Parlamentdə uşaqların zərərli informasiyadan qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Milli Məclisdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi ilə əlaqədar İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası və ictimai dinləmə keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edilən qanun layihəsinin mühüm əhəmiyyətini nəzərə alaraq, məsələnin daha geniş formatda – ictimai dinləmə şəklində müzakirəyə çıxarıldığını deyib.
Komitə sədri uşaqların rəqəmsal məkanda hüquqlarının qorunmasını təmin edən qanun layihəsinin həm parlamentarilər, həm də dövlət və hökumət nümayəndələri, media, müvafiq təhsil, səhiyyə orqanlarının təmsilçiləri ilə birlikdə müzakirəsinin təqdirəlayiq olduğunu deyib. O, Milli Məclisin son illərdə uşaqların rəqəmsal mühitdə zərərli informasiyadan qorunmasına dair ardıcıl və sistemli qərarlar qəbul etdiyini, bu gün təqdim edilən yeni qanun layihəsinin bu siyasətin davamı olduğunu bildirib.
Komitə sədri rəqəmsal platformalara qoşulmanın yaş həddinin qanunla tənzimlənməsi ilə bağlı bir sıra dünya ölkələrinin mövcud təcrübələrini diqqətə çatdırıb. Qeyd olunub ki, dünya üzrə uşaq sosial media istifadəsinin statistikasını göstərən Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, yeniyetmələrin 35 faizi bir gündə orta hesabla 5 saatdan çox vaxtını telefonda keçirir. Təşkilat 2019-cu ildən oyun asılılığını rəsmi xəstəlik kimi siyahısına daxil edib. Azərbaycan uşaqları ilə bağlı göstəricilərə toxunan komitə sədri ötən il aparılan sorğuya əsasən, 10-17 yaş arasında uşaqların 89 faizinin smartfon istifadəçisi olduğunu, onların 76 faizinin gündəlik olaraq sosial media platformalarından istifadə etdiyini, eyni zamanda, sosial media asılılığının ailə büdcəsinə də təsir etdiyini söyləyib.
Müzakirəyə təqdim edilən qanun layihəsində 16 yaşadək uşaqların fiziki və psixoloji sağlamlığının mühafizəsi, onların müxtəlif sövqedici və təhrikedici çağırışlardan qorunması məqsədilə sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunur. Yeni normaya görə, platforma provayderləri yoxlama mexanizmlərini, yəni bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş təsdiqləmə üsullarını tətbiq etməlidirlər. 16-18 yaş qrupu üçün fərqli – daha çevik, lakin nəzarətli mexanizm müəyyən olunur. Bu yaş qrupunda yeniyetmələr valideynin razılığı ilə platformalarda hesab yarada bilərlər.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, Azərbaycanda uşaqların müdafiəsi yüksək səviyyədə təmin olunur, onların sağlam inkişafı, təlim-tərbiyəsi, bilik və bacarıqlarının artırılması üçün imkanlar yaradılır. Uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir. Hazırda sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu bir dövrdə uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacib məsələlərdəndir. Hicran Hüseynova bildirib ki, bu gün müzakirə olunan qanun layihəsi uşaqları kibertəhdidlərdən, zorakılıqdan, zərərli məzmundan və zehni sağlamlığa mənfi təsirlərdən qorumaq məqsədi daşıyır.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim olunan qanun layihəsinin rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə xidmət etdiyini söyləyib.
Tədbirdə layihə ilə bağlı İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli çıxış edərək təmsil etdikləri qurumların qanun layihəsinə dair mövqeyini, həmçinin təklif olunan dəyişikliklərin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
AZƏRTAC-ın verdiyi məlumata görə, səhiyyə nazirinin müavini İlqar Qasımov çıxışında bildirib ki, sosial şəbəkələrdə virtual həyata qovuşan uşaqlar real həyatdan çəkinirlər və bu, ən ciddi problemdir.
Nazir müavini qeyd edib ki, sosial şəbəkələrdə uşaqlara qadağa qoymaqla yanaşı, onlar üçün alternativ məşğuliyyət tapılmalıdır: “Burada valideynlərin rolu önəmlidir. Düzdür, dövlətin də öhdəlikləri var. Amma valideyn nümunə olmalıdır”.
Çıxışlarda bildirilib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı və geniş tətbiqi uşaqların zərərli təsirlərə məruz qalmasına, sağlamlıqları baxımından yeni risk və təhlükələrlə üzləşməsinə səbəb olur. Aparılan araşdırmalar son illərdə uşaqlar arasında geniş yayılmış sosial şəbəkələrin, interaktiv platformaların və onlayn oyunların onların fiziki, psixoloji və emosional inkişafına mənfi təsir göstərə bildiyini ortaya qoyur. Uşaqların internetdən istifadəsinə qoyulan yaş hədlərinin isə bir çox hallarda formal xarakter daşıması, effektiv nəzarət mexanizmlərinin yetərincə olmaması və digər boşluqlar uşaqların hüquqlarının pozulması riskini artırır. Qeyd olunub ki, bu şərait uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi, onların zərərli məzmunlardan qorunması və sağlamlıqlarının müdafiəsi istiqamətində daha təsirli hüquqi və institusional mexanizmlərin yaradılmasını zəruri edir.
Bildirilib ki, təqdim olunan qanun layihəsi də məhz bu məqsədlərə xidmət edir. Layihədə sosial şəbəkə platformalarının fəaliyyətinin tənzimlənməsi, onların məsuliyyətinin artırılması, uşaqların fərdi məlumatlarının daha etibarlı qorunması və zərərli məzmunun yayılmasının qarşısının alınması ilə bağlı hüquqi mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.
Çıxışçılar qanun layihəsinin hazırlanmasında müxtəlif dövlət qurumlarının iştirak etdiyini, beynəlxalq təcrübənin öyrənildiyini və aidiyyəti qurumların təkliflərinin nəzərə alındığını vurğulayıblar. Bildirilib ki, hazırda dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da uşaqların rəqəmsal mühitdə zərərli təsirlərdən qorunmasına yönəlmiş qanunvericilik və müdafiə mexanizmləri müasir çağırışlara uyğun şəkildə təkmilləşdirilir.
Müzakirələr zamanı xüsusi vurğulanıb ki, bu sahədə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün dövlət qurumlarının birgə fəaliyyəti ilə yanaşı, valideynlərin, ailələrin, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin fəal iştirakı vacibdir. Əsas məqsəd uşaqları rəqəmsal mühitin təhlükələrindən qorumaqla yanaşı, onların müasir texnologiyaların yaratdığı imkanlardan təhlükəsiz və səmərəli şəkildə faydalanmasına şərait yaratmaqdır. Bu isə yalnız bütün maraqlı tərəflərin birgə əməkdaşlığı və məsuliyyətli yanaşması nəticəsində mümkün ola bilər.
Daha sonra məsələ ilə bağlı aparılan müzakirələrdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlar Azər Allahverənov, Erkin Qədirli, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova, “Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Abdullayeva, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Kəmalə Aşımova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin Hüquq təminatı şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək öz fikirlərini və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov qaldırılan məsələlərə aydınlıq gətirib.
İclasın yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Tədbirdə Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin üzvləri, parlament Aparatının təmsilçiləri, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbəri paylaş







