Azərbaycan və Latviyanın Səhiyyə nazirlikləri arasında Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan və Latviyanın Səhiyyə nazirlikləri arasında Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyanın paytaxtı Riqa şəhərində səfərdə olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti ilk olaraq Azərbaycanın Latviyadakı səfirliyində Ulu Öndər Heydər Əliyevin büstünün önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edib.
Səfər çərçivəsində iki ölkə arasında səhiyyə sahəsində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə bir sıra görüşlər keçirilib. Səhiyyə naziri Teymur Musayev və Latviyanın səhiyyə naziri Hossam Abu Meri arasında ikitərəfli görüş baş tutub. Görüşdə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov da iştirak edib.
Görüş zamanı iki ölkənin səhiyyə sistemlərinin inkişafı, rəqəmsal səhiyyə, tibbi kadr hazırlığı, laborator xidmətlər və əczaçılıq sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sistemində genişmiqyaslı islahatların aparıldığını vurğulayan Teymur Musayev bildirib ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə və qabaqcıl təcrübələrin tətbiqinə ölkəmiz xüsusi önəm verir. Nazir Azərbaycan – Latviya münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını, bu əlaqələrin dinamik inkişafının sektorlararası əməkdaşlığa geniş imkanlar yaratdığını qeyd edib.
Öz növbəsində Hossam Abu Meri iki ölkə arasında yüksələn siyasi dialoqun əməkdaşlıq üçün mühüm platforma olduğunu bildirib, Latviya – Azərbaycan əlaqələrinin səhiyyə sisteminin inkişafına da töhfə verəcəyini vurğulayıb.
Səfər çərçivəsində Azərbaycan və Latviya Səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində Əməkdaşlıq Sazişi imzalanıb.
Sənəd səhiyyə sahəsində təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, tibb təhsili, klinik tədqiqatlar, səhiyyə idarəçiliyi və digər istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur. İmzalanmış saziş iki ölkə arasında səhiyyə sahəsində strateji tərəfdaşlığın inkişafına mühüm töhfə verəcək.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Latviyanın kənd təsərrüfatı naziri, Latviya – Azərbaycan iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Armands Krause arasında işgüzar görüş keçirilib.
Səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Latviyanın paytaxtı Riqa şəhərinə səfəri zamanı qonaqlar Latviyanın aparıcı tibb müəssisələri, elmi tədqiqat mərkəzləri və ali təhsil ocaqlarının fəaliyyəti ilə də tanış olublar.
Azərbaycan nümayəndə heyəti Riqa Beynəlxalq İqtisadiyyat və Biznes İdarəçiliyi Məktəbinin (RISEBA) rəhbərliyi ilə görüşüb. Qonaqlara məlumat verilib ki, 1992-ci ildə təsis edilən RISEBA Latviyanın ən böyük özəl ali təhsil müəssisələrindən biridir. Bundan əlavə, RISEBA dünyanın müxtəlif universitetləri və təşkilatları ilə fəal əməkdaşlıq edərək, tələbələrə peşəkar məqsədlərinə uyğun istiqamət seçməyə imkan verən müxtəlif təhsil proqramlarını təklif edir.
Riqa Şərq Universitet Xəstəxanasının Təcili yardım və pasiyent qəbulu klinikası, eləcə də Travmatologiya və Ortopediya Xəstəxanasına da səfər baş tutub. Xəstəxanaların infrastrukturu, innovativ tibbi texnologiyaların tətbiqi və travmatologiya, ortopediya, təcili yardım xidmətləri üzrə təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Sonra nümayəndə heyəti Latviyanın “Grindeks” aparıcı əczaçılıq şirkətinin fəaliyyəti ilə tanış olub. Farmasevtik istehsal prosesi, keyfiyyətə nəzarət, dərman təhlükəsizliyi və yeni preparatların hazırlanması sahəsində əməkdaşlıq perspektivləri qiymətləndirilib.
Riqa Stradinş Universitetinin Tibb Təhsil Texnologiyaları Mərkəzi, Latviya Universitetinin Tibb və Həyat Elmləri fakültəsi, eləcə də Uşaq Klinik Universitet Xəstəxanasında görüşlər keçirilib. Tibbi təhsilin modernləşdirilməsi, simulyasiya mərkəzlərində birgə təlimlər, pediatriya sahəsində elmi və klinik əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti E.Qulbis laboratoriyasında Latviya Tibb İşəgötürənləri Assosiasiyası (VADDA) rəhbərliyi ilə də görüşüb. Görüşdə laborator xidmətlərin təşkili, diaqnostik imkanların genişləndirilməsi və müasir laborator standartların tətbiqi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfər Azərbaycan və Latviya arasında tibb elmi, klinik təcrübə və səhiyyə xidmətləri sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm rol oynayacaq.






Xəbəri paylaş




Dekabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova