Sizin Reklam Burada!

“Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah”

“Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah”

Bakıda II Beynəlxalq Konfransda əczaçılıq sənayesinin gələcəyi müzakirə olundu

Heydər Əliyev Mərkəzində “Azərbaycan Əczaçı İstehsalçılar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı II Beynəlxalq Konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda dövlət qurumlarının nümayəndələri, xarici ekspertlər və yerli əczaçılıq sənayesi istehsalçıları bir araya gələrək, Azərbaycanın əczaçılıq sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri, yerli istehsalın gücləndirilməsi istiqamətləri, eləcə də qabaqcıl beynəlxalq təcrübənin tətbiqi imkanları ətrafında geniş çıxışlar edib və müzakirələr aparıblar.
Konfransın açılışında çıxış edən səhiyyə naziri Teymur Musayev əczaçılıq sənayesinin keçdiyi inkişaf yoluna toxunaraq bildirib ki, sənayenin bu sahəsinin inkişafı milli səhiyyə sisteminin dayanıqlığının əsas sütunlarından biridir, eyni zamanda, iqtisadiyyatın diversifikasiyası və innovasiyaların tətbiqinin aparıcı hərəkətverici qüvvəsidir: “Müstəqilliyimizin ilk illərindən əczaçılıq sənayesinin inkişafı üçün əməli addımlar atılıb, əczaçılıq sahəsinin institusional əsasları formalaşdırılıb. Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ilk əczaçılıq istehsalı müəssisələri qurulub. “Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Əczaçılıq sənayesinin inkişafı konsepsiyası” hazırlanıb”.
Nazir bildirib ki, hazırda ölkəmiz Prezident İlham Əliyevin müdrik siyasəti və gərgin zəhməti sayəsində hər sahədə inkişaf edir. O cümlədən səhiyyə və əczaçılıq sektorunda da mühüm nailiyyətlər əldə olunur: "Ölkəmizin iqtisadi qüdrətinin artması maliyyə resurslarını sosial tərəqqiyə, əhalinin rifah vəziyyətinin yüksəldilməsinə yönəltməyə imkan verir. Bu tərəqqini ən bariz şəkildə ölkə səhiyyəsinin inkişafında, dövlətin əhalinin sağlamlığına diqqət və qayğısında görmək mümkündür. Güclü əczaçılıq sənayesi yalnız iqtisadi uğur deyil, həm də sağlam cəmiyyətin təməlidir. Bu illər ərzində Tarif Şurası yaradılıb, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib, yüksək rəqabət qabiliyyətli məhsulların istehsalına imkan yaradan sənaye parkları fəaliyyətə başlayıb, yerli istehsalın təşviqi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirilib".
Onun sözlərinə görə, milli qanunvericilikdə son illərdə aparılan islahat tədbirləri, əlverişli biznes mühiti, cəlbedici investisiya şəraiti əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır: "Azərbaycan ərazisində yaradılan xüsusi iqtisadi zonalarda müasir texnologiya və avadanlıqlarla təchiz edilmiş əczaçılıq müəssisələri qurulur, xarici tərəfdaşlarla əməkdaşlıq müqavilələri imzalanır. İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla, respublikanın müxtəlif bölgələrində yaradılan sənaye parkları ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Pirallahı Sənaye Parkında yaradılan "Diamed", "Rfarm" kimi dərman istehsalı zavodları, ötən ilin noyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş "Scandens" əczaçılıq müəssisəsi fəaliyyətlərini əczaçılıq məhsullarına olan daxili tələbatı ödəməyə və gələcəkdə ixrac potensialını artırmağa yönəldib. Hazırda “Gen Pharma” və “Biopharmax Afezco” əczaçılıq müəssisələrinin tikintisi aktiv şəkildə həyata keçirilir", - deyə nazir qeyd edib.
Teymur Musayev qeyd edib ki, yerli əczaçılıq sənayesinin inkişafı istiqamətində həyata keçirilən islahatlar, sənaye parklarının yaradılması, xarici investisiyaların cəlb olunması və regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə müasir istehsal müəssisələrinin qurulması bu sahənin dayanıqlı inkişafını təmin edir. Nazir çıxışında rəqəmsallaşmanın əhəmiyyətini də xüsusi qeyd edib: “Əczaçılıq sektorunun rəqəmsallaşması tədbirləri çərçivəsində “Elektron resept” platforması istifadəyə verilib. Paralel olaraq, mərhələli şəkildə Təqib və İzləmə Sisteminin tətbiqinə başlanılıb. İlkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin izlənilməsi həyata keçirilir. Bu rəqəmsal həllər şəffaflığın artırılmasına, nəzarət mexanizmlərinin gücləndirilməsinə və idarəetmənin daha effektiv təşkilinə xidmət edir”.
Nazir bildirib ki, qısa müddət ərzində ölkə üzrə tibb müəssisələri, topdan və pərakəndə satış əczaçılıq müəssisələri sistemə inteqrasiya olunaraq koordinasiyalı fəaliyyət təmin edilib: "Sistemin başlıca vəzifəsi əhalinin sağlamlığının qorunmasıdır. Bununla yanaşı, nəzarət orqanları üçün effektiv nəzarət mexanizmi rolunu oynayır, sahibkarlar üçün biznes proseslərini asanlaşdırır, bununla da səhiyyə sistemində səmərəliliyi əhəmiyyətli dərəcədə artırır. Əczaçılıq sektorunda baş verən ardıcıl və sistemli islahat tədbirləri əczaçılıq təhsilinin təkmilləşdirilməsini, təhsil proqramlarının müasir çağırışlara uyğunlaşdırılmasını zəruri edir".
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, əczaçılıq sektorunun inkişafı məqsədilə "Dərman vasitələri haqqında” Qanuna 90-dan çox dəyişiklik edilib. Səhiyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən qanunun icrası ilə bağlı ciddi işlər görülməyə başlanılıb. Ölkədə dərman qıtlığının aradan qaldırılması, dərman təhlükəsizliyi, keyfiyyətlə bağlı məsələlərin öz həllini tapması üçün xeyli işlər görülüb.
Komitə sədri bəzi məsələlərin hələ də qaldığını vurğulayaraq qeyd edib ki, bunların gələcəkdə aradan qaldırılması üçün qurumlar öz fəaliyyətini davam etdirəcək: "Dərman vasitələri əhaliyə göstərilən tibbi xidmətin əsas komponentlərindən biridir. Ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması sahəsində kifayət qədər böyük işlər görülüb. Azərbaycana dərman preparatları gətirmək üçün lisenziyalar kifayət qədər sadələşdirilib. Bəzi dərmanlar üçün elektron təqib sistemi fəaliyyətə başlayıb".
Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma açılış mərasimindəki çıxışında deyib ki, son illər ərzində Azərbaycanda əczaçılıq sənayesinin təşəkkül tapmasının şahidiyik. Ötən ilin payızında Prezident İlham Əliyev tərəfindən "Scandens" əczaçılıq müəssisəsinin açılması tarixi bir hadisədir.
Səfir Macarıstanın iki böyük əczaçılıq şirkətinin Azərbaycanda təmsil olunduğunu qeyd edib. O bildirib ki, Macarıstanın Azərbaycana ixracının yarısı əczaçılıq məhsullarının payına düşür:” Macarıstanın 10 aparıcı əczaçılıq şirkəti var. Bunun yerli dərman istehsalı və onun milli iqtisadiyyata müsbət təsirini əyani olaraq ölkəmizdə görürük”.
Onun sözlərinə görə, qlobal səhiyyə və əczaçılıq sənayesinin yeni texnologiyalarla təşəkkül tapması yeni əməkdaşlıq imkanları tələb edir: "Biz Türk Dövlətləri Təşkilatını bu sahədə gözəl fürsət kimi görürük. Bu konfransda beynəlxalq və macar əczaçılıq sənayesinə dair rəqəmsallaşma ilə bağlı təcrübə mübadiləsi aparmaq imkanımız olacaq".
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən yeni yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi və əlverişli biznes mühitinin yaradılması qeyri-neft sənayesinin, o cümlədən əczaçılıq sənayesinin inkişafına şərait yaradır: “Dərman sənayesi yalnız iqtisadiyyatın bir sahəsi deyil, ictimai sağlamlığın strateji təminat mexanizmidir və Azərbaycanın bu istiqamətdə atdığı addımlar, həyata keçirilən investisiya layihələri və tənzimləmə islahatları ölkəmizin dərman təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir”.
Nazir müavininin sözlərinə görə, statistik məlumatlar göstərir ki, ölkəmizin dərman bazarında yerli istehsal ümumi istehlakın təxminən 2-3 faizi ətrafındadır: “Son illərdə dərman bazarında orta illik artım tempi təxminən 2,7 faiz olub və Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ötən il Azərbaycanda 15,7 milyon manatlıq dərman məhsulları istehsal edilib. Bu istehsal əvvəlki illə müqayisədə 80 faizə qədər artım deməkdir, amma ümumi istehlakla müqayisədə, təbii ki, kiçik rəqəmdir. Bizim illik dərman idxalımız topdansatış qiymətləri ilə 500 milyon dollar ətrafındadır. Ümumiyyətlə, topdan qiymətləri ilə dərman bazarımız 1,3 milyard manat ətrafındadır və burada əsas məqsədimiz istehlakın böyük bir hissəsini yerli istehsal hesabına təmin etməkdir. Bu, sadəcə iqtisadiyyatın diversifikasiyası deyil, eyni zamanda, bizim üçün strateji bir hədəfdir. 2016-cı ildə qurulan Pirallahı Sənaye Parkında artıq mövcud və icra olunan layihələrin dəyəri 150 milyon manat ətrafındadır. Pirallahı Sənaye Parkından kənarda yerləşən müəssisələrdə bu layihələrin dəyəri təxminən 300 milyon manat ətrafındadır. Əczaçılıq sənayesi ilə bağlı ilk ciddi addımlar son dövrlərdə Pirallahı Sənaye Parkının yaradılması ilə başladı. Xüsusilə 2020-ci ildən sonra ölkəmizdəki əczaçılıq layihələrinə xarici və yerli investorların marağının artdığını müşahidə edirik. Bu, Azərbaycanın həm mövqelərinin möhkəmlənməsi ilə bağlıdır, həm də COVID-dən sonra təchizat zəncirlərində olan həssaslıqla əlaqədar investorlar daha etibarlı ölkələrə gəlib, orada fəaliyyət göstərmək istəyirlər".
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında qeyd edib ki, əczaçılıq sektorunun inkişafı ölkəmizdən valyuta axınının azalmasına və yeni sərmayələrin cəlb edilməsinə xidmət edir: “2026-cı ilin birinci rübündə Azərbaycana 125 milyon ABŞ dolları həcmində əczaçılıq məhsulları idxal edilib. Bu amil, bir tərəfdən, idxaldan asılılığa işarə etsə də, digər tərəfdən, ölkəmizdə əczaçılıq sənayesinin inkişafı üçün böyük imkanların olduğunu göstərir. Çünki istehsal ediləcək məhsullar üçün alıcı axtarışlarına çıxmağa ehtiyac qalmayacaq”.
KOBİA İdarə Heyətinin sədri bildirib ki, əldə olan imkanlardan səmərəli istifadə etməklə həm daxili bazarın ehtiyaclarını qarşılamaq, həm də məhsulları ixrac etmək mümkündür: "Artıq son illərdə biz qeyd edilən müsbət tendensiyanın şahidi oluruq. Belə ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan təxminən 1 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən illə müqayisədə 18,5 faiz çoxdur. Tibbi məhsullarla özünü təmin etmə dərman təhlükəsizliyi və iqtisadi dayanıqlıq baxımından strateji əhəmiyyət kəsb edir. 2020-ci ildə baş vermiş qlobal pandemiya bu məsələnin vacibliyini bir daha diqqətə çatdırıb. Azərbaycanda həm pandemiya dövründə, həm ondan əvvəl istər əczaçılıq sənayesinin, istərsə də tibb sənayesinin inkişafı ilə bağlı əhəmiyyətli işlər görülüb. Ölkədə əczaçılıq sənayesinə son illərdə ciddi investisiyalar cəlb olunub. Təkcə Pirallahı Sənaye Parkında investisiya portfeli təxminən 130 milyon manatdır. Sənaye parklarından kənarda da bu sahədə genişmiqyaslı işlər görülür. Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihə də Azərbaycanda müxtəlif tibbi məhsulların istehsalının genişləndirilməsini nəzərdə tutur. Qlobal prizmadan baxdıqda, mikro, kiçik, orta biznes subyektləri əczaçılıq sənayesində innovasiyaların hərəkətverici qüvvəsi hesab olunur və xüsusilə yeni dərman kəşflərinin əhəmiyyətli bir hissəsini əhatə edir. Onlar tərəfdaşlıq və texnoloji xidmətlər vasitəsilə böyük əczaçılıq şirkətləri üçün mühüm təchizat həlqəsi rolunu oynayır", - deyə O. Məmmədov qeyd edib.
Çıxış edənlər ölkədə əczaçılıq sənayesinin dayanıqlı inkişafı üçün yerli istehsalın gücləndirilməsi, əhalinin təhlükəsiz və effektiv dərman vasitələri ilə təminatı, bu sahədə dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, beynəlxalq təcrübənin mənimsənilməsi və keyfiyyət standartlarının yüksəldilməsinin vacibliyini qeyd ediblər.
Tədbir çərçivəsində həmçinin panel iclaslar da keçirilib.
“Əczaçılıq sənayesinin gələcəyində rəqəmsallaşma və süni intellektin rolu” adlı panel müzakirəyə Türk Dövlətləri Təşkilatı (TDT) Budapeşt Ofisinin rəhbəri Balazs Hendrik rəhbərlik edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisində Əczaçılıq və Texnologiyalar üzrə regional məsləhətçi Rasmus Gjesinq əsas mesajın dövlətlər və təşkilatlar arasında əməkdaşlıq olduğunu vurğulayıb və maraqların bir müstəvidə birləşməsinin vacibliyindən danışıb.
Azərbaycan səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov çıxış edərək bildirib ki, səhiyyə sahəsinin rəqəmsallaşdırılması Səhiyyə Nazirliyinin fəaliyyətində əsas prioritet istiqamətlərdən birini təşkil edir: “Səhiyyə sektorunun rəqəmsal transformasiya strategiyası çərçivəsində nazirlik tərəfindən Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) yaradılıb və uğurla tətbiq olunur”.
Rüfət Hacıəlibəyov həmçinin vurğulayıb ki, əczaçılıq sektorunun rəqəmsallaşdırılmasına 2023-cü ildən başlanılıb: “Tətbiq edilən bu sistemlərin əsas məqsədi dərman dövriyyəsinə nəzarətin gücləndirilməsi, saxta məhsullarla mübarizə, əczaçılıq bazarında şəffaflığın artırılması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir”.
Macarıstanın "Rixter Gedeon" şirkətinin regional direktoru Andras Orosz çıxışında istehsal prosesinin avtomatlaşdırılmasından danışıb: “Məqsədimiz proseslərin standartlaşdırılması və insan səhvlərinin aradan qaldırılmasıdır. Yaxın 5 il ərzində Macarıstanda bütün istehsal prosesləri vahid proqram əsasında həyata keçiriləcək və robot sistemlər vasitəsilə icra olunacaq".
"Egis" şirkətinin regional direktoru Mikloş Konkoli başlıca məsələnin dəqiqlik olduğunu vurğulayıb: "Söhbət istehsaldan gedirsə, bu, yüksək keyfiyyət və dəqiqliklə seçilməlidir. Ənənəvi süni zəka alətləri konkret bir məsələyə söykənir. Generativ süni zəka isə mobil cihazlarda da var. Onların cavabları isə sual doğurur".
"Login Autonom" şirkətinin baş icraçı direktoru Andraş Feher rəqəmsallaşmanın hər zaman bir vasitə olduğunu qeyd edib: "Aləti düzgün tətbiq etdikdə məqsədlərə nail olmaq mümkündür. Epizodda daha çox məlumatəsaslı diaqnostikaya keçid üzləşdiyimiz problemlərn biridir. Bunun cavabı isə telesəhiyyə ilə bağlıdır".
Panel sessiyasında edilən çıxışlarda həmçinin qeyd olunub ki, müasir texnologiyaların tətbiqi istehsalın səmərəliliyinin artırılmasına, keyfiyyətə nəzarətin gücləndirilməsinə və rəqabət qabiliyyətli sənaye modelinin formalaşdırılmasına xidmət edir.
Tədbir çərçivəsində təqdim olunan inkişaf modeli əczaçılıq sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib. Qeyd edilib ki, bu model çərçivəsində bu ildən etibarən yerli istehsalın genişləndirilməsi planlaşdırılır və növbəti illərdə müxtəlif dərman preparatlarının istehlakçılara təqdim olunması gözlənilir.
Konfrans çərçivəsində həmçinin “Yerli əczaçılıq sənayesinin strateji inkişafı” adlı müzakirələr keçirilib. Bu panel sessiyada yerli istehsal prosesində uğur qazanmış ölkələrin təcrübəsi öyrənilib. Bu məqsədlə Türkiyə, Özbəkistan, Qazaxıstan və Macarıstanın nümayəndələri çıxış edərək təcrübələrini bölüşüblər.
Türkiyə Dərman və Tibbi Cihazlar Qurumunun rəhbəri Sevinc Ayla bildirib ki, ölkəsində əczaçılıq sənayesi dövlət tərəfindən dəstəklənir: "Türkiyənin regional ixrac mərkəzinə çevrilməsi üçün elmi dairələr, dövlət və sənaye nümayəndələri birlikdə işləyirlər. Türkiyənin dərman təşkilatının əməkdaşlarının böyük əksəriyyəti əczaçı və farmakoloqlardan ibarətdir. Yerli istehsal verilən icazələrin 80 faizini təşkil edir".
Özbəkistanın Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin rəhbəri Bahtiyorjon Rahimov qeyd edib ki, bu ölkədə dərmanlara böyük tələbat var: “İdxalımızın həcmi 2,75 milyard həcmindədir. 245 milyon həcmində isə ixracımız var. Hələlik idxal daha böyükdür. Biz daha çox bahalı dərmanları xarici ölkələrdən idxal edirik. İstehsalçılara yeni imtiyazlar tətbiq olunub. Gömrük rüsumları və ƏDV-dən də azad olunublar".
Macarıstanın Səhiyyə Xidmətlərinin İdarəedilməsi Tədris Mərkəzinin direktoru Miklos Szocska ölkəsində səhiyyə xidmətlərinin birsütunlu sistemdən başlayaraq inkişaf etməyə başladığını qeyd edib. O, süni zəkanın ölkəsinin səhiyyə sistemində tətbiqindən danışıb. İlk olaraq süni intellektin imkanlarından mammoqrafiya sahəsində istifadə etməyə başladıqlarını vurğulayıb. O, ölkəsində süni zəka müəssisələri yaratmağa başladıqlarını deyib.
Qazaxıstanın Səhiyyə Nazirliyinin İnvestisiya Layihələri İdarəsinin rəhbəri Minbay Raxat ölkəsində əczaçılıq sənayesinin inkişafından və müasir yanaşmalardan bəhs edib. O, məqsədlərinin hər bir pasiyentin keyfiyyətli dərmanla təmin edilməsi olduğunu diqqətə çatdırıb.
Konfransda mövcud çağırışların müzakirəsi ilə yanaşı, yerli əczaçılıq sənayesinin inkişafına töhfə vermək üçün ixtisaslaşmış bilik və təcrübə, innovativ yanaşmalar, aktual məsələlər və suallar ətrafında fikir mübadiləsi aparılıb. Bu yanaşma yerli istehsalçılar arasında əməkdaşlıq əlaqələrinin daha dinamik inkişafına və sənaye daxilində sinerjinin güclənməsinə xidmət edir.






Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova