Sizin Reklam Burada!

Minilliklər boyu körpənin ehtiyaclarına uyğun formalaşmış ana südü

Minilliklər boyu körpənin ehtiyaclarına uyğun formalaşmış ana südü

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə hər il dünyada avqustun 1-dən 7-dək Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi keçirilir.
Həftənin təsis edilməsi 1990-cı ildə ÜST və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən ana südü ilə qidalanmanın qorunması, təşviqi və dəstəklənməsinə yönəlmiş İnnoçeti Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədardır. Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsinin qeyd edilməsində məqsəd qadınları ana südü ilə qidalandırmanın sağlamlıq faydaları haqqında məlumatlandırmaqdır.
Bu həftə hər il ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur. Həftə çərçivəsində həyata keçirilən tədbirlərdə körpələrin ana südü ilə qidalandırılması təbliğ və təşviq edilir, ana südü ilə qidalandırmanın üstünlükləri barədə geniş maarifləndirmə aparılır.
Ana südü yenidoğulmuş körpə üçün təbiətin yaratdığı ən mükəmməl qidadır. O, təkcə körpənin qidalanmasını təmin etmir, həm də immun sisteminin formalaşmasına, körpənin beyninin inkişafına və infeksiyalardan qorunmasına mühüm töhfə verir. Mütəxəssislər bildirirlər ki, ana südünün faydaları doğuşun ilk saatlarından başlayaraq uşağın uzunmüddətli sağlamlığına qədər uzanır.
Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva nazirliyin mətbuat xidmətinə ana südünün əvəzolunmaz üstünlükləri, kolostrumun əhəmiyyəti, vaxtından əvvəl doğulmuş körpələr üçün rolu haqqında müsahibə verib.


- Ana südü niyə yenidoğulmuşlar üçün ideal qida hesab olunur?
- Spesifik bir məhsul olan ana südü minilliklər boyu körpənin hər inkişaf mərhələsindəki ehtiyaclarına uyğun şəkildə formalaşıb. Zülal, yağ və karbohidratların nisbəti hələ yetkinləşməmiş həzm sisteminə uyğun tənzimlənir, buna görə də qida maddələri bağırsaq və böyrəklərə minimal yük yaradaraq səmərəli mənimsənilir. Məsələn, süd zərdabı ilə kazeinin nisbəti südün laxtasını yumşaq və asan həzm olunan edir, yağ tərkibi isə uzunzəncirli doymamış yağ turşuları ilə zəngin olduğundan ilk aylarda beyin və gözün torlu qişasının sürətli inkişafını dəstəkləyir.
Lakin ana südü sadəcə qida maddələrinin daşıyıcısı deyil. Bu canlı mayenin tərkibində anticisimlər, canlı ağ qan hüceyrələri, fermentlər, hormonlar və böyümə amilləri var ki, bunların heç birinə süni qarışıqda rast gəlinə bilməz. Hətta bir dəfə əmizdirmə zamanı belə ana südünün tərkibi dəyişir və gün ərzində fərqlənir. Əmizdirmənin sonuna doğru süd daha yağlı olur, immun tərkibi isə ana və körpənin qarşılaşdığı patogenlərə uyğun tənzimlənir. Buna görə də bu süd yalnız qida deyil, yenidoğulmuş körpənin böyüməsini, immun sistemini və bağırsaq inkişafını dəstəkləyən dinamik bioloji mayedir.
Ana südü yalnız qida və immunoloji müdafiə vasitəsi deyil, həm də bioloji informasiya daşıyıcısıdır. Müasir tədqiqatlar göstərir ki, ana südünün tərkibində müxtəlif genetik materiallar, o cümlədən mikroRNT-lər, messenger RNT-lər, hüceyrədənkənar vezikullar və canlı ana hüceyrələri mövcuddur. Bu komponentlər körpənin immun sisteminin inkişafında, hüceyrə fəaliyyətinin tənzimlənməsində və gen ekspressiyasına təsir göstərən epigenetik proseslərdə müəyyən rol oynaya bilər.
Ana südü vasitəsilə ötürülən bu bioloji siqnallar ana ilə körpə arasında molekulyar səviyyədə ünsiyyət formalarından biri hesab edilir. Xüsusilə, südün tərkibindəki mikroRNT-lərin bəzi genlərin aktivliyini tənzimləyərək immun cavabın formalaşmasına və inkişaf proseslərinə təsir göstərə biləcəyi ehtimalı irəli sürülüb. Bununla belə, bu mexanizmlərin insan sağlamlığına uzunmüddətli təsirlərinin tam aydınlaşdırılması üçün əlavə tədqiqatlara ehtiyac vardır.
Beləliklə, ana südü yalnız enerji və qida maddələrinin mənbəyi deyil, həm də körpənin inkişafına təsir göstərə bilən mürəkkəb bioloji və genetik informasiya daşıyıcısı kimi qiymətləndirilir.

- İlk günlərdə ağız südünün (kolostrumun) əhəmiyyəti nədir?
- Kolostrum doğuşdan sonrakı ilk iki-dörd gün ərzində ifraz olunan qatı, sarımtıl rəngli süddür və miqdarı az olsa da (bəzən bir dəfəyə cəmi bir neçə çay qaşığı qədər), qoruyucu və funksional komponentlərin qatılığı əhəmiyyətli dərəcədə yüksəkdir. Xüsusilə sekretor IgA ilə zəngindir, bu immunoqlobulin yenidoğulanın bağırsaq divarını qoruyucu təbəqə kimi örtərək zərərli bakteriya, virus və allergenlərin qan dövranına keçməsinin qarşısını alır.
Kolostrum həmçinin təbii işlədici təsir göstərərək körpənin mekonium (tünd, yapışqan ilk nəcis) ifraz etməsinə kömək edir. Bunun klinik əhəmiyyəti ondan ibarətdir ki, orqanizmdə qalan mekonium bilirubinin yenidən qana sorulmasına və yenidoğulanlarda sarılığın artmasına səbəb ola bilər. Erkən və tez-tez nəcis ifrazını təmin etməklə kolostrum əhəmiyyətli sarılıq riskini dolayı yolla azaldır. Valideynlərə tez-tez izah edirik ki, südün az miqdarda ifrazı təbii haldır, südün yetərsizliyinin əlaməti deyil. Doğuşdan sonrakı ilk gündə körpənin mədəsi cəmi bir paxla dənəsi böyüklüyündədir və çox az miqdarda qidaya ehtiyacı var.

- Vaxtından əvvəl doğulmuş körpələr üçün ana südünün əhəmiyyətini niyə xüsusi olaraq vurğulayırlar?
- Vaxtından əvvəl doğulmuş körpələrin bağırsaq baryeri hələ yetkinləşməmiş, immun sistemi isə tam formalaşmamış olur, bu da onları infeksiyalara və nekrotik enterokolitə (NEK) – bağırsaq toxumasının ciddi, bəzən həyat üçün təhlükəli iltihabına qarşı daha həssas edir. Çoxsaylı tədqiqatlar göstərir ki, vaxtından əvvəl doğulmuş körpələrin süni qarışıq əvəzinə ana südü ilə qidalanması NEK-in rastgəlinmə tezliyini əhəmiyyətli dərəcədə azaldır, xəstəlik baş versə belə, adətən daha yüngül gedişatla müşayiət olunur.
Xüsusilə diqqətəlayiq faktdır ki, vaxtından əvvəl doğan ananın südü doğuşu vaxtında olan ananın südü ilə eyni tərkibə malik deyil. Belə süd zülal, müəyyən yağlar, natrium, laktoferrin və sekretor IgA kimi immun qoruyucu amillər baxımından daha yüksək qatılığa malikdir. Bu, sanki vaxtından əvvəl doğulmuş körpənin sürətlənmiş böyümə tələbatına və həssas bağırsağına xüsusi uyğunlaşdırılmış kimi görünür. Bu səbəbdən vaxtından əvvəl doğmuş analara, körpə hələ döşdən birbaşa qidalana bilməsə belə, südün erkən dövrdə və müntəzəm şəkildə sağılması tövsiyə olunur. Həmçinin, mümkün olduqda, süni qarışıq əvəzinə ananın öz südünə üstünlük verilir. Lakin ana südünün tərkibi zamanla dəyişir. Doğuşdan təxminən 4-6 həftə sonra preterm südün zülal və bəzi digər qida maddələrinin miqdarı azalır və onun tərkibi vaxtında doğulmuş körpələrin analarında yaranan südün tərkibinə getdikcə daha çox bənzəyir. Bu dövrdə vaxtından əvvəl doğulmuş körpənin zülal və enerjiyə ehtiyacı hələ də yüksək ola bilər.

- Əmizdirmə körpənin yalnız yenidoğulma dövründə sağlamlığına təsir göstərir? Yoxsa onun uzunmüddətli sağlamlığa da təsiri var?
- Hər ikisinə təsir edir. Qısamüddətli perspektivdə əmizdirilən körpələrdə tənəffüs yolu infeksiyaları, orta qulaq infeksiyaları və mədə-bağırsaq xəstəlikləri daha az müşahidə olunur, çünki hər əmizdirmə zamanı ana anticisimləri və immun amilləri körpəyə ötürməkdə davam edir. Bu qoruyucu təsir xüsusilə körpənin öz immun sisteminin hələ yetkinləşmədiyi ilk il ərzində daha bariz şəkildə özünü göstərir.
Uzunmüddətli perspektivdə əmizdirmə uşaqlıq dövründə piylənmə və 2-ci tip şəkərli diabet riskinin nisbətən aşağı olması ilə əlaqələndirilir. Bundan əlavə, bəzi tədqiqatlar əmizdirmənin koqnitiv (idrak) inkişaf baxımından müəyyən üstünlüklər təmin edə biləcəyini göstərir.

- Ananın qidalanması, maye qəbulu və vərdişləri südün keyfiyyətinə necə təsir edir?
- Bu, analar tərəfindən ən çox verilən suallardan biridir və cavabı kifayət qədər təsəllivericidir: ana südünün tərkibi yüksək dərəcədə tənzimlənən və dayanıqlı sistemə malikdir. Ananın qidalanması optimal olmadıqda belə, orqanizm süd istehsalına üstünlük verir və südün qida dəyərini qorumaq üçün öz ehtiyatlarından, o cümlədən kalsium, dəmir və digər qida maddələrindən istifadə edir. Bu proses bəzi hallarda ananın qida ehtiyatlarının azalması hesabına baş verə bilər. Bununla belə, balanslaşdırılmış və yetərli qidalanma həm ananın doğuşdan sonrakı bərpası və enerji tələbatının qarşılanması, həm də ana südünün müəyyən komponentlərinin tərkibinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, südün yağ turşularının profili, eləcə də D vitamini, B12 vitamini və yod kimi bəzi mikroelementlərin səviyyəsi müəyyən dərəcədə ananın qida qəbulu və qidalanma statusundan asılıdır. Ümumiyyətlə, gündə əlavə 300-500 kalori, yetərli zülal və vitaminlərin, eləcə də kifayət qədər mayenin qəbulu tövsiyə olunur. Uzunmüddətli maye çatışmazlığı süd miqdarında müəyyən azalmaya səbəb ola bilər, ancaq bu adətən südün tərkibinə təsir etmir.
Ananın zərərli vərdişləri isə ana südünün tərkibinə təsir edir. Spirtli içki və narkotik maddələr ana südünə keçir. Bu zaman bu maddələrdən tamamilə imtina edilməlidir. Siqaret çəkmək tövsiyə edilmir, çünki nikotin südə keçərək körpənin yuxu və qidalanma rejiminə təsir edə bilər. Mülayim miqdarda kofein – gündə təxminən 2-3 fincan qəhvə – təhlükəsiz sayılır, çünki südə keçən miqdar çox azdır. Bəzi dərmanlar da davam edən əmizdirmə zamanı həkimlə mütləq şəkildə müzakirə olunmalıdır.

- Əmizdirmənin əks göstəriş olduğu vəziyyətlər varmı?
- Bəli, əmizdirmənin mütləq və ya nisbi əks göstəriş hesab olunduğu bəzi nadir hallar mövcuddur. Bununla belə, əksər hallarda əmizdirmə həm ana, həm də körpə üçün təhlükəsiz və faydalıdır.
Körpə ilə bağlı mütləq əks göstərişlərdən ən mühümü klassik qalaktozemiyadır. Bu nadir irsi metabolik xəstəlik zamanı körpə ana südündə olan qalaktozanı mənimsəyə bilmir, buna görə də ana südü ilə qidalanma tövsiyə edilmir.
Ana ilə bağlı əks göstərişlərə isə müəyyən infeksiyalar və bəzi dərman preparatlarının istifadəsi daxildir. Məsələn, müalicə olunmamış aktiv vərəm xəstəliyi, insan T-hüceyrəli limfotrop virusu infeksiyası və ya kimyaterapiya preparatlarının qəbulu zamanı əmizdirmə məhdudlaşdırıla və ya dayandırıla bilər. Bundan əlavə, radioaktiv maddələrin tətbiqi və ya körpə üçün təhlükəli hesab olunan bəzi dərmanların istifadəsi hallarında da müvəqqəti olaraq əmizdirməyə fasilə verilməsi tələb oluna bilər.
Əksinə, əvvəllər geniş yayılmış yanlış təsəvvürlərdən fərqli olaraq, əksər adi infeksiyalar, o cümlədən soyuqdəymə, qrip və bir çox digər virus infeksiyaları zamanı əmizdirmənin davam etdirilməsi tövsiyə olunur. Çünki ana südü körpəyə qoruyucu anticisimlər və digər immun amillər ötürərək infeksiyalara qarşı müdafiəni gücləndirə bilər.
Nəticə etibarilə, əmizdirmənin əks göstərişləri nisbətən nadir hallarda rast gəlinir və hər bir vəziyyət fərdi qaydada qiymətləndirilməlidir. Ana hansısa xəstəlik və ya dərman istifadəsi ilə bağlı narahatlıq keçirdikdə, əmizdirməni dayandırmazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidir. Ailələrə vurğulamaq lazımdır ki, bunlar qayda deyil, istisnadır – anaların böyük əksəriyyəti, o cümlədən bir sıra dərmanları qəbul edən, xroniki xəstəliyi nəzarətdə olan və ya adi cərrahi əməliyyat keçirənlər belə əmizdirməyə davam edə bilərlər.

Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Ana südünün körpələrə faydası və əlavə qidaya keçid dövrü barədə AZƏRTAC-ın suallarını Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Gültəkin Novruzova cavablandırıb.
- Beynəlxalq Ana Südü Akademiyası təsdiqləyir ki, 12-24 ay arasında əmizdirmə ana üçün bioloji olaraq tam normal və təbii fizioloji prosesdir. Müasir klinik yanaşmaya əsasən, əmizdirmənin dayandırılması kənar təsirlərlə deyil, yalnız ana və uşağın birgə qərarı əsasında baş verməlidir. Lakin təəssüf ki, tibb işçiləri arasında belə, 1 yaşından sonra əmizdirməyə qeyri-adi və ya faydasız bir proses kimi baxmaq meyli var. Uşağın həyatının ikinci ilində ana südü gündəlik enerji tələbatının təxminən 38-45 faizini qarşılayır. O, yüksəkkeyfiyyətli zülalların, yağ turşularının, kalsiumun, A vitamininin və digər vacib mikroelementlərin mühüm mənbəyi olaraq qalır.
Qlobal strategiyalara baxdıqda, Beynəlxalq Ana Südü Akademiyasının bu tövsiyələri ÜST, UNICEF, Amerika Pediatriya Akademiyası və Amerika Ailə Həkimləri Akademiyasının rəsmi mövqeyi ilə tam uzlaşır. Yəni ilk 6 ay eksklüziv ana südü, 6 aydan sonra yaşa uyğun əlavə qidalar və əmizdirmənin ən azı 2 yaşa qədər davam etdirilməsi qızıl standartdır. 6 aydan əvvəl isə hər hansı bir allergiya profilaktikası və ya dəmir statusunu yaxşılaşdırmaq bəhanəsi ilə əlavə qidaların verilməsi elmi cəhətdən əsaslandırılmayıb.

- Bir yaşdan sonra ana südünün uşaq orqanizminə hansı təsirləri var?
- Uzunmüddətli əmizdirmənin körpəyə təsiri çoxşaxəlidir və üç əsas istiqamətdə qruplaşdırılır.
İlk növbədə, immunoloji qorunma. İkinci ildə də südün tərkibindəki immunqlobulinlər, laktoferrin və bioaktiv komponentlər körpəni respirator infeksiyalardan, orta qulaq iltihabından (otit) və kəskin ishal riskindən etibarlı şəkildə qorumağa davam edir.
İkinci istiqamət neyro-koqnitiv inkişafdır. Klinik tədqiqatlar aşkar edib ki, 12 aydan daha uzun müddət əmizdirilən uşaqların intellektual testlərdə koqnitiv və emosional inkişaf göstəriciləri daha yüksək olur.
Nəhayət, xroniki risklərin azalması. Uzunmüddətli əmizdirmə gələcək nəsillərin sağlamlığı üçün metabolik bir investisiyadır. Bu, gələcəkdə uşaqda artıq çəki (piylənmə), tip 2 diabet və digər metabolik pozulmaların yaranma ehtimalını minimuma endirir.

- Allergiya baxımından əmizdirmənin faydası varmı?
- Uzun illər allergiyanın qarşısını almaq məqsədilə allergen qidaların uşağa gec verilməsi tövsiyə edilirdi. Lakin müasir immunologiya bunun doğru yanaşma olmadığını göstərib. Hazırda sübut olunub ki, təxminən 4–6 aylıq dövr "immunoloji tolerantlıq pəncərəsi" hesab olunur. Bu mərhələdə bağırsaq və immun sistemi elə inkişaf mərhələsində olur ki, yaşa uyğun şəkildə təqdim olunan allergen qidalar orqanizm tərəfindən daha asan qəbul edilir və onlara qarşı tolerantlıq formalaşır. Xüsusilə bu proses ana südü ilə qidalanma fonunda daha effektiv gedir.
Müasir beynəlxalq tövsiyələrə əsasən, allergen qidaların uzun müddət gecikdirilməsi allergiya riskini azaltmır, əksinə, bəzi hallarda onun artmasına səbəb ola bilər. Əlbəttə ki, bütün əlavə qidalar uşağın inkişaf səviyyəsinə uyğun, pediatrın tövsiyələri nəzərə alınmaqla mərhələli şəkildə tətbiq edilməlidir. Ən vacib məsələ ailələrin düzgün məlumatlandırılmasıdır. Həkimlər valideynlərlə təzyiqedici deyil, dəstəkləyici ünsiyyət qurmalı, əmizdirmə zamanı yaranan çətinliklərdə peşəkar laktasiya dəstəyi göstərməlidirlər. Süd vəzisi problemləri və ya qidalanma çətinlikləri əmizdirmənin dayandırılması üçün səbəb hesab edilməməlidir.
Yekun olaraq deyim ki, ana südü ilə qidalandırma əlavə qidalarla yanaşı, ən azı 2 il davam etdirilməlidir.


Xəbəri paylaş


Avqust 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova