Əməliyyatdan 100 gün sonra

Sümük iliyi köçürülən uşaqların vəziyyəti normaldır
Son dövrlər ölkəmizdə dövlət hesabına bir çox ağır və nadir cərrahiyyə əməliyyatları həyata keçirilir. Onlardan bir neçəsi barədə, o cümlədən Azərbaycan tibb tarixində ilk dəfə bu ilin may ayında Respublika Talassemiya Mərkəzində aparılan sümük iliyi transplantasiyası əməliyyatları haqqında qəzetimizin ötən saylarından birində ətraflı məlumat vermişdik.
Ancaq mütəxəssislər əməliyyatdan sonrakı yüz günün ən təhlükəli dövr olduğunu, cərrahi müdaxilənin uğurlu keçməsi qədər həmin müddətin də pasiyentlər üçün həyati əhəmiyyət daşıdığını vurğulamışdılar. Bunu nəzərə alaraq, ölkəmizdə sümük iliyi köçürülməsi əməliyyatı edilən xəstələrin yüz gün sonra özlərini necə hiss etdiklərini, vəziyyətlərinin necə olduğunu öyrənmək məqsədilə Respublika Talassemiya Mərkəzinin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri Nərgiz Əliyeva ilə əlaqə saxladıq.
Müsahibimiz sümük iliyi köçürülən hər üç xəstənin vəziyyətinin normal olduğunu bildirdi. Onların mütəmadi şəkildə Respublika Talassemiya Mərkəzində müayinə olunduqlarını, lazımi dərman preparatları ilə təmin edildiklərini dedi. Şöbə müdiri ən təhlükəli dövrün arxada qalmasına baxmayaraq, əməliyyat olunan xəstələrin bir il ərzində həftədə bir dəfə olmaqla tam müayinədən keçiriləcəyini bildirdi: “Bu xəstələr bir il ərzində vaxtlı-vaxtında müayinə olunsalar, təyin edilən dərmanları mütəmadi qəbul etsələr, hər hansı güclü infeksiyaya, virus xəstəliyinə yoluxmasalar, bundan sonrakı həyatlarını normal şəkildə davam etdirəcəklər”.
N.Əliyeva sümük iliyi köçürülən 3 yaşlı Nilufər Hüseynlinin və 4 yaşlı Amin Hümbətlinin irsi qan xəstəliyi olan talassemiyadan, 20 yaşlı Rəhman Hacızadənin isə aplastik anemiyadan əziyyət çəkdiyini dedi. O, Nilufərin də, Aminin də bu əməliyyatla normal həyata qayıtdıqlarını, ayda iki dəfə qan köçürülməsi prosedurundan xilas olduqlarını, bundan sonra bütün uşaqlar kimi böyüyəcəklərini, inkişaf edəcəklərini vurğuladı. Rəhman Hacızadənin isə, sözün həqiqi mənasında, ölümün caynağından alındığını, yenidən həyata qaytarıldığını bildirdi.
Müsahibimiz noyabr ayında daha 4 xəstə üzərində sümük iliyi köçürülməsi əməliyyatının həyata keçiriləcəyini diqqətə çatdırdı. Əməliyyatları bu dəfə də azərbaycanlı həkimlərlə Belarusdan gələn mütəxəssislərin birgə aparacağını dedi.
Əməliyyat ediləcək xəstələrin hansı prinsiplə seçilməsi ilə bağlı sualımıza cavabında isə Nərgiz xanım bunları vurğuladı: “Burada bir çox məsələlərə diqqət edilir. Ən önəmli şərt bacı və ya qardaşın donor kimi uyğunluğu məsələsidir. Çünki ölkəmizdə ancaq xəstənin bacısı və qardaşı donor ola bilir. Dünya transplantasiya təcrübəsində Dünya Donorlar Bankının qeydiyyatında olan donor hüceyrələrindən də istifadə edilir. Hazırda həmin bankda 25 milyonadək potensial donor var. Ancaq biz onlardan yararlana bilmirik. Çünki bunun üçün sümük iliyi transplantasiyasını həyata keçirən dövlətin Dünya Donor Bankının qeydiyyat sisteminə daxil olması zəruri şərtdir. Azərbaycan isə hələlik həmin qeydiyyat sisteminə daxil deyil, çünki bunun üçün ölkəmizdə bu sahə üzrə 50-dən artıq əməliyyat aparılmalıdır”.
Şöbə müdiri indiyə kimi mərkəzə sümük iliyinin transplantasiyası ilə bağlı müraciət edən xəstələrdən 10 nəfərinin bacı və qardaşının donor kimi uyğun gəldiyini dedi, onlardan 3-nün – 100 gün əvvəl sümük iliyi köçürülmüş pasiyentlərin əməliyyatlarının uğurlu nəticəsindən məmnun olduğunu dilə gətirdi. O bundan sonrakı əməliyyatların da ölkəmizdə yaradılmış tibbi texnoloji imkanlar hesabına, yüksək səviyyəli mütəxəssislərin səyi nəticəsində uğurla keçəcəyinə, ailələrə sevinc bəxş edəcəklərinə inandığını dedi.
Ü.FƏRZƏLİYEVA
Xəbəri paylaş