ÜST-nin Azərbaycandakı nümayəndəliyi jurnalistlərlə görüş keçirib

ÜST-nin Azərbaycandakı nümayəndəliyi jurnalistlərlə görüş keçirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş təşkil edib.
AZƏRTAC xəbər verir ki, görüşün məqsədi ÜST ilə yerli media arasında əlaqələri daha da gücləndirmək, ictimai sağlamlıq sahəsində görülən işlərlə bağlı məlumat mübadiləsi aparmaq və gələcək əməkdaşlıq imkanlarını araşdırmaq olub.
Tədbirdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər və ÜST-nin ölkə ofisinin əməkdaşları iştirak ediblər.
Qeyri-rəsmi və qarşılıqlı ünsiyyətə açıq formatda keçirilən görüş zamanı iştirakçılara ÜST-nin Azərbaycandakı fəaliyyətinin prioritet istiqamətləri olan iqlimə davamlı səhiyyə sistemlərinin gücləndirilməsi, köməkçi texnologiyalara çıxış, immunizasiya, psixi sağlamlıq, qeyri-infeksion xəstəliklərlə mübarizə, ÜST-nin səhiyyədə fövqəladə hallar proqramının fəaliyyəti və digər sahələrdə həyata keçirdiyi təşəbbüslər barədə məlumat verilib.
Tədbirdə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı sağlamlıqla bağlı məlumatların ictimaiyyətə dəqiq və vaxtında çatdırılması üçün mətbuatla işləməyin onlar üçün prioritet olduğunu qeyd edib: "Biz ÜST olaraq sizi ictimai səhiyyənin ayrılmaz tərəfdaşı kimi görür və bu əməkdaşlığa böyük dəyər veririk. Sağlam bir cəmiyyətin qurulması sizinlə mümkündür”, - deyə Hande Harmancı bildirib.
Tədbir çərçivəsində jurnalistlər ÜST-nin mütəxəssisləri ilə birbaşa ünsiyyət quraraq, maraqlandıqları suallara cavab alıblar. Eyni zamanda, gələcək əməkdaşlıqla əlaqədar fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Hande Harmancı jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, görüş açıq fikir mübadiləsi üçün imkan yaradıb, həmçinin jurnalistlərin iştirakı və maraqlı sualları səhiyyə ilə bağlı mövzuların ictimai müzakirəsində medianın rolunu bir daha önə çıxarıb. Tədbir qarşılıqlı dialoqun davamlılığını təşviq edən müsbət addım kimi dəyərləndirilib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri media nümayəndələrinə açıqlamasında uşaqlıq boynu xərçənginə qarşı HPV peyvəndinin Azərbaycanda tətbiq edilməsi ilə əlaqədar Səhiyyə Nazirliyi ilə müzakirələr aparıldığını deyib. Bildirib ki, nazirlik bu peyvəndin tətbiq olunması ilə bağlı müsbət mövqedədir.
O hazırda ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən əhalinin HPV vaksini ilə əlaqədar fikirlərini öyrənmək üçün sorğunun aparıldığını deyib. Qeyd edib ki, bu sorğu nəticəsində əhalidən HPV peyvəndi ilə bağlı alınan rəylər önəmli olacaq: "HPV vaksini uşaqlıq boynu xərçəngindən qorunmaq üçün çox vacibdir. Hesab edirəm ki, bir neçə il ərzində bu vaksinin tətbiqi Azərbaycanda dövlət proqramına salına bilər".
ÜST-nin Azərbaycan nümayəndəliyinin məsləhətçisi Şahnaz Həsənova isə media nümayəndələri ilə görüşdə deyib ki, bəşəriyyətin ən mühüm ixtiralarından biri olan peyvəndlər sayəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Ləğv edilməli olan növbəti xəstəlik isə poliomielitdir.
O bildirib ki, 30-dan çox təhlükəli xəstəliyə qarşı peyvənd mövcuddur: “Həmçinin iki xərçəng növünə qarşı peyvənd var. Bunlar qaraciyər xərçəngi və uşaqlıq boynu xərçəngi ilə bağlı peyvəndlərdir. Qeyd edim ki, 2020–2030-cu illərdə 98 ölkədə 10 patogenə qarşı immunizasiya proqramının 32 milyon insanın həyatını xilas edəcəyi proqnozlaşdırılır. Onların 88 faizini 5 yaşa qədər uşaqlar təşkil edəcək. Həmçinin bildirməliyəm ki, dünyada immunizasiya sayəsində difteriya, tetanus, göyöskürək, qrip və qızılca kimi xəstəliklərdən hər il 5 milyona qədər ölümün qarşısı alınır. Peyvəndlər çox təhlükəsiz və effektivdir. Bir neçə peyvəndi eyni gündə vurmaq olar”, - deyə Ş.Həsənova vurğulayıb.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova