Azərbaycanda nadir əməliyyat edilib

Azərbaycanda nadir əməliyyat edilib
Ana böyrəyini altı yaşlı oğluna bağışlayıb

“Altı yaşlı, çəkisi 8 kiloqram olan Sadiq Əbdülxaliqov bir neçə il xroniki böyrək çatışmazlığından əziyyət çəkib və xəstəlik səbəbindən fiziki inkişafdan geri qalıb. Valideynlərinin sözlərinə görə, uşağı dəfələrlə xarici ölkələrdə müayinə etdirsələr də, aparılan müalicələr heç bir effektiv nəticə verməyib. Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etdikdən sonra isə azyaşlıya böyrək transplantasiyası məsləhət görülüb. Bu çəkidə nadir hallarda aparılan böyrəkköçürmə əməliyyatı Azərbaycanda ilk dəfə icra olunub və uğurla bitib. Belə bir əməliyyatın ölkəmizdə həyata keçirilməsi Azərbaycanda səhiyyənin yüksək inkişafının daha bir bariz nümunəsidir”.
Bu barədə bizə Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verdi. O bildirdi ki, şöbənin həkimləri birgə konsiliumdan sonra, uyğunluq analizlərinin nəticələrini də nəzərə alaraq, ağır vəziyyətdə olan oğlana öz anasından böyrək köçürməyə qərar veriblər.
M.Kazımi onu da diqqətə çatdırdı ki, əməliyyat zamanı standart böyrək köçürülməsi proseduru icra edilməyib. Belə ki, təxminən 2 yaşlı uşaq çəkisində olan 6 yaşlı Sadiq üçün onun anasından götürülən böyrəyin ölçüləri çox böyük olduğuna görə, nəql edilən orqan xəstənin qalça çuxuruna deyil, qarın boşluğuna yerləşdirilib. Bununla yanaşı, böyrək arteriyası birbaşa aortaya, böyrək venası isə aşağı boş venaya anastomoz olunub və tikilib. Mütəxəssis əməliyyatın və əməliyyatdan sonrakı müddətin fəsadsız keçdiyini söylədi.
Şöbə müdiri qeyd etdi ki, bu tip əməliyyatların icrası həm texniki cəhətdən çətindir, həm də xəstələrin əməliyyatdan sonrakı müddətdə immunsupressiv müalicəsi, orqanizmin sürətli inkişafının bərpası da məsuliyyət və ciddi nəzarət tələb edən mürəkkəb işdir. M.Kazımi Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin nefroloq həkimi, tibb üzrə fəlsəfə doktoru Elnur Fərəcovun əməliyyatdan sonrakı müddətdə peşəkarlıqla azyaşlının müalicəsini və nutrisiyanı həyata keçirdiyini dedi.
Müsahibimiz diqqətə çatdırdı ki, donor əməliyyatını icra edən həkim-cərrah Eldar Əhmədov orqanın alınması əməliyyatını hazırda dünyanın inkişaf etmiş mərkəzlərində olduğu kimi, laparoskopik üsulla həyata keçirib. Bu üsul əməliyyatdan sonrakı müddətdə donorda ağrıların olmamasına, yaranın kiçik və estetik olmasına zəmin yaradır. Şöbə müdiri əməliyyatdan 3 gün sonra donorun normal vəziyyətdə xəstəxanadan çıxıb evinə qayıtdığını söylədi.
Sonda Mircəlal Kazımi 6 yaşlı bir uşağın həyatını xilas etməkdən məmnunluq duyduqlarını vurğuladı.
Ü.Fərzəliyeva





Noyabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova