Səhiyyə Nazirliyinin nümayəndələri akademik kursda iştirak ediblər

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda “Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu” keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kursda zabit heyəti və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Azərbaycanda səhiyyə və onun milli gücə təsiri, qan donorluğunun əhəmiyyəti və bu sahədə görülən işlər, qeyri-infeksion xəstəliklər yükü və tütün epidemiyası, sağlamlıq hüquqları və ictimai səhiyyə mövzularında mühazirələr dinlənilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və baş hüquq məsləhətçisi Rüstəm Məmmədov tədbirdə geniş təqdimatla çıxış ediblər.
Təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb, beynəlxalq təcrübə müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbəri paylaş







