Səhiyyə Nazirliyinin elmi tədqiqat institutları və mərkəzlərinin illik fəaliyyəti təhlil edilib

Səhiyyə Nazirliyinin elmi tədqiqat institutları və mərkəzlərinin illik fəaliyyəti təhlil edilib

Səhiyyə Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutları və mərkəzlərinin rəhbərlərinin iştirakı ilə 2024-cü ilin yekunlarına və növbəti ildə həyata keçiriləcək tədbirlərə həsr olunan iclas keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev səhiyyə sisteminin inkişafının ölkəmizdə prioritet məsələlərdən olduğunu vurğulayıb: “Bu il ölkəmizdə səhiyyə infrastrukturunun daha da möhkəmləndirilməsi, göstərilən xidmət səviyyəsinin artırılması, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və rəqəmsallaşdırma işlərinin genişləndirilməsi istiqamətində bir sıra zəruri addımlar atılıb. Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, ölkə səhiyyəsinin müasir tendensiyalara cavab verməsi və əhalinin tibb xidmətlərindən məmnunluq səviyyəsinin və əlçatanlığının daha da artırılması ilə bağlı sistemli işlər görülür”.
Nazir elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsallaşdırma və innovativ texnologiyalarının daha geniş tətbiqi, işğaldan azad edilən ərazilərdə səhiyyə ocaqlarının inşası və digər istiqamətlərdə mühüm işlərin görüldüyünü bildirib: “Nazirlər Kabinetinin 2023-cü il aprelin 14-də verdiyi Sərəncama əsasən, ölkədə səhiyyə sahəsinin rəqəmsallaşdırılması çərçivəsində önəmli yeniliklərdən olan “Elektron Resept Sistemi” Səhiyyə Nazirliyi tərəfindən 2024-cü il mayın 1-dən etibarən istifadəyə verilib”.
Prezidentin müvafiq Fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankının yaradıldığını qeyd edən nazir deyib: “Dövlət başçısının imzaladığı sənədin icrası məqsədilə Respublika Qan Bankının Bakı şəhəri ilə yanaşı, ölkənin digər bölgələrində də fəaliyyətinin genişləndirilməsi prioritet məsələlərdəndir. Dövlət başçısının digər Fərmanı ilə 2023-cü il yanvarın 1-dən etibarən 9 elmi tədqiqat institutu və mərkəzi Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Həmin müddət ərzində qurumların maliyyələşdirilməsi və optimal idarəçilik prinsiplərinin qurulması istiqamətində mühüm addımlar atılıb”.
Qarşıda duran vəzifələr və fəaliyyət istiqamətlərindəki çatışmazlıqlar təhlil edilərək, gələcək üçün sistemli yanaşmanın tətbiqinə imkan verən müasir idarəçilik strategiyası, əhali üçün daha əlçatan və mütərəqqi tibbi xidmətlər platformasının hazırlanmasının vacibliyi qeyd olunub. Həmçinin nazirlik tərəfindən istifadəyə verilən “Elektron Resept Sistemi”ndən daha geniş istifadə və nazirliyin tabeliyindəki bütün qurumlarda birmənalı bu sistemə keçidlə bağlı tapşırıqlar verilib.
Səhiyyə Nazirliyinin tabeliyində olan K.Y.Fərəcova adına Elmi Tədqiqat (ET) Pediatriya İnstitutunun direktoru Aynur Poluxova, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, Akademik C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, ET Travmatologiya və Ortopediya İnstitutunun direktoru Rüstəm Talışinski, ET Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova, ET Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova, ET Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyeva, V.Y.Axundov adına ET Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru Sərdar Əsədovun hesabatları dinlənilib.
Çıxış edənlər bildiriblər ki, il ərzində tibb ocaqları bir sıra yenilik və uğurlara imza atıb, habelə müəssisələr daxilində əməliyyatxana və şöbələr əsaslı təmir olunub. Hesabat dövründə “Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin tabeliyindəki qurumlar işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici aksiyalar və müxtəlif istiqamətlərdə kompleks tibbi müayinələr aparıblar.
Diqqətə çatdırılıb ki, cari ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib, hər iki tibb müəssisəsinə yüksəktezlikli süni tənəffüs cihazları, küvəzlər və digər müasir tibbi avadanlıqlar hədiyyə edib. Heydər Əliyev Fondunun vitse-prezidenti həmçinin nazirliyin Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib. O, tibb ocaqlarında yaradılan şəraitlə tanış olub, orada müalicə alan uşaqların valideynləri ilə görüşüb.
Bundan əlavə, oktyabrda Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra anlaşma memorandumları imzalanıb. Bu sənədlər tərəflər arasında intensiv əlaqələr qurmaqla, elmi tədqiqatların aparılması, həmin ixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, kadr mübadiləsi, faydalı əməkdaşlığın təşviqi və gücləndirilməsini ehtiva edir.
Eyni zamanda, qeyd olunub ki, bu il I Türk Dövlətləri Kardioloji Qurultayı, ET Ağciyər Xəstəlikləri İnstitutunun 80 illik yubileyinə və Sümük İliyi Transplantasiyasının 10 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirlər Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub. Bundan əlavə, elmi tədqiqat institutları və mərkəzlərinin mütəxəssislərinin məqalələri bir sıra tanınmış beynəlxalq nəşrlərdə dərc edilib.
Təqdimatlardan sonra nazir əldə olunan nailiyyətlərlə yanaşı, problemlərin də mövcudluğunu diqqətə çatdırıb, elmi tədqiqat institutları və mərkəzlərində müasir yanaşmalara əsaslanan korporativ idarəetmə mexanizmlərinin tətbiqinin vacibliyini qeyd edib.
İclasın yekununda qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova