Erkən evlilik nələr vəd edir

«Tez oyananla tez evlənən udar» deyimi həmişə özünü doğruldurmu?
Deyirlər "Tez evlənənlə tez yuxudan oyanan qazanar". Bu ifadəni yaşlıların, valideynlərin, nənə-babaların dilindən tez-tez eşidirik. Bu misalı özlərinə örnək edərək, nəvə-nəticə görmək arzusu ilə yaşayan valideynlər övladlarının tez ailə qurub oğul-uşaq sahibi olmasını istəyirlər. Elə bu səbəbdən bəzi hallarda az yaşlı, yəni evliliyə nə psixoloji, nə də fiziki baxımdan hazır olmayan qızlar erkən evliliyə təhrik edilirlər. Adını şərti olaraq qeyd etdiyimiz Səbinə kimi.
Səbinənin 14 yaşı olanda atası onu Rusiyada yaşayan, orada bizneslə məşğul olan 38 yaşlı tanışına ərə verdiyini bildirib. Əvvəlcə Səbinə buna o qədər də əhəmiyyət verməsə də, bir də onda ayılıb ki, artıq nişandır. Evdə atasının bir sözünü heç kim iki eləmədiyindən, elə Səbinənin də etiraz etməyə nə gücü, nə də cəsarəti çatmayıb. El adəti ilə, bütün təmtərağı ilə keçirilən toy, qızına gətirilən bahalı əşyalar, özündən cəmi iki yaş kiçik olan kürəkən atanın çox ürəyinə yatıb. Elə ana da, kiçik bacı-qardaş da bu qohumluğa sevinib.
Təzə bəy isə toydan cəmi bir ay sonra gəlini qoca atasının yanında qoyaraq, yenidən Rusiyaya yola düşüb. Ancaq təklik hələ bədbəxtliyin hamısı deyilmiş. Hamilə olan Səbinə tez-tez özünü pis hiss etsə də, buna o qədər də əhəmiyyət verməyib. Lakin hamiləliyin beşinci ayı 14 yaşlı qızın vəziyyəti agırlaşıb. Xəstəxanaya çatdırılanda isə həkimlərin hökmü birmənalı olub: təcili əməliyyatla hamiləlikdən azad edilməsə, həyatı təhlükə qarşısındadır.
Əməliyyatdan sonrakı qərar isə Səbinənin özü və valideynləri üçün ölümdən də ağır səslənib: "O daha ana ola bilməyəcək".
Səbinənin əməliyyatında iştirak edən cərrahın dediyinə görə, hələ yetkinləşməmiş orqanizm hamiləliyə hazır olmadığından, yeganə çıxış yolu uşagı üstdən götürərək, yalnız xəstənin həyatını xilas etmək olub.
15-16 yaşda ərə gedən qızların sayı çoxalıb
Gəncə şəhər Ailə və Nikah Məsləhətxanasının baş həkimi Raya Məmmədovanın bildirdiyinə görə, son illərdə onlara müraciət edən 15-16 yaşlı hamilə qadınların sayı artıb. Bu qəbildən olan hamiləliklərdə fəsadlar, ağırlaşmalar çox olur. Cinsi cəhətdən yetkin olmamaları və vaxtsız hamiləlik azyaşlı qızların sağlamlığını böyük risk altında qoyur. Fiziki pozuntular əksər hallarda psixoloji sarsıntılarla müşayiət olunur. Eləcə də erkən hamiləlikdən doğulan uşaqların da sağlamlığında problemlər yaranır. Raya Məmmədova erkən evlilikdən çəkinməyi, amma bu hallar baş veribsə, heç olmasa, bir neçə il belə azyaşlı evli qadınların hamiləlikdən qorunmalarını məsləhət görür. Ən acınacaqlı vəziyyət isə odur ki, əksər hallarda bu qadınlar hamiləlik dövründə həkimə, demək olar ki, müraciət etmirlər. Halbuki əgər 15 yaşlı qız hamilədirsə, o daha artıq dərəcədə həkim nəzarətində olmalıdır ki, baş verə biləcək fəsadlar vaxtında aşkar edilərək, tibbi müdaxilə oluna bilsin.
Erkən evlilik qanunla qadağandır
Qanun hər şeydən alidir, lakin ölkəmizdə bəzi hallarda ailə, nikah məsələlərində qanunvericilikdə nəzərdə tutulan bir sıra müddəalar pozulur. "Şəffaflıq - Azərbaycan" Korrupsiyaya qarşı mübarizə təşkilatının Gəncə ofisinin direktoru Sevinc Məmmədova bildirir ki, onlara erkən yaşda ailə quran, lakin rəsmi nikaha girməyən qadınlar çox müraciət edirlər: "Əsasən ərləri Rusiyada olan və əllərində nikah haqqında şəhadətnamə olmayan, üstəlik cəmi 15-16 yaşında ailə qurduqlarına görə heç bir sənətə də sahib olmayan qadınlar illərlə ərlərinin yolunu gözləməkdən başqa çarə tapmırlar. Məsələn, bizə müraciət edənlərdən biri hələ 9-cu sinfi bitirməmiş ailə qurub. Anası o vaxt təkid edib ki, doqquzuncu sinifdən sonra məktəbdən çıxsın, çünki qardaşı onsuz da onu ali məktəbə getməyə qoymayacaq. Elə "ilk qismətindir" deyib ərə veriblər. Yaşı az olduğundan nikah kəsdirməyiblər. Maddi vəziyyətləri yaxşı olmadığına görə çoxları kimi onun da həyat yoldaşı Rusiyaya üz tutub. Uşaq dünyaya gələndə isə nikahları olmadığından doğum haqqında şəhadətnaməni belə ala bilməyiblər. Bizə üz tutan qadın bildirir ki, həyat yoldaşı 3 yaşlı uşağın heç üzünü də görməyib. İndi də kefi istəyəndə pul göndərir, istəməyəndə yox. Həm uşaq sənədsiz qalıb, həm də özü çıxılmaz vəziyyətdə".
Gəncə şəhər Nizami rayon VVAQ şöbəsinin müdiri Samirə Kazımovanın sözlərinə görə, hazırda nikahsız yaşayan ailələrin sayı çoxdur. Bunun səbəblərindən biri də məhz elə qanunla nikaha yaşı düşməyənlərin evlənməsidir. Azərbaycan Respublikası qanunvericiliyinə görə, qadınlar 17, kişilər isə 18 yaşını tamamladıqdan sonra nikaha girə bilərlər. Ailə Məcəlləsinə görə isə, xüsusi istisna hallarda yaş məhdudiyyəti bir il azaldılaraq, müvafiq olaraq kişilər üçün 17, qadınlar üçün 16-ya endirilə bilər. Samirə Kazımova onu da qeyd edir ki, rəsmi orqanlarda qeydə alınmayan nikahlar heç də az deyil. Bu da sonralar nikahsız yaşayan qadınlar üçün xeyli problemlər yaradır: "Bəzən ərindən ayrılmaq istəyən qadın nikahı olmadığından problemlərlə üzləşir, uşaqları ilə birlikdə evsiz-eşiksiz qalır. Bu, yeni dogulan uşaqlar üçün də çətinlik yaradır. Belə ki, biz ancaq nikahı olan ailədə doğulan uşaqlara doğum şəhadətnaməsi veririk. Əgər qadın nikah yaşına çatmayıbsa, amma ailə qurubsa, ümumiyyətlə uşağına doğum şəhadətnaməsi ala bilmir. 16 yaşına çatandan sonra öz soyadı, yaxud atanın razılığı ilə atanın soyadı ilə şəhadətnamə ala bilər".
Bəziləri erkən evliliyin doğruluğunu dinlə əlaqələndirirlər
Dindarlar deyirlər ki, şəriətə görə qadınların yetkinlik yaşı 9, kişilərinki isə 15 yaş hesab olunur. Gəncə şəhər Şah Abbas Came Məscidinin axundu İsgəndər Məmmədov isə qeyd edir ki, bu, tərəflərin fiziki və psixoloji yetkinliyindən asılıdır. Həmçinin Qazilər şurasının çıxardığı qərara görə, dində qadınların və kişilərin yetkinlik yaşı qanunvericilikdə nəzərdə tutulduğu kimi müəyyən edilməlidir, yəni 17-18 yaş. Eyni zamanda din xadimləri tərəfindən göstəriş verilib ki, rəsmi nikah haqqında şəhadətnaməsi olmayan şəxslərə dini kəbin kəsilməsin. Lakin buna heç də həmişə əməl olunmur. Bir çox hallarda nəinki qanuni nikahı olmayan, heç bir-birinin üzünü belə görməyən şəxslərə mollalar tərəfindən kəbin kəsilir. Dini kəbin isə müsəlmanlıqda qəbul edilsə də, heç bir qanuni qüvvəyə malik deyil. Çünki dini nikahda tərəflərin üzərinə nə əmlak, nə də vərəsəlik kimi məsuliyyət qoyulmur. Elə bu da evlənərkən yalnız dini kəbinlə kifayətlənən kişilər üçün sərfəlidir. Rəsmi nikah olmadan qızlarını ərə verən valideynlər isə övladları ilə birlikdə bunun acısını sonradan çəkməli olurlar. Bəzən isə qızın azyaşlı olmasından istifadə edərək, əvvəlki nikahlarını, hətta evli olduqlarını belə gizlədənlər də olur.
Aysel 15 yaşını yenicə tamamlayanda ailə qurub. O vaxt o, doqquzuncu sinfi bitirdikdən sonra Gəncə Humanitar Kollecində oxuyurdu. Arxasınca düşərək, ona göz verib, işıq verməyən Samirdən isə heç xoşu gəlmirdi. Bu hal bir neçə ay davam etdikdən sonra anası dedi ki, həmin oğlan iş yerinə onun yanına gəlib, Ayseli sevdiyini və ondan əl çəkməyəcəyini bildirib. Anası qızına onu da dedi ki, Samir onun xoşuna gəlib və Ayselin ona ərə getməsinə razıdır. Bir neçə gündən sonra oğlanın elçiləri onlara gəldilər.
Samirlə söhbətdən çox razı qalan ana həyat yoldaşını da yola gətirərək, elçilərə "hə" verməyə razı saldı. Bu fikir hamıdan çox Ayselin babasını hirsləndirdi. Hətta o, oğlunu yanına çağırtdıraraq onu danladı: "Axı, bu uşağın nə yaşı var ki?! Bezmisiniz, yoxsa çörəyini çatdıra bilmirsiniz? Əgər belədirsə, mən özüm ona baxaram". Amma artıq "hə" verildiyindən, babanın sözünə elə də əhəmiyyət verən olmadı.
Ana bildirdi ki, "mən özüm gec ailə qurmuşam, istəyirəm ki, qızım tez oğul-uşaq sahibi olsun". Toy yaxınlaşıb nikah məsələsi ortaya gələndə isə bəhanə gətirdilər ki, "qızın yaşı nikaha düşmür, sonra kəsdirərik. Hələlik molla kəbini olsa, bəsdir. Bir də ki, yaxşı ailəmiz olandan sonra bir parça kağızın nə əhəmiyyəti var ki?!" Amma sən demə, bunun başqa bir səbəbi də var imiş... İndi artıq 8 ildir ki, onlar qeyri-rəsmi olaraq evlidirlər. Üç oglan övladları da var. Bu illər ərzində Ayselin çəkmədiyi əzablar qalmayıb. Hər dəfə də ayrılmaq məsələsi araya düşəndə anası yalvarıb ki, "qızım, bir az da döz". İlk övladları məktəbə getməyə az qalmış isə nikah məsələsinə bir daha qayıdılıb. ...Və məlum olub ki, sən demə, Samir 10 il bundan əvvəl bir başqası ilə də evlənibmiş. O evlilikdən hətta bir qızı da var. Əvvəlki həyat yoldaşı isə, Ayseldən fərqli olaraq, ərinin evinə, ailəsinə hörmətsizliyinə, təhqirlərinə, hər xırda şey üstündə yumruq işə salmasına dözməyərək, çıxıb gedib. Lakin nikahları indiyə qədər qalır. Qəribəsi isə budur ki, bütün bu yalanlara Aysellə birlikdə onun atası, qardaşı və hər gün qızının çəkdiklərini gördükcə, peşmanlıqdan daha çox əzab çəkən anası da dözür. Fikir isə birdir: "Təki qızımızın üstünə "boşanmış" damğası vurulmasın". Amma bu halın nə qədər davam edəcəyi, Ayselin yalanlara, aldanışlara, təhqirlərə və zorakılığa daha nə qədər tab gətirəcəyi hələ məlum deyil.
Erkən evlilik psixoloji cəhətdən təsirsiz ötüşmür
Psixoloqların fikrincə, hələ psixoloji cəhətdən tam yetkinləşməmiş yeniyetmələr ailə qurmağa hazır olmurlar. Belə ki, psixoloq Səbinə Musayevanın sözlərinə görə, cinsi yetişmənin 6 variantı fərqləndirilir. Bütün variantlarda bu proses qızlarda 11-13, oğlanlarda 13-15 yaşda daha intensiv olsa da, cinsi yetişmənin ləng başlaması halı da müşahidə olunmaqdadır. Bu zaman proses qızlarda 17, oğlanlarda 19 yaşadək davam edə bilər. Erkən yaşda ailə quran qızlarda isə belə müstəsna halların ola biləcəyi haqqında heç kim düşünmür. Həmçinin yeniyetmələrdə səbirsizlik, dözümsüzlük daha çox olduğundan, onlar ailədə yaranan hər bir problemin ağırlığı altına düşürlər ki, bu da sonradan depressiyalara, bəzən hətta ağır psixika pozuntusunadək gətirib çıxara bilir.
Qızların erkən evliliyə təhriki qanunla cəzalandırılır
2002-ci ildə Milli Məclis uzun mübahisələrdən sonra nikah yaşının istisna hallarda bir il azaldılaraq, qızlar üçün 16, oğlanlar üçün 17 olmasını qəbul etdi. Bu, qanunla müəyyənləşmiş cəzadan, bir növ, yaxa qurtarmaq imkanı, həmçinin də qanunsuz nikahların qarşısının alınması üçün atılan bir addım idi. Belə ki, 16, xüsusən 14-15 yaşlı qızların ərə verilməsi, qaçırılması qanunla cəzalandırılır. Cinayət Məcəlləsinin 152 və 153-cü maddələrinə əsasən, yetkinlik yaşına çatmayanların seksual münasibətlərə təhrik edilməsinə görə 2 ildən 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Ailəni kiçik bir dövlət hesab etdiyimizdən, dövlətin qanunlarına riayət etməyə borcluyuq. Əks halda, erkən yaşda ailə qurmağa təhrik etmələrin sayı artdıqca, qızların hüquqları daha çox tapdanacaq, ana və uşaqların sağlamlığında problemlər yaranacaq, bundan isə həm ailələr, həm də bütün cəmiyyət əziyyət çəkməli olacaq.
U.BABAYEVA
Xəbəri paylaş