Azərbaycanın ilk beynəlxalq kardiologiya jurnalının 3-cü nömrəsi təqdim edilib

Azərbaycanın ilk beynəlxalq, ingilisdilli, DOI ilə indekslənmiş kardiologiya jurnalı olan “Journal of Heart Disease and Therapy” - “Ürək xəstəlikləri və onların müalicəsi” jurnalının artıq 3-cü nömrəsi çapdan çıxıb. Beynəlxalq redaksiya və rəyçilərə malik, Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənmiş və dövri nəşriyyatlar siyahısına daxil olunmuş jurnal ictimaiyyətə təqdim edilib.
Təqdimat mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında keçirilib. Açılış mərasimində çıxış edən Səhiyyə Nazirliyi, Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova tədbir iştirakçılarını salamlayaraq jurnalın əhəmiyyətindən danışıblar.
Professor Gülnaz Dadaşova çıxışında Azərbaycan kardiologiyasının beynəlxalq elmi arenada tanıdılmasında jurnalın əhəmiyyətini vurğulayaraq, onun tibb elmi və klinik təcrübənin inkişafına töhfə verəcəyini qeyd edib: “Bu jurnal yalnız yerli alimlər üçün deyil, eyni zamanda, beynəlxalq kardiologiya ictimaiyyəti üçün də qiymətli bir platformadır. Biz burada biliklərimizi paylaşır, yeni araşdırma istiqamətlərini müəyyən edirik. Təqdirəlayiq haldır ki jurnalın redaksiya heyətində Avropa, Asiya və Azərbaycanın aparıcı kardioloqları bir araya gəlib”.
Tədbirdə iştirak edən professor Alberiko Katapone və professor Ziviad Kipiani jurnalın beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini qeyd ediblər və gələcək birgə layihələrin perspektivlərindən danışıblar.
Jurnalın təqdimatını həyata keçirən t.ü.f.d. Vüsal Hacıyev 3-cü nömrənin məzmunu, aktual mövzuları və gələcək planları barədə geniş məlumat verib, beynəlxalq mütəxəssislərlə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində jurnalın mövcud elmi nailiyyətləri, araşdırma sahələri və kardiologiya elminin inkişafına töhfəsi geniş şəkildə təqdim olunub.


Xəbəri paylaş







