«Sağlam qidalanma səhər yeməyindən başlayır»

«Sağlam qidalanma səhər yeməyindən başlayır»

14 Noyabr – Ümumdünya Diabet günü münasibətilə bu şüar altında tədbir keçirildi

14 noyabrın Ümumdünya Diabet günü kimi təsis olunması həkim Frederik Bantiçin adı ilə bağlıdır. 1921-ci ilin oktyabrında o, tələbəsi Çarlz Bestlə birlikdə ilk dəfə şəkərli diabet xəstəliyinin müalicəsi üçün insulin preparatını kəşf edib. Noyabrın 14-ü isə bu böyük alimin doğum günüdür. Məhz onun şərəfinə Beynəlxalq Diabet Federasiyasının və Ümumdünya Səhiyyə Təşkilatının qərarına əsasən 1991-ci ildən etibarən bu tarix Ümumdünya Diabet günü kimi qeyd olunur.

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu əlamətdar gündə ictimaiyyətin diqqətini bir daha diabetlə bağlı problemlərə yönəltmək üçün müxtəlif aksiyalar təşkil olunur. Onlardan biri də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinoloji Mərkəzi (REM) və Azərbaycan Diabet Liqasının (ADL) birgə təşkilatçılığı ilə «Qafqaz Point» otelində keçirilən tədbir oldu. «Sağlam qidalanma səhər yeməyindən başlayır» şüarı altında keçən bu toplantıda millət vəkilləri, paytaxtın bəzi rayon icra hakimiyyətlərinin nümayəndələri, dövlət və özəl tibb müəssisələrinin mütəxəssisləri, diabetli uşaqlar və onların valideynləri iştirak edirdilər.
Tədbirdə öncə qonaqlarda qanda şəkərin və qlükozalaşmış hemoqlobinin miqdarı ölçüldü. Sonra isə bütün iştirakçılar səhər yeməyinə dəvət edildilər.
Daha sonra aparıcı – İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Hacıyeva rəsmi hissəni açıq elan etdi.
İSİM-in direktoru Ceyhun Məmmədov çıxış edərək, hər kəsi şəkərli diabet problemini tək Ümumdünya Diabet günündə deyil, bütün il boyu diqqətdə saxlamağa çağırdı. Sağlam qidalanmanın şəkərli diabet xəstələri üçün, ümumiyyətlə, bütün insanlar üçün çox vacib olduğunu deyən natiq əhali arasında bu xəstəliyin azalması üçün ilk növbədə profilaktik tədbirlərin zəruriliyini vurğuladı. C.Məmmədov ölkəmizdə atılan digər addımlarla bərabər, uşaqların icbari dispanserizasiyasının da gələcəkdə şəkərli diabet xəstəliyinin fəsadlarının azalması baxımından faydalı olacağına inamını bildirdi.
Sonra çıxış edən REM-in direktor müavini, ADL-in sədri Yeganə Sultanova Azərbaycanda şəkərli diabetlə bağlı vəziyyət barədə məlumat verdi. O xatırlatdı ki, ÜST və Beynəlxalq Diabet Federasiyası (BDF) öz hesabatlarında şəkərli diabetlə xəstə insanların sayının durmadan artmasından narahatlıqlarını bildiriblər: «25 il bundan əvvəl dünya üzrə 30 milyon diabet xəstəsi vardısa, hazırda bu rəqəm 400 milyona çatıb. Onların əksəriyyətini – 90-95 faizini II tip şəkərli diabet xəstələri təşkil edir. Hər 10 saniyədə yer üzündə 2 nəfər şəkərli diabetlə xəstələnir, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Hər il 7 milyon nəfərə qədər insan şəkərli diabet xəstəsi kimi qeydə alınır, 5 milyon nəfər isə bu xəstəlikdən vəfat edir. O cümlədən hər il I tip şəkərli diabetlə xəstələnmiş 70 min nəfər uşaq aşkar edilir. Bütün bunlara görə də ÜST şəkərli diabeti qeyri-infeksion epidemiya kimi dəyərləndirir. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə öz qətnaməsində bu patologiyanı “böyük xərclər tələb edən və ağır fəsadlarla müşahidə olunan xəstəlik” adlandırıb, onun ailəyə, dövlətə, bütün dünyaya böyük təhlükə yaratdığını vurğulayıb».
Y.Sultanova qeyd etdi ki, ÜST-nin və BDF-nin hesabatlarına əsasən, şəkərli diabetlə mübarizəyə lazımi qədər vəsait ayrılan ölkələrdə bu xəstəlikdən ölüm göstəricisi aşağı, kifayət qədər maliyyə ayrılmayan dövlətlərdə isə yüksəkdir: «Məsələn, Hindistan və Çində şəkərli diabet xəstələrinin sayı digər ölkələrlə müqayisədə orta səviyyədədir. Amma vəsait çox cüzi miqdarda ayrıldığı üçün bu ölkələr ölüm göstəricisinə görə ilk sıralarda dayanır. Azərbaycanda isə 2005-ci ilə qədər diabet xəstəliyinin yayılma dərəcəsi Tacikistan və Qırğızıstandakı kimi aşağı səviyyədə idi, qeydiyyatda cəmi 30 min nəfər var idi. Amma bu o demək deyil ki, həmin dövrdə belə xəstələrin sayı az olub. Göstəricilərin aşağı olması əvvəllər insanların lazımi səviyyədə müraciət etməməsinə görə idi. İndi isə ölkəmizdə bu xəstəliyin aşkarlanması yaxşılaşıb və 250 min nəfərə qədər diabet xəstəsi qeydiyyatdadır».
REM-in direktor müavini bildirdi ki, 2005-ci ilə qədər bu xəstəlikdən ölənlərin sayına görə Azərbaycan MDB ölkələri arasında birinci yerdə olsa da, indi vəziyyət müsbətə doğru xeyli dəyişib: «Ölkəmizdə diabet səbəbindən ölüm sayı getdikcə azalır. Müsbət dəyişikliklər «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Qanunun, həmçinin bununla bağlı müvafiq Dövlət və Tədbirlər proqramlarının qəbul edilməsindən sonra baş verdi. Üstəlik, o vaxtdan etibarən bu sahəyə ayrılan maliyyə vəsaiti də xeyli artıb. Bu da şəkərli diabet xəstəliyinin səbəb olduğu ölüm hallarının və digər fəsadların qarşısını almağa imkan verir. Bu gün müəyyən problemlər hələ də qalsa da, əldə olunan nailiyyətlər daha böyükdür».
ADL-in sədri onu da vurğuladı ki, ÜST və BDF-nin təqdimatlarında kiçik xərclərlə böyük nəticələr əldə etməyin mümkün olduğu göstərilir: «Məsələn, II tip şəkərli diabet xəstələrinin sayını 70 faizədək azaltmaq olar. Bunun üçün ilk növbədə sağlam qidalanma, fiziki aktivlik, tütündən istifadə etməmək və alkoqolu azaltmaq lazımdır. Bəli, sağlam qidalanmaq olduqca vacibdir və o, səhər yeməyindən başlayır. Əgər diabet xəstəsi insulinə həssaslığın artdığı səhər çağı düzgün qidalansa, bütün gün ərzində vəziyyəti stabil olar».
Milli Məclisin Sosial Siyasət Komissiyasının sədri Hadi Rəcəbli də vurğuladı ki, Azərbaycanda «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Qanun qəbul ediləndən sonra bu sahədə böyük nailiyyətlər əldə olunub: «Əgər 2012-ci ildə bu problemə 12 milyon manat ayrılmışdısa, gələn ildən artıq bu vəsait 36 milyon manat təşkil edəcək. Bunun hesabına şəkərli diabetdən əlilliyin və ölümlərin sayı azalıb. Biz birgə fəaliyyət göstərməklə, ölkədə olan resursları daha səmərəli yönəltməklə və ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməklə bu xəstəliyin qarşısını ala bilərik».
Daha sonra professor Rauf Cabbarov, Təhsil Nazirliyinin nümayəndəsi Ağababa İbrahimov, İSİM-in həkim-endokrinoloqu Nigar Yaqubova, tibb üzrə fəlsəfə doktoru Nərmin İsmayılova və başqaları çıxış edərək, şəkərli diabet xəstəliyinin qarşısını almaq üçün profilaktik tədbirlərin vacibliyi, sağlam qidalanmanın əhəmiyyəti və digər məsələlər barədə öz fikir və mülahizələrini bildirdilər.
Sonda tədbirə dəvət edilmiş diabetli uşaqlara müxtəlif hədiyyələr verildi və üzərinə həmin uşaqların arzuları yazılmış şarlar havaya buraxıldı.
Q.NURİYEV





Okryabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova