Qrup diyet proqramlarından istifadə edənlərə xəbərdarlıq

Son illərdə qrup diyet proqramları geniş yayılıb, xüsusilə sosial şəbəkələr, fitness mərkəzləri və onlayn platformalar vasitəsilə populyarlıq qazanıb. Bu proqramlar bəzən arıqlamağa kömək etsə də, təhlükəsiz deyil.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, bu proqramların əsas məqsədi insanların eyni qida rejiminə əməl etməklə çəkilərinin azalmasını və ya sağlam həyat tərzinə keçidini təmin etməkdir. Qastroenteroloq belə proqramların müsbət və mənfi tərəflərindən danışıb: “Qrup daxilində motivasiya və nəzarət hissi bəzi insanlar üçün müsbət təsir göstərsə də, elmi baxımdan, bu cür standartlaşdırılmış yanaşmalar hər bir fərd üçün təhlükəsiz və uyğun hesab edilə bilməz. İnsan orqanizmi fərdi xüsusiyyətlərə malik mürəkkəb bir sistemdir. Yaş, cins, genetik faktorlar, maddələr mübadiləsinin sürəti, fiziki aktivlik səviyyəsi, hormonal vəziyyət və mövcud xroniki xəstəliklər gündəlik qida ehtiyacını müəyyən edən əsas amillərdir. Qrup diyet proqramlarında isə adətən bu fərdi fərqlər nəzərə alınmır və hamı üçün eyni kalorili, eyni tərkibli qida planı tətbiq olunur”.
Mütəxəssis-ekspert bildirib ki, nəticədə, bəzi insanlarda enerji, yaxud zülal çatışmazlığı, eləcə də vitaminlərin və mineralların çatışmaması baş verə bilər.
Emin Məmmədov xəbərdarlıq edib ki, balanslaşdırılmamış, birtərəfli diyetlərin digər fəsadları da ola bilər. Buna görə diyetlərin hər bir pasiyent üçün fərdi seçilməsi məsləhətdir.
Xəbəri paylaş







