Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin əlçatanlığının artırılması məqsədilə Şuşada tibbi aksiya keçirib.
Nazirliyin mətbuat xidmətindən bildirildiyinə görə, aksiya zamanı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ixtisaslaşmış tibb heyəti tərəfindən yerli sakinlərə kompleks tibbi xidmətlər göstərilib. Müayinələr xüsusi avadanlıqlarla təchiz olunan səyyar klinikada aparılıb. Modul tipli mobil laboratoriyanın imkanları sayəsində müxtəlif diaqnostik xidmətlər yerində həyata keçirilib.
Aksiya çərçivəsində pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, şüa diaqnostikası və laboratoriya üzrə mütəxəssislər tərəfindən flüoroqrafiya, rentgen, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya, ultrasəs müayinəsi (USM), spirometriya, Mantu sınağı və arterial qan qazlarının analizi kimi müayinələr icra olunub. Müayinələr zamanı sağlamlıq problemləri aşkarlanan şəxslərə dərhal tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə təyin edilib və onlar ixtisaslaşmış həkimlərə yönləndiriliblər.
Tədbir zamanı ümumilikdə 180-ə yaxın Şuşa sakini tibbi müayinələrdən keçib. Eyni zamanda, iştirakçılara ağciyər xəstəliklərinin risk amilləri, erkən əlamətləri və profilaktik tədbirlər barədə maarifləndirici məlumatlar verilib.
Səhiyyə Nazirliyindən bildirilib ki, işğaldan azad olunmuş digər ərazilərdə də analoji səyyar müayinə və maarifləndirmə tədbirlərinin davam etdirilməsi planlaşdırılır.


Xəbəri paylaş









