“Uşaq hüquqları haqqında” Qanun qəbul olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununu imzalayıb.
Ölkəmizdə uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edən Qanunun müddəaları arasında uşaqların sağlamlığı ilə bağlı məsələlər də öz əksini tapıb.
Sənədin “Ümumi müddəalar” adlanan 1-ci fəslinin "Əsas anlayışlar” maddəsində “uşağın üstün mənafeləri” onun rifahı, təhlükəsizliyi, sağlamlığı, təhsili və inkişafı ilə bağlı mənafelər kimi şərh olunur. “Uşaqlara qarşı cismani cəza” anlayışı valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşaqlara qarşı törədilən fiziki və (və ya) psixoloji zorakılıq olaraq izah edilir. “Uşaqlara qarşı zorakılıq” dedikdə uşağın həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan, ona fiziki və ya psixoloji əzab verən və ya verə biləcək, uşağın mənafeyinə zidd olan, müxtəlif üsullarla, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən əməl (hərəkət və ya hərəkətsizlik) nəzərdə tutulur.
“Uşaqlar barəsində dövlət siyasəti” adlanan 2-ci fəsildə bu siyasətin məqsədləri sırasında uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, bunun üçün institusional mexanizmlərin yaradılması, uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması yer alır. Bu sahədə dövlətin əsas vəzifələrindən biri də uşaqların hüquq və azadlıqlarının müdafiəsini təmin edən dövlət orqanlarının (qurumlarının), təhsil, tibb, sosial xidmət müəssisələrinin təsis edilməsi, uşaqların inkişafı və asudə vaxtının təşkili üzrə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, eləcə də təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlarla müntəzəm təmasda olan şəxslərin (mütəxəssislərin) peşəkarlığının təmin edilməsidir.
Sənəddə qeyd olunur ki, uşaqlar barəsində dövlət siyasəti normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət proqramlarının və bu kimi digər sənədlərin işlənib hazırlanması və həyata keçirilməsi, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə əlaqələndirmə və qurumlararası əməkdaşlıq çərçivəsində, vətəndaş cəmiyyəti institutlarının və media subyektlərinin iştirakı ilə həyata keçirilir.
Uşağın əsas hüquq və azadlıqlarının dövlət təminatının şərh olunduğu 3-cü fəsildə 16-cı maddə “Uşağın həyat və sağlamlığının qorunması hüququ” adlanır. Burada bildirilir ki, hər bir uşağın həyat və sağlamlığının qorunması hüququ vardır. Dövlət uşaqların həyatının mühafizəsi, onların sağlam inkişafı, ekoloji təhlükəsizliyi, keyfiyyətli qida və içməli təmiz su ilə təminatı üçün bir sıra tədbirlər görür. O cümlədən, profilaktik peyvəndlərin aparılması və uşaqların inkişafına yönəldilmiş digər qabaqlayıcı tədbirlərin görülməsi, uşaqların qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən qida və içməli su ilə təminatı, uşaqların və valideynlərin (onları əvəz edən şəxslərin) sağlamlığın qorunması, uşaqların sağlam qidalanması, ana südü ilə qidalanma, gigiyena qaydalarına əməl olunma, ətraf mühitin mühafizəsi, təbii fəlakətlərdən və bədbəxt hadisələrdən qorunma barədə məlumatlandırılması, uşaq ölümünün azaldılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi bu tədbirlər sırasındadır.
Dövlət həmçinin uşaqların dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında uşaqların və onların qanuni nümayəndələrinin tam və obyektiv məlumat almaq hüququnu təmin edir.
Qanunda vurğulanır ki, valideynlər (onları əvəz edən şəxslər) uşaqların sağlamlığının qayğısına qalmalı və uşağın tibbi yardıma ehtiyacı olduqda dərhal tibb müəssisəsinə müraciət etməlidirlər.
Uşaqlara tibbi-sosial yardım “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq, təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan uşaqların müalicəsinin təşkili isə “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.
Uşaqların dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik peyvənd edilməsindən əvvəl büdcə vəsaiti hesabına tibbi baxışdan keçmək və müayinə olunmaq, profilaktik peyvəndlər təqviminə əsasən yaş qruplarına görə peyvənd olunmaq, postvaksinal fəsadlar baş verdikdə müalicə olunmaq, epidemik göstərişlərə görə profilaktik peyvəndlərdən imtina etmək hüququ vardır.
Uşaqların təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə saxlanma, təhsil və tərbiyə şəraiti Azərbaycan Respublikasının sanitariya-epidemioloji salamatlıq haqqında qanunvericiliyinin tələblərinə uyğun olmalıdır.
Dövlət zorakılıqdan, hərbi münaqişələrdən, təbii fəlakətlərdən və bədbəxt hadisələrdən zərər çəkmiş, zorakılığın şahidi və qurbanı olmuş, habelə əlilliyi olan uşaqların fiziki və psixi sağlamlığının qorunmasını, o cümlədən sosial reabilitasiyasını təmin edir.
Əhalinin sağlamlığının qorunması sahəsində fəaliyyət göstərən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların sağlamlığının mühafizəsi üzrə proqramlar həyata keçirirlər.
Qanunun "Uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququ” adlanan 18-ci maddəsində hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ olması təsbit olunur, bildirilir ki, uşaqların təhqir edilməsi, şərəf və ləyaqətinin alçaldılması qadağandır. Ailədə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində, penitensiar müəssisələrdə və uşağın ola biləcəyi digər yerlərdə, habelə internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində uşağa qarşı zorakılıq qadağandır.
Valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri uşaqda zorakılıq hərəkətlərinin əlamətlərini aşkar etdikdə konfidensiallığa əməl etməklə, bu barədə aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verməyə borcludurlar, habelə uşaq qaynar xətt xidmətinə məlumat verə bilərlər.
Valideynlər (onları əvəz edən şəxslər), habelə dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri, tibb müəssisələri, hüquq mühafizə orqanları və digər səlahiyyətli orqanlar zorakılığa məruz qalmış uşağın fiziki sağlamlığının və psixoloji vəziyyətinin bərpa olunması üçün bütün lazımi tədbirləri görməyə borcludurlar.
Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, habelə hüquqi və vəzifəli şəxslər təhsil, tibb, sosial müdafiə, hüquq mühafizə, idman, media, mədəniyyət və istirahət sahələrində uşaqlarla müntəzəm təmasda olan şəxslərlə uşaqların müdafiəsi və uşaq hüquqları barədə təbliğat-təşviqat işlərinin aparılması, həmin şəxslərin zorakılığa məruz qalmış uşaqların müəyyən edilməsi vasitələri barədə təlimatlandırılması üçün tədbirlər görürlər.
Təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması və zorakılıq baş verdiyi təqdirdə səmərəli cavab tədbirlərinin tətbiqi üzrə mexanizmlər formalaşdırılır. Bu müəssisələr uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması üçün tədbirlər görməyə borcludur.
Qanunun uşağın vicdan azadlığı barədə 19-cu maddəsində qeyd edilir ki, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.
“Uşağın təhsil hüququ” adlanan 25-ci maddədə bildirilir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili sahəsində yaranan münasibətlər “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunla tənzimlənir və xüsusi təhsilin təşkilati-hüquqi və iqtisadi əsasları müəyyən edilir.
Mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində uşaqlara qanuna uyğun olaraq ödənişsiz tibbi və psixoloji yardım göstərilir. Təhsil müəssisələrində uşaqlar arasında hüquq pozuntularının, riskli davranışın və zərərli vərdişlərə aludəlik meyillərinin qarşısının alınması, sosial dizadaptasiyaya məruz qalmış uşaqların sosial bacarıqlarının artırılması məqsədilə profilaktik tədbirlər görülür və sağlam həyat tərzini təbliğ edən layihələr həyata keçirilir.
Uşağın əmək hüququ haqqında 27-ci maddədə vurğulanır ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, uşaqların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.
Uşağın istirahət hüququnun şərh olunduğu 28-ci maddədə qeyd edilir ki, dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni və yaradıcılıq fəaliyyəti ilə məşğul olmasını təmin etmək məqsədilə məktəbdənkənar təhsil müəssisələrinin, uşaq və gənclər, idman, mədəniyyət və sağlamlıq obyektlərinin və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır və inkişaf etdirir, bu obyektlərdən ödənişsiz və güzəştli istifadə qaydalarını müəyyən edir. Əlilliyi olan, şəhid ailəsinin üzvü olan, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar sanatoriya-kurort müalicəsi almaq üçün normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada sanatoriya-kurort yollayışları ilə təmin edilirlər.
"Hərbi münaqişələr dövründə uşaqların müdafiəsi” adlanan 30-cu maddədə deyilir ki, dövlət hərbi münaqişələrə cəlb edildiyi ərazidə olan uşaqların müdafiəsini beynəlxalq hüquq normalarına uyğun olaraq təmin etməyi öz üzərinə götürür. Hərbi qurumlar döyüş əməliyyatları zonasında olan uşaqların təhlükəsiz yerlərə köçürülməsi, onların həyatının və sağlamlığının qorunması üçün bütün mümkün imkanlardan istifadə etməlidirlər.
Qanunun 31-ci maddəsində qeyd olunur ki, fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi müvafiq qurumun müəyyən etdiyi qaydada həyata keçirilir.
Sənədin “Uşaq və ailə” adlanan 4-cü fəsilində valideynlərin və onları əvəz edən şəxslərin hüquq və vəzifələri şərh edilərkən bildirilir ki, valideynlər və onları əvəz edən şəxslər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki və mənəvi inkişafına cavabdehdirlər. Valideynlər və onları əvəz edən şəxslər uşağı sağlam böyütməli, milli və ümumbəşəri dəyərlər əsasında tərbiyə etməli və müstəqil həyata hazırlamalıdırlar.
Qanunun “Uşaq və cəmiyyət” adlanan 5-ci fəsilində uşağın sosial mühitin mənfi təsirindən qorunması maddəsində qeyd edilir ki, dövlət cinayət, zorakılıq və ya digər qanunazidd davranış nəticəsində zərər çəkmiş uşağa sağlamlığının bərpası və sosial reabilitasiyası üçün zəruri yardım göstərir.
Bildirilir ki, valideynlər və onları əvəz edən şəxslər, dövlət orqanları (qurumları), habelə uşağın təlim-tərbiyəsi ilə bağlı funksiyaları həyata keçirən təşkilatlar sağlam həyat tərzini, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının zərərlərini təbliğ etməyə borcludurlar. Uşağa alkoqollu və energetik içkilərin, tütün və tütün məmulatlarının satılması qadağandır.
43-cü maddə uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması haqqındadır. Burada deyilir ki, irqi, milli, sosial və dini ədavəti qızışdırmağa yönəlmiş, müharibəni, terrorçuluğu təbliğ edən, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ərazi bütövlüyünün pozulmasına çağırışları ehtiva edən oyunları və informasiya məhsullarını, uşaqların sağlamlığına və inkişafına zərər vuran, habelə uşağın mənəvi və əxlaqi inkişafına başqa şəkildə mənfi təsir göstərən pornoqrafik materialları uşaqlar üçün nümayiş etdirmək, satmaq, bağışlamaq, çoxaltmaq, icarəyə vermək və yaymaq qadağandır. Həmçinin belə materialları yaymaq və ya reklam etmək məqsədilə uşaqları onların hazırlanmasına, əldə edilməsinə və ya saxlanmasına cəlb etmək qadağandır. Uşaqların sağlamlığına və inkişafına zərər vuran informasiyadan qorunması “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunla tənzimlənir.
"Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və hüquqları” adlanan 6-cı fəsildə deyilir ki, uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya belə uşaq barədə məlumat daxil olduqda dərhal onun yaşayış yerinə və ya olduğu yerə gedilməsi, uşağın vəziyyətinin (sağlamlıq vəziyyəti, psixoloji vəziyyəti, əlilliyi müəyyən edilmiş uşağa xüsusi qayğının mövcud olub-olmaması, uşağa qarşı zorakılıq hallarının mövcud olub-olmaması və yaşayış şəraiti) ilkin müayinəsinin keçirilməsi, təcili və təxirəsalınmaz tədbirlərin görülməsi təşkil edilir.
Belə uşağa münasibətdə ilkin tibbi və (və ya) psixoloji yardımın göstərilməsi, uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda onun valideynlərdən (onları əvəz edən şəxslərdən) alınması ilə bağlı Ailə Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi icra olunmalı təcili və təxirəsalınmaz tədbirlərdəndir.
Dövlət valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini təmin edir, onların təhsil, tibbi xidmət, əmlak və yaşayış sahəsi, habelə əmək hüquqları üzrə təminatlarına dair mexanizmlər müəyyən edir.
Hüquq pozuntusu törətmiş uşağın sosial reabilitasiyası uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, əhalinin sosial müdafiəsi, təhsil, daxili işlər orqanları, tibb müəssisələri, habelə gənclərin işləri üzrə orqanlar tərəfindən “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunla müəyyən edilmiş qaydada təmin edilir.
"Uşaqlar barəsində icraatın əsasları” adlanan 7-ci fəsildə bildirilir ki, uşağın iştirakı ilə və ya ona aid hər hansı məsələ ilə bağlı icraat uşağın psixoloji, sosial, emosional və fiziki sağlamlığının qiymətləndirilməsi və onun üstün mənafelərinin müəyyən edilməsi məqsədilə hərtərəfli yanaşmadan istifadə etməklə həyata keçirilir. Uşağın hüquqları ilə bağlı qərar qəbul edilərkən ona humanist mövqedən yanaşılmalı, uşağın təhsil, səhiyyə xidmətlərinə və sosial müdafiə tədbirlərinə maneəsiz çıxış imkanının olması nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanında və “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi haqqında Fərman da imzalayıb.
Qanunun müxtəlif maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kimin həyata keçirməsi Fərmanla müəyyən edilib. O cümlədən, Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin də üzərinə müəyyən səlahiyyətlər qoyulub.
Xəbəri paylaş







