Şərq təbabəti ilə bağlı yeni kitab çapdan çıxıb

Bu yaxınlarda həkim Şahmar Məmmədovun “Tibbi hicama” adlı kitabı işıq üzü görüb.
Bu kitab müəllifin ənənəvi təbabətlə bağlı çapdan çıxan üçüncü əsəridir. Bundan əvvəl onun “Akupunktura” və “Hirudoterapiya” adlı iki kitabı da nəşr olunub. Uzun illər boyu Şərq təbabətinin aktual sahələri ilə məşğul olan müəllif əldə etdiyi təcrübəni, gəldiyi qənaətləri bu kitablarda əks etdirib.
“Tibbi hicama” kitabının birinci hissəsində həkim zəli müalicəsi, akupunktura, fitoterapiya və digər xalq təbabəti sahələrindən bəhs edir, onun min illərin sınağından keçərək bu günlərə çatdığını vurğulayır.
Kitabın ikinci hissəsində tibbi hicamanın məqsəd və faydaları, təsir mexanizmi, müxtəlif xəstəliklərdə tətbiqi, cızıqların aparılması qaydası, vakuumlama və təkrar vakuumlama, hicama müalicəsinə əks göstərişlər şərh olunur. Müəllif hicamanı sadəcə bədəndən qan çıxarılması kimi qələmə verənlərə əks arqumentlərlə cavab verir. Kitabda tibbi hicama haqqında elmi tədqiqatlar barədə məlumat verilir, həmin elmi əsərlərdən nümunələr gətirilir. Akupunkturanın bir növü kimi təqdim olunan hicama zamanı akupunktur nöqtələr və onların topoqrafiyası, dəridə cızıqların aparıldığı, bankaların qoyulduğu bölgələr şəkillərlə müfəssəl göstərilir.
Kitab Şərq təbabəti ilə məşğul olan həkimlər, fizioloqlar və s. üçün faydalı ola bilər.
Xəbəri paylaş







