Səhiyyə Nazirliyinin yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına mediatur keçirilib

Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) nəzdində yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası yaradılıb. Yeni klinika ölkə vətəndaşlarına beynəlxalq standartlara uyğun rekonstruktiv və estetik cərrahiyyə xidmətləri göstərəcək.
Səhiyyə Nazirliyi fəaliyyətə başlayan yeni klinikaya mediatur təşkil edib. Bu barədə nazirliyin mətbuat xidmətinin xəbərində deyildiyinə görə, mediatur zamanı jurnalistlərə məlumat verən Əziz Əliyev adına ADHTİ-nin rektoru Nazim Pənahov bildirib ki, bu klinikanın yaradılması Azərbaycan tibb tarixində yeni mərhələdir: “Bu klinikanın yaradılması ölkəmizdə yüksək texnologiyalı tibbin inkişafı istiqamətində dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Klinika həm tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq, həm də ixtisaslı kadrların hazırlanmasına güclü töhfə verəcək”.
Nazim Pənahov qeyd edib ki, klinikanın yaradılması ölkədə plastik və rekonstruktiv cərrahiyyəyə artan tələbatdan irəli gəlir: "Travmalar, yanıqlar, onkoloji əməliyyatlardan sonra bərpa ehtiyacının çoxalması və estetik cərrahiyyəyə marağın yüksəlməsi belə ixtisaslaşmış mərkəzin yaradılmasını zəruri edib. Yeni klinika vətəndaşların müalicə üçün xarici ölkələrə getməsinin qarşısını alacaq və beynəlxalq standartlara uyğun tibbi xidməti ölkə daxilində təmin edəcək" .
Klinikanın yaxın günlərdə fəaliyyətə başlayacağını deyən rektor bildirib ki, burada plastik və rekonstruktiv əməliyyatlar icbari tibbi sığorta hesabına həyata keçiriləcək. Buraya yanıqdan, qəzadan sonra bərpa əməliyyatları, dovşandodaq, qurdağız əməliyyatları, əl cərrahiyyəsi, süd vəzinin rekonstruktiv əməliyyatları, mikro və super cərrahi əməliyyatlar aiddir. Estetik əməliyyatlar isə pasiyentlərin öz hesabına həyata keçiriləcək.
Klinikanın baş həkimi Dilqəm Məmmədov mediatur zamanı jurnalistlərə bildirib ki, tibb müəssisəsi yüksək ixtisaslı tibbi xidmətə əlçatanlığı təmin edəcək, əlillik hallarını və funksional itkiləri azaltmağa, pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edəcək: “Burada psixoloji və sosial reabilitasiya xidmətləri göstəriləcək, estetik problemlərin həlli insanların özünəinamının artmasına dəstək verəcək”.
Dilqəm Məmmədov qeyd edib ki, klinika tədris və praktikanın inteqrasiyası ilə fərqlənir. O, rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidissiplinar əməkdaşlıq quracaq. Müasir texnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işləri burada əsas prioritet olacaq.
Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatlar icra olunacaq.
Klinika peşəkar komanda ilə təchiz olunub. Burada yüksək ixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar, reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmiş mütəxəssislər fəaliyyət göstərəcək. Gənc həkim-mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetiriləcək.
Müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer və endoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları, reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texniki bazasını təşkil edir.
Klinikanın fəaliyyəti Azərbaycan səhiyyəsində plastik və rekonstruktiv cərrahiyyənin inkişafına ciddi impuls verəcək və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə olacaq.
Baş həkim həmçinin bildirib ki, Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında həyata keçiriləcək estetik əməliyyatların qiyməti özəl klinikalardan fərqlənəcək: “Dövlət klinikasının təməl məqsədi xalqa xidmət etməkdir, yəni heç bir dövlət xəstəxanasının kommersiya məqsədi yoxdur. Estetik əməliyyatlarda qiymət məsələsini dövlət tənzimləyəcək. Məlumdur ki, özəl klinikalarda estetik əməliyyatlar pasiyentin öz hesabına icra edilir. Ancaq dövlət xəstəxanasında qiymətlər fərqli olacaq. Həmçinin qeyd edim ki, məsələn, hər müraciət edən pasiyentin üzərində burun əməliyyatı icra edilmir. Əməliyyat üçün ilk növbədə, tibbi göstəriş olmalıdır. Məsələn, pasiyentdə nəfəs darlığı, sinus və burun cibləri problemi varsa, o zaman əməliyyatı həyata keçiririk. Həkim heyəti əməliyyatın lazım olub-olmamasına qərar verir”.
Baş həkim klinikada ilk dəfə həyata keçirilməsi planlaşdırılan əməliyyat barədə də məlumat verib. O bildirib ki, bu əməliyyatın qadın pasiyent üzərində aparılması nəzərdə tutulur: “Beyin şişi aşkarlanmış xəstəyə mikrotoxuma ilə toxuma transplantasiyası əməliyyatı icra ediləcək”.
Dilqəm Məmmədov bildirib ki, klinika fasiləsiz fəaliyyət göstərəcək. Burada daimi olaraq 9 plastik cərrah çalışacaq. Ümumilikdə isə ştat cədvəlinə əsasən klinikanın 104 nəfər personalı olacaq. 42 çarpayılıq klinikanın 9 çarpayılıq Reanimasiya şöbəsi var. O vurğulayıb ki, klinikanın əsas fəaliyyət istiqaməti rekonstruktiv (bərpaedici) əməliyyatlardır: “Məqsəd yalnız xarici görünüşü dəyişmək deyil, insanın zədələnmiş və ya itirilmiş bədən hissəsini mümkün qədər əvvəlki vəziyyətinə qaytarmaqdır”.
Onun sözlərinə görə, rekonstruktiv əməliyyatlar əsasən qəza və travmalardan sonra alınan xəsarətlərlə bağlı aparılır: “Alınan travmalar nəticəsində üz, əl və ya bədənin başqa hissəsində deformasiya yaranarsa, biz həmin nahiyəni yenidən formalaşdırırıq. Yanıq hallarından sonra dəri büzüşür, hərəkət məhdudlaşa bilər. Bu zaman xüsusi əməliyyatlarla həm görünüş, həm də hərəkət funksiyası bərpa olunur. Onkoloji əməliyyatlardan sonra, məsələn, süd vəzi xərçəngi səbəbi ilə döş götürüldükdən sonra yenidən formalaşdırılması (rekonstruksiya) aparılır ki, pasiyent həm fiziki, həm də psixoloji olaraq özünü daha yaxşı hiss etsin. Anadangəlmə qüsurlar, o cümlədən dodaq-damaq yarığı kimi problemlər əməliyyatla düzəldilir, uşaq normal danışıq və qidalanma funksiyasına qovuşur”.
Baş həkim qeyd edib ki, bu əməliyyatlar yalnız görünüş deyil, insanın normal yaşaması üçün vacibdir. “Bununla yanaşı, klinikada estetik əməliyyatlar da həyata keçiriləcək. Bu əməliyyatlar daha çox insanın öz görünüşündən razı qalması və özünəinamının artması üçün edilir. Bu estetik əməliyyatlara burun (rinoplastika), göz qapağı, qarın (abdominoplastika), piylərin götürülməsi (liposaksiya), süd vəzi əməliyyatları aiddir. Həmçinin minimal prosedurlar olan iynə vasitəsilə edilən botoks və dolğularla qırışlar azaldılır və üzə daha təravətli görünüş verilir. Biz estetik əməliyyatlarda da çalışırıq ki, nəticə təbii görünsün və insanın özünə uyğun olsun, yəni süni dəyişikliklərdən uzaq dururuq. Hədəf pasiyent auditoriyamız genişdir – həm sağlamlığını bərpa etmək istəyən pasiyentlər, həm də görünüşünü yaxşılaşdırmaq istəyən şəxslər bizə müraciət edə bilərlər. Amma bizim üçün tibbi zərurəti olan rekonstruktiv əməliyyatlar hər zaman daha ön plandadır. İcbari tibbi sığorta isə əsasən məhz bu cür zəruri rekonstruktiv əməliyyatları əhatə edir. Estetik məqsədli əməliyyatlar isə hazırda bu paketə daxil deyil”, - deyə o vurğulayıb.
Dilqəm Məmmədov qeyd edib ki, Azərbaycan Tibb Universitetində təhsil alan tələbələr üçün də belə bir klinikanın açılması çox faydalıdır: “Tələbələr praktiki təcrübəni real pasiyent üzərində, klinik mühitdə öyrənəcəklər. Müasir və yaxşı təşkil olunmuş klinika onların təcrübə imkanlarını genişləndirir. Bura həm də rezidentura və ixtisasartırma bazası kimi də fəaliyyət göstərəcək”.
Baş həkim Klinikada psixoloji və sosial reabilitasiya xidmətlərinin də göstəriləcəyini deyib.
Dilqəm Məmmədovun sözlərinə görə, müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer və endoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları, reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texniki bazasını təşkil edir. Klinikanın fəaliyyəti Azərbaycan səhiyyəsində plastik və rekonstruktiv cərrahiyyənin inkişafına ciddi impuls verəcək və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə olacaq.

Xəbəri paylaş









