“Paxis” onkoloq və pasiyent arasında etibarlı körpü olacaq

Azərbaycanlı mütəxəssisin süni zəka əsaslı startapı həm həkimlərə, həm də xəstələrə yardımçıdır
Ayşə Allahverdiyeva Azərbaycanı beynəlxalq elm, texnologiya və sahibkarlıq mühiti ilə birləşdirən gənc mütəxəssislərdən biridir. O, 18 yaşında təhsilini davam etdirmək üçün ABŞ-yə yollanıb. 2023-cü ildə Braun Universitetini koqnitiv neyroelm üzrə bakalavr dərəcəsi və “Data Fluency” üzrə sertifikatla bitirib. Bununla yanaşı, Universitetdə kompüter elmləri, antropologiya və ingilis ədəbiyyatı üzrə də dərslər alıb. Sonra təhsilini “NYU Courant”da biotibbi məlumatlar elmi üzrə magistr proqramında davam etdirib. Bu gün Ayşə təhsil və peşəkar fəaliyyət yolu, qazandığı təcrübə və uğurları ilə Azərbaycanın xaricdə gənc və istedadlı nümayəndələrindən biri kimi ölkəmizi layiqincə təmsil edir. Fəaliyyətinin əsas məqamları təbabətlə bağlı olduğuna görə, gənc mütəxəssisin AZƏRTAC-a verdiyi müsahibəni müəyyən ixtisarlarla oxucularımıza təqdim edirik.
İlk olaraq təhsili barədə danışan həmsöhbət onun peşəkar inkişafındakı roluna toxunub:
- İnsanların düşüncə mexanizminə olan marağım mənə Braun Universitetində koqnitiv neyroelm sahəsində təhsil qazandırdı. Oradakı Karni İnstitutunda və Serr Laboratoriyasında beynin informasiyanı emal etməsi və qərarvermə prosesləri üzrə tədqiqatlar apardım. Beynin informasiyanı necə emal etdiyini və qərar verdiyini öyrəndim. Süni intellektin aktuallaşması fonunda bioloji və süni "beyinləri" öyrənməyin üstünlüyünü görərək, bu istiqaməti Nyu York Universitetində (NYU) biotibbi məlumatlar elmi üzrə magistr təhsili ilə dərinləşdirdim.
Tədqiqat fəaliyyətim çərçivəsində maddə istifadəsi riskinin modelləşdirilməsi, ürək-damar xəstəlikləri üzrə layihələr həyata keçirdim; bu işlər resenziyalı məqalələrdə dərc olundu. Həmçinin yaratdığım milli məlumat bazasına görə Braun Universitetinin Bakalavr Tədris və Tədqiqat Mükafatına layiq görüldüm.
Gələcəkdə təcrübəmi insan-kompüter qarşılıqlı əlaqəsi sahəsində doktorantura təhsili ilə davam etdirmək niyyətindəyəm.
- Peşəkar yolunuzda hansı mərhələlər və qərarlar sizi sahibkar kimi formalaşdıraraq öz startapınızı yaratmağa gətirib?
- Məzun olduqdan sonra ABŞ-nin aparıcı səhiyyə və sığorta şirkətlərindən olan “CVS Health/Aetna”da maşın öyrənməsi modelləri hazırlayıb, FDA və CDC kimi dövlət qurumları üçün dələduzluğun aşkarlanması sistemləri qurmuşam. Paralel olaraq səhiyyə koalisiyalarında və müxtəlif startaplarda könüllü fəaliyyət göstərmişəm.
Daha sonra praktiki onkoloqlarla birgə istehsalatda tətbiq olunan onkoloji süni intellekt platforması yaratdım. Bu təcrübə və qərar sahibkarlıq yolumu müəyyənləşdirdi və hazırda həmtəsisçimlə birgə inkişaf etdirdiyim “Paxis” startapının əsasını qoydu.
- Startap ideyası necə yarandı?
- İdeya “NYU Langone”dakı təcrübəmdən formalaşdı. Onkoloqlarla müzakirələr göstərdi ki, ən böyük çətinliklərdən biri tək bir pasiyent üçün tibbi ədəbiyyatı araşdırmağa sərf olunan vaxtdır. Bunun həlli üçün 116 mindən çox klinik mənbə üzrə axtarış edən real onkoloji platforma qurub istifadəyə verdik.
Həkimlərlə sıx əməkdaşlıq zamanı sistemin hər iki tərəfindəki boşluğu aydın gördük: pasiyentlər müalicə planını tam anlamadan internetdə yanlış məlumatlar axtarır, onkoloqlar isə hər qəbulda eyni sualları cavablandırmaqdan yeni tədqiqatları izləməyə vaxt tapmırdılar. Reallaşdırdığımız sistemdə bu problemi canlı müşahidə etməyimiz bizi müstəqil və daha əhatəli bir həll yaratmağa sövq etdi.
- Startapınız konkret olaraq hansı problemi həll edir? Təklifinizin əsas innovativ cəhəti, bazardakı mövcud həllərdən fərqi nədir?
- “Paxis” onkoloqların vaxt darlığı ilə pasiyentlərin məlumat ehtiyacı arasındakı disbalansı aradan qaldırır. Hər qəbul üçün cəmi 15 dəqiqəsi olan həkimlər detallı izahlara vaxt tapmırlar. “Paxis” isə pasiyentlərə müalicə, simptom və hesabatlarla bağlı suallarına öz real tibbi məlumatlarına əsaslanan cavablar verir. Tibbi mühakimə tələb edən məsələlər birbaşa onkoloqa yönləndirilir, pasiyentin göstəriciləri isə son klinik sınaqlarla avtomatik uyğunlaşdırılır.
Platformanın etibarlılığını təmin edən əsas cəhət pasiyentin sistemə yalnız öz onkoloqunun dəvəti ilə qoşulmasıdır. Bazardakı mövcud tətbiqlər yalnız pasiyentə, “OpenEvidence” kimi xidmətlər isə yalnız həkimə fokuslandığı halda, “Paxis” eyni vaxtda hər iki tərəfin ehtiyacını qarşılaması ilə fərqlənir.
Əvvəlcə texnologiyanın ilkin versiyasını yaradaraq ideyanın real klinik şəraitdə işlədiyini sübut etdik. Həkimlərin müsbət rəyləri əsasında çatışmayan cəhəti - pasiyentlərlə birbaşa əlaqə modulunu əlavə edərək hər iki tərəf üçün tam təcrübə formalaşdırdıq.
Artıq həkimlər klinik sınaqları uyğunlaşdıran alət, pasiyentlər isə hesabatları izah edən tətbiq əldə ediblər. Məhsul birbaşa həkimlər tərəfindən sınaqdan keçirilib və onların rəyləri ilə davamlı təkmilləşdirilir. Rəsmi beta versiyadan öncə sistemi daha da yaxşılaşdırır və tibbi məsləhətçilər şəbəkəmizi genişləndiririk.
Hazırda “pre-seed” mərhələsindəyik. Tam funksional məhsulumuz aktivdir və klinik ədəbiyyatı konkret pasiyentlə uyğunlaşdıran unikal, patentləşdirilməsi planlaşdırılan alqoritmimiz var.
Növbəti mərhələdə 3-5 onkoloq və onların 20-50 pasiyenti ilə 90 günlük pilot layihəyə başlayırıq. Bu prosesdə təhlükəsizliyi, cavab keyfiyyətini və vaxta qənaəti izləyəcəyik. Komandanı genişləndirmək, tənzimləyici məsələləri həll etmək və ödənişli müştərilər cəlb etmək üçün 12 aylıq “pre-seed” maliyyələşməsi toplayırıq.
- Startapın təsisçisi kimi qarşılaşdığınız ən ciddi çətinlik nə olub və bu təcrübə sizə nə öyrədib?
- Ən böyük çətinlik süni intellekti sadəcə dəbdə olduğu üçün deyil, məqsədli tətbiq etmək, xüsusən modelin nə vaxt cavab verməyib sualı birbaşa həkimə yönləndirməli olduğunu dəqiq müəyyənləşdirmək idi. Bu, tibbi məlumatların təhlükəsizliyini və doğruluğunu qorumaq baxımından kritik idi.
Bir dəfə istifadəçilərin ehtiyac duymadığı funksiyaya həftələrlə vaxt sərf etməyimiz isə bizə böyük dərs oldu. Bu təcrübə həkim və pasiyentləri dinləməyi, yalnız onların real ehtiyaclarına cavab verən həllər yaratmağı öyrətdi.
- Startapın inkişafının növbəti mərhələsi üçün əsas hədəfləriniz nələrdir? Layihənin yaxın illərdə regional və qlobal miqyasda inkişafını necə görürsünüz?
- Növbəti 12 ayda əsas hədəfimiz qapalı beta sınaqlarını keçirmək, tənzimləyici hazırlığı və məxfilik təhlükəsizliyini tamamlamaq, eyni zamanda, cavabların dəqiqliyini insan nəzarəti ilə təsdiqləməkdir. Daha sonra məhsulu daha çox xərçəng növü və icma funksiyaları ilə zənginləşdirərək, iri tibb qurumları ilə tərəfdaşlığı genişləndirməyi planlaşdırırıq.
Modelin mürəkkəbliyinə görə fəaliyyətə onkologiyadan başlasaq da, gələcəkdə digər tibbi ixtisaslara və xəstəxana sistemlərinə inteqrasiya olunmağı da nəzərdə tuturuq. Əsas qayəmiz pasiyentlərlə həkimlər arasında qlobal miqyasda etibarlı körpü yaratmaqdır.
- Bu yolda sizə uğurlar arzulayırıq.
Xəbəri paylaş







