valyuta.com

Razılıq da var, narazılıq da!

Razılıq da var, narazılıq da!

Respublika Uşaq Klinik Xəstəxanasında apardığımız araşdırma zamanı valideynlər müxtəlif fikirlər səsləndirdilər

«Tibb qəzeti» xəstəxanalardakı mövcud vəziyyətlə bağlı araşdırmalarını davam etdirir. Bu dəfə paytaxtda, necə deyərlər, göz qabağında olan müəssisələrdən birinə baş çəkməyi qərara aldıq. Və üz tutduq Respublika Uşaq Kliniki Xəstəxanasına, görək, burada dərman və yeməklə təminat, tibbi xidmətin səviyyəsi, sanitar-gigiyena və s. baxımından vəziyyət necədir? Valideynlər onların övladlarına göstərilən diqqət və qayğıdan razıdırlar, yoxsa yox? Gəlin, bu və digər suallara birlikdə cavab axtaraq.

Qısa xatırlatma

Öncə onu qeyd edək ki, bu, Respublika Uşaq Klinik Xəstəxanasına sayca üçüncü səfərimizdir. Bu tibb ocağına ilk dəfə 2007-ci ildə baxış keçirmiş və ümumi şəkildə desək, saysız-hesabsız nöqsanlarla qarşılaşmışdıq. 2008-ci ilə təsadüf edən ikinci səfərimizdə də bu xəstəxanada xeyli nöqsana rast gəlmişdik: Qəbul otağı başlı-başına buraxılmışdı – iş vaxtı qapısı qıfıllı idi, növbətçi həkim isə gözdən ilim-ilim itmişdi – xəstəxananın içində onu 1 saata yaxın axtarmışdıq. Və ən əsası – söhbət elədimiz valideynlər uşaqlarına lazım olan dərmanların hamısını özləri apteklərdən aldıqlarını, xəstəxana tərəfindən heç nə verilmədiyini bildirmişdilər. Və sair və ilaxır… Bir sözlə, o vaxt qarşılaşdığımız mənzərə qətiyyən ürəkaçan deyildi. Bəs, görəsən indi vəziyyət necədir? Aradan keçən 7 il ərzində nələr dəyişib?

Təzadlı fikirlər

Biz Respublika Uşaq Xəstəxanasının həyətinə çatanda saat 9:30 idi. Adəti üzrə içəri daxil olmazdan əvvəl həyətdə qısa bir sorğu keçirib, xəstə yanına gəlib-gedənlərin bu tibb ocağı barədə ürək sözlərini dinləməyi qərara aldıq. Maraqlıdır ki, söhbət elədiyimiz adamlardan təzadlı fikirlər eşitdik. Onlardan bəziləri vəziyyətdən narazı, bəziləri razı qaldıqlarını bildirdilər. Daha bir neçə müsahimiz isə vəziyyəti nə pis, nə də yaxşı kimi qiymətləndirdi. Həmsöhbətlərimizdən bir neçəsinin dediklərini olduğu kimi təqdim edirik.
Bacısı uşağı burada müalicə alan gənc xanım danışır: «Şəraitə və səliqə-sahmana sözüm yoxdur, bunlar qaydasındadır. Amma bu, əsas deyil axı! Əsas xəstənin dava-dərmanla təminatıdır. Biz uşağa lazım olan dərmanların əksəriyyətini özümüz alırıq».
Oğlu 2-3 gündür bu tibb ocağında müalicə olunan növbəti həmsöhbətimiz isə tamam fərqli fikirlər bildirdi: «Uşaq bir neçə gündür buradadır, tez-tez gəlib-gedirəm, deyirəm birdən nəsə lazım olar. Amma indiyədək həkim bizə deməyib ki, gedin filan dərmanları alıb gətirin. Nə lazım olubsa, hamısı xəstəxanadan verilib. Şükür ki, uşağın vəziyyəti yaxşıdır, bəlkə sabah çıxardıq».
Bu da daha bir müsahibimizin sözləri: «Mənim uşağım 4 gündür burada yatır. Demək olmaz ki, vəziyyət pisdir. Amma, belə götürəndə, heç yaxşı da deyil. Elə dərmanlar var ki, özümüz alırıq, amma xəstəxanadan da verilənlər var. Əlbəttə, xəstəsi olanın xərci çıxmalıdır. Amma xəstə sahibini hər adi şeyə görə aptekə göndərmək də düz deyil».

Şərait necədir?

Həyətdəki sorğumuzu tamamladıqdan sonra içəri daxil olduq. Öncə onu qeyd edək ki, Respublika Uşaq Klinik Xəstəxanası Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir olunub və hazırda burada şərait, sözün əsl mənasında yüksək səviyyədədir. Həmin müəssisə müasir tibbi avadanlıqlarla da tam təmin edilib. Həyətdəki göz oxşayan abadlığı da bunun üstünə gəlsək, tərəddüd etmədən demək olar ki, burada uşaqların müalicəsi üçün hər bir imkan yaradılıb.

Razılıq da var, narazılıq da!

Nəhayət, baş həkim Nərgiz Qasımova ilə görüşüb, gəlişimizin məqsədi barədə məlumat verdik. «Tibb qəzeti»nin apardığı araşdırmaları yaxından izlədiyini deyən müsahibimiz əlavə izahata ehtiyac olmadığını bildirərək, bizi xəstəxanaya baxış keçirməyə dəvət elədi. Beləliklə, baş həkimin müavini Nərgiz Əli-Əsgərli və Poliklinika şöbəsinin müdiri Səadət Xudiyevanın müşayiəti ilə araşdırmamıza başladıq.

Baxdıq və gördük…

Əvvəlcə Qəbul otağının qapısını döydük. Təsdiq edilmiş iş qrafikinə əsasən həmin vaxt postda keşik çəkməli olan həkimlər Könül Ələkbərova, Elnarə Ağayeva və tibb bacısı Samirə Əzizova iş başında idilər. Səhiyyə Nazirliyinin əmri ilə stasionar xəstələrin müalicəsində pulsuz istifadə olunan dərman vasitələri, tibbi ləvazimatlar və köməkçi materialların tam siyahısının divardan asılmasını, həmçinin şkafda xeyli miqdarda ilkin tibbi yardım preparatlarının olmasını da müsbət faktlar kimi qeyd elədik. Amma «Qəbul jurnalı»na baxarkən bir nöqsana rast gəldik: xəstələrin evə buraxılması haqqında heç bir qeyd aparılmamışdı, yəni həmin gün bu tibb ocağında ümumilikdə 81 nəfər xəstə olsa da, jurnalda onların sayı yüzlərlə idi.

Razılıq da var, narazılıq da!

Doğrudur, bizə bildirdilər ki, artıq xəstələrin qeydiyyatı elektron variantda aparılır və bu jurnal faktiki lazım deyil. Ancaq əgər belədirsə, onda sual yaranır: lazımsız jurnal niyə doldurulur və necə olur ki, pasiyentlərin qəbulu ilə bağlı hər bir məlumat – adı, soyadı, qəbul vaxtı, ilkin diaqnozu və sair haqqında qeydlər orada yazılır, təkcə evə buraxılış qeydindən başqa?!
İndi isə Gülzar Xəlilovanın rəhbərlik elədiyi Kliniki laboratoriyadayıq. Qeyd edək ki, bura öz səliqə-sahmanı, nizam-intizamı ilə diqqəti cəlb edirdi. Xeyli sayda olan reaktivlərin saxlanma qaydalarına da əməl olunmuşdu. Soyuducuları açıb, onları bir-bir gözdən keçirdik – hamısı istifadəyə yararlı idi. Tibbi tullantılara gəldikdə isə, onlar qaydalara uyğun zərərsizləşdirilərək xüsusi təhlükəsizlik qutularına atılmışdı. Bizə bildirdilər ki, sonra onlar təyinatı üzrə təhvil verilir.

Vaxtı keçmiş dərmanlar

Xəstəxananın dərman ehtiyatı ilə tanış olmaq istədiyimizi bildirəndə məlum oldu ki, bu tibb ocağını preparatlarla Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında fəaliyyət göstərən mərkəzləşmiş aptek təmin edir. Oradan alınan dərmanlar – ayrıca daxili aptek olmadığı üçün – baş tibb bacısı İlhamə Qədirovanın otağında saxlanılır. Beləcə, oraya üz tutduq.
Dərmanların saxlandığı otaqda şərait normaldır, termometr və hiqrometri çıxmaq şərtilə, qalan lazımi avadanlıqlarla təmin olunub. Termolabil dərmanlar soyuducularda, narkotik preparatlar dəmir seyfdə, digərləri isə müvafiq olaraq açıq və qapalı şkaflarda saxlanılır. Amma dərmanlara baxış zamanı ciddi bir nöqsana da rast gəldik: 2 qutu (20 tablet) «Enalapril» preparatının istifadə müddəti bitmişdi.

Razılıq da var, narazılıq da!

Artıq nahar vaxtı olduğundan, bu dəfə xəstələrin yeməklə təminatı məsələsinə diqqət yetirməyi qərara aldıq. Və üz tutduq tibb ocağının mətbəxinə. Burada da şərait yüksək səviyyədə idi. Yeməkpaylayan Könül Yusifova təsdiq olunmuş menyunu göstərərək bildirdi ki, bu səhiyyə müəssisəsini yeməklə Respublika Klinik Xəstəxanasında fəaliyyət göstərən mərkəzləşmiş mətbəx təmin edir. Həmin gün ümumilikdə 81 nəfər xəstəyə səhər yeməyində düyü sıyığı, kəsmik, kərə yağı, yumurta, qənd və çay verilmişdi. Nahar biz mətbəxdə olarkən gətirildi – mal ətindən sous, dovğa, kompot, meyvə. Axşama isə yarma aşı, balıq qızartması və peçenye nəzərdə tutulmuşdu.
K.Yusifovanın tibbi müayinədən keçdiyini də nəzərə alsaq, mətbəxdə ümumi vəziyyət qənaətbəxş idi. Amma xəstələrə verilən yeməklərdən nümunələr saxlanılmamışdı.
Nəhayət, bu tibb ocağında müalicə alan uşaqların valideynləri ilə görüşüb, onların fikirlərini öyrənmək üçün bir neçə şöbədə olduq. Amma müsahiblərimizin dediklərini sizə təqdim etməzdən öncə onu qeyd edək ki, araşdırmamız zamanı şöbələrdəki dərman şkaflarını gözdən keçirməyi də unutmadıq. Və bəzi yerlərdə istifadə müddəti bitmiş preparatlara rast gəldik. Daha dəqiq desək, I Pediatriya şöbəsində vaxtı keçmiş 3 ampul «Adrenalin – Zdorovye», II Pediatriya şöbəsində isə 11 ampul «Sulfokamfokain – Darniya» aşkarladıq.

Valideynlər razıdırlar, yoxsa narazı?

İndi isə valideynlərin burada uşaqlara göstərilən tibb xidmətlə bağlı dediklərinə diqqət yetirək. I Pediatriya şöbəsində söhbət elədiyimiz orta yaşlı xanım dava-dərmanla təminatdan qismən razı qaldığını bildirdi. Onun sözlərinə görə, bəzi preparatları aptekdən özləri alsalar da, bəziləri xəstəxanadan verilir. Müsahibimiz onu da qeyd etdi ki, yeməklə təminatdan daha çox razıdır: «Hər gün bir neçə dəfə yaxşı, keyfiyyətli yeməklər verilir. Evdən nəsə gətirməyə heç ehtiyac yoxdur».
Daha bir nəfərlə II Pediatriya şöbəsində söhbət elədik. Burada çalışan həkimlərin təcrübəsindən, peşəkarlığından heç bir narazılığı olmadığını deyən gənc xanım uşağına göstərilən tibbi xidmətdən razı qaldığını desə də, xəstəxanadan heç nə verilmədiyini, lazım olan preparatların hamısını özləri aptekdən aldıqlarını bildirdi.
Qeyd edək ki, Reanimasiya şöbəsinin qarşısında söhbət elədiyimiz valideyn də dava-dərmanla təminatdan narazı qaldığını bildirdi. Kardiologiya şöbəsində fikrini öyrəndiyimiz müsahibimiz isə yalnız həkimin məsləhəti ilə hansısa dərmanı gedib aptekdən aldıqlarını, qalanlarının xəstəxanadan verildiyini dedi.

Sanitar-gigiyenik vəziyyət

Araşdırma zamanı bu tibb müəssisəsində sanitar-gigiyenik vəziyyətə də diqqət yetirdik. Yuxarıda da vurğuladığımız kimi, xəstəxana əsaslı təmir olunub, şərait yüksək səviyyədədir. Bununla yanaşı, baxış keçirdiyimiz hər yer təmizliyi, səliqə-sahmanı ilə diqqəti cəlb edirdi. O ki qaldı konkret olaraq sterilizasiya məsələsinə, bu baxımdan da heç bir çatışmazlıq gözümüzə dəymədi. Müvafiq jurnallarda lazımi qeydlər dəqiq aparılmış, bütün şöbələrdə bikslər qaydalara uyğun markalanmışdı.

Və son…

Beləliklə, daha bir araşdırmamızın sonuna gəldik. Yekun olaraq demək olar ki, göründüyü kimi, müsahiblərimiz arasında bu tibb ocağındakı vəziyyətdən kəskin narazılıq edənlər də oldu, razı qalanlar da. Bəzi şöbələrdə istifadə müddəti bitmiş dərmanlara rast gəldiyimizi də unutmaq olmaz. Bir sözlə, son olaraq bizə irili-xırdalı bütün nöqsanların tezliklə aradan qaldırılmasını arzulamaq qalır. Elə bu diləklə də yazımıza nöqtə qoyuruq.

Q.NURİYEV

P.S. Qəzetimiz çapa hazırlanarkən Respublika Uşaq Klinik Xəstəxanasının baş həkimi N.Qasımovanın imzası ilə redaksiyamıza 16 mart 2015-ci il tarixli, 56 saylı rəsmi məktub daxil oldu. Məktubda bildirilirdi ki, araşdırmanın ertəsi gün həmin tibb müəssisəsində kollektiv toplantı keçirilib, işdə səhlənkarlığa yol verənlərə ciddi xəbərdarlıq olunub və bütün nöqsanlar aradan qaldırılıb.
шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova