Səhiyyə Nazirliyinə yeni tapşırıqlar verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzaladığı yeni Sərəncamla “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib.
Sosial-iqtisadi inkişaf sahəsində dövlət siyasətinin prioritetlərinə və məqsədlərinə çatmaq üçün dövlət proqramlarının, strategiyaların, konsepsiyaların və bu kimi digər strateji sənədlərin hazırlanması, onların icrasına nəzarətin həyata keçirilməsi və qarşıya qoyulmuş hədəflərə nailolma vəziyyətinin qiymətləndirilməsi, yeni çağırışlar və artan tələblər fonunda istifadəçilərin, o cümlədən aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəsmi statistika məlumatlarına tələbatının ödənilməsi üçün statistik məlumat istehsalının dayanıqlılığını və milli statistika sisteminin inkişafını təmin etmək məqsədilə qəbul edilən Dövlət Proqramında Səhiyyə Nazirliyinə dair də bəndlər var.
Belə ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının bir neçə bəndində Dövlət Statistika Komitəsi əsas icraçı qurum, Səhiyyə Nazirliyi isə digər icraçılardan biridir.
Tədbirlər Planının “Statistik müşahidələr və onlara dair metodologiyalar” bölməsinin “Sosial statistika” altbölməsi üzrə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinə dair statistik göstəricilər sisteminin təkmilləşdirilməsi”, eləcə də “Çoxsahəli statistika” altbölməsi üzrə “Yaşıl inkişafa dair statistik göstəricilər sisteminin təkmilləşdirilməsi” bəndlərində Səhiyyə Nazirliyinin iştirakı nəzərdə tutulub.
“Rəsmi statistika materialları istehsalının hüquqi və informasiya təminatı” bölməsində isə “Avropa İttifaqının “Statistical classification of economic activities in the European Community (NACE Revision 2.1)” təsnifatı əsasında yeni milli “İqtisadi fəaliyyət növləri təsnifatı”nın hazırlanması və tətbiqi” bəndinin icrasında Səhiyyə Nazirliyi də iştirak edəcək.
Xəbəri paylaş








