Tibbi aksiyaya yekun vuruldu

“PAŞA Holding” və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü olan "Erkən müayinə can qurtarır!" aksiyasının 3-cü mərhələsi yekunlaşıb. Bununla bağlı bir il ərzində 30 rayonda insanları müayinə edən həkimlərə və tərəfdaşlara təşəkkür gecəsi keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gecədə bir ilin nəticələri haqqında danışılıb. Həkimlər təəssüratlarını bölüşüblər. Layihədə əməyi olan həkimlər, eyni zamanda, layihənin reallaşmasında rolu olan hər kəs təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, ötən ilin mart ayında Göyçay rayonunda start götürən “Erkən müayinə can qurtarır!” aksiyası çərçivəsində Azərbaycanın 30 bölgəsində səyyar müayinələr təşkil olunub, insanlar erkən müayinələrə təşviq ediliblər. Bu dönəmdə 18 374 nəfər müayinə olunub, 3 653 nəfərdə ilkin şəkər aşkarlanıb və onlar qlükometr cihazı ilə təmin ediliblər. Daha ciddi sağlamlıq problemi olan 158 nəfər müvafiq həkimlərə və qurumlara yönəldilib, müalicə olunaraq sağalmaları üçün tədbirlər görülüb.
Xəbəri paylaş







