Sizin Reklam Burada!

Psixiatriya üzrə qanun layihəsi Milli Məclisin iclasına tövsiyə edilib

Psixiatriya üzrə qanun layihəsi Milli Məclisin iclasına tövsiyə edilib

Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov gündəlikəki “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxarıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qanun layihəsi barədə danışan komitə sədri bildirib ki, psixiatriya sahəsində tibb elminin inkişafı, yeni müalicə üsullarının tətbiqi və tibbi texnologiyaların imkanlarının genişlənməsi qanunvericilik bazasının da müasir tələblərə uyğun təkmilləşdirilməsini zəruri edir. Əhliman Əmiraslanov qeyd edib ki, müzakirəyə təqdim olunan layihədə psixiatriya yardımının göstərilməsi prosedurlarının təkmilləşdirilməsi, psixi pozuntusu olan şəxslərin diaqnostikası və müalicəsi ilə bağlı məsələlərin, eləcə də bu sahədə mövcud münasibətlərin daha dəqiq tənzimlənməsi məqsədilə bir sıra dəyişikliklər nəzərdə tutulur.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsi barədə ətraflı məlumat verib. O bildirib ki, layihədə nəzərdə tutulan dəyişikliklər mahiyyət etibarilə geniş xarakter daşıyır və qanunun 14 maddəsi üzrə 16 əlavə və dəyişikliyi əhatə edir. Layihənin əsas məzmununu psixiatriya yardımının göstərilməsi qaydalarının təkmilləşdirilməsi təşkil edir.
Diqqətə çatdırılıb ki, layihədə psixi pozuntusu olan şəxsin sağlamlıq vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri, habelə müalicədən imtina ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsi və həmin məlumatların əldə olunması ilə bağlı tənzimləmələr nəzərdə tutulur.
Adil Vəliyev qeyd edib ki, layihədə həmçinin qeyri-könüllü psixiatriya yardımı və psixiatriya müayinəsinin aparılması prosedurlarının təkmilləşdirilməsi, səlahiyyətli orqanların qərarları əsasında təxirəsalınmaz hallarda müayinənin həyata keçirilməsi, aidiyyəti şəxslərin məlumatlandırılması mexanizmlərinin dəqiqləşdirilməsi və digər məsələlər öz əksini tapıb.
Layihənin müzakirəsində komitə üzvləri Məlahət İbrahimqızı və Müşfiq Məmmədli çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər.
AZƏRTAC bildirir ki, Qanuna əsasən, psixiatriya müayinəsi şəxsin psixi vəziyyətini, psixiatriya yardımına ehtiyacı olub-olmadığını müəyyənləşdirmək, habelə psixiatriya yardımı göstərilməsi barədə qərar qəbul etmək məqsədilə həyata keçirilir. Qanunun 17.2-ci maddəsinə görə psixiatriya müayinəsi, o cümlədən profilaktik müayinə şəxsin yaşadığı ərazinin müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən, eləcə də müayinə olunanın və ya 16 yaşına çatmamış şəxsin valideynlərinin razılığı ilə, həmçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsin qanuni nümayəndəsinin xahişi ilə aparılır.
İnzibati Xətalar Məcəlləsinin 15-ci maddəsi anlaqsız vəziyyətdə hüquqazidd əməl törədən şəxsin inzibati məsuliyyətini istisna etsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin psixiatriya müayinəsi ilə əlaqədar prokuror və ya müvafiq səlahiyyətli şəxs tərəfindən qərarın qəbul edilməsi ilə bağlı “Psixiatriya yardımı haqqında” Qanunda hər hansı müddəa nəzərdə tutulmayıb. Odur ki, psixi pozuntu vəziyyətində olan şəxsin özünün, habelə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən Qanuna 19.2-1-ci və 17.4-cü maddələrin əlavə edilməsi təklif olunur.
Bu xüsusda psixi pozuntu vəziyyətində olan şəxslərin və ya onların qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı Qanuna yeni 17.2.5-ci maddənin əlavə edilməsi təklif edilir.
Eyni zamanda, bu kateqoriyadan olan şəxslərin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı, psixiatriya müəssisəsinin rəhbəri tərəfindən dərhal həmin şəxslərin yaxın qohumlarına və qanuni nümayəndələrinə, prokurora və ya müvafiq səlahiyyətli şəxsə məlumat verilməsi ilə bağlı Qanunun 25.1-ci maddəsinə əlavənin edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, layihədə psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması, adıçəkilən şəxsə göstərilən yardım tədbirləri barədə məlumatların şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilməsi, həmin şəxsin qanuni nümayəndəsinə isə qeyd olunan məlumatların onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunması, habelə müalicədən imtina edilməsi ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsinə dair Qanunun 7.2-ci, 7.5-ci və 10.2-ci maddələrinə müvafiq müddəaların əlavə olunması təklif edilir.
Göstərilənlərdən əlavə, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilmiş, özünə və ya digərlərinə təhlükə yaradan şəxslərin digər pasiyentlərdən təcrid olunaraq müalicəsi və rejim qaydalarının təmin edilməsi məqsədilə Qanuna yeni 12.4-cü və 24.2-1-ci maddələrin əlavə edilməsi nəzərdə tutulur. Beləliklə, qanun layihəsinin qəbulu psixiatriya yardımı sahəsində qanunvericilikdə mövcud olan hüquqi boşluqların aradan qaldırılmasına və bu sahədə qaydaların təkmilləşdirilməsinə xidmət edəcək.
Qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə edilib.
İclasda cari məsələlərin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov, üzvləri Soltan Məmmədov və İlham Məmmədov çıxış ediblər, səhiyyə sahəsində mövcud olan bəzi aktual məsələlər barədə fikirlərini bölüşüblər.
Əhliman Əmiraslanov deyib ki, bir sıra ixtisaslar üzrə həkimlərin Azərbaycan Tibb Universitetini bitirdikdən sonra rezidentura keçmədən, Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisas artırmaqla regionlara göndərilməsi məsələsi müzakirə olunur.
AZƏRTAC-ın xəbər verdiyinə görə, komitə sədri qeyd edib ki, regionlarda bu həkimlərin daha uzunmüddətli, hətta 65 yaşdan sonra da qalıb fəaliyyət göstərilməsinə icazə veriləcək. “Sözügedən istiqamətdə də ciddi işlər aparılır. Biz Səhiyyə Nazirliyi, TƏBİB və bu mütəxəssisləri hazırlayan təhsil müəssisələri ilə daimi təmasdayıq. Onu da vurğulayım ki, ölkəmizdə kifayət qədər həkim kadrları hazırlanır və vəziyyət optimaldır”.


Xəbəri paylaş


İyun 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova