Azərbaycan Səhiyyə Nazirliyində Kuba səfiri ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirildiyinə görə, görüş zamanı Azərbaycan ilə Kuba arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən səhiyyə sahəsində sıx əməkdaşlığın mövcudluğu qeyd edilib.
2020-ci ildə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində kubalı mütəxəssislərdən ibarət həkim briqadalarının Azərbaycana gəlməsinin ölkələrimiz arasında, o cümlədən səhiyyə sahəsində ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
2023-cü ildə Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Kubaya səfəri zamanı iki ölkənin nazirlikləri arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayan tərəflər bu sənədin səhiyyə və tibb elminin inkişafı sahəsində ikitərəfli əlaqələrin möhkəmlənməsinə, habelə əməkdaşlıq proqramlarının həyata keçirilməsinə töhfə verdiyini qeyd ediblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş








