Türkiyədə XI Türk Tibb Dünyası Qurultayı keçirilib

Türkiyədə XI Türk Tibb Dünyası Qurultayı keçirilib

Azərbaycanın səhiyyə naziri Türk dövlətlərinin səhiyyə əməkdaşlığı ilə bağlı təşəbbüslərlə çıxış edib

Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Respublikası Prezidentinin himayəçiliyi və bu dövlətin Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə XI Türk Tibb Dünyası Qurultayı keçirilib. 19 ölkənin səhiyyə nazirlərinin, nümayəndə heyətlərinin, tibb sahəsində tanınmış elm adamlarının iştirak etdiyi qurultayda ölkəmizi Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində çıxış edən Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu XI Türk Tibb Dünyası Qurultayının əsas mövzusunun “İnnovativ səhiyyə” olduğunu bildirib: “Builki qurultay Türk dünyası ailəsindən olan alimlərin töhfələri ilə zənginləşdiriləcək və "İnnovativ səhiyyə" modeli çərçivəsində yerli səhiyyə texnologiyalarının inkişafı məsələlərinə toxunulacaq. Eyni zamanda, qurultay zamanı əczaçılıq, peyvəndlər, tibbi cihazlar və süni intellekt kimi səhiyyə məhsulları sahələrində dövlət-özəl tərəfdaşlıqlarının gücləndirilməsi ilə bağlı mühüm müzakirələr aparılacaq”.
Tədbirdə çıxış edən dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Aziz Sancar Türk dövlətlərinin səhiyyə sahəsində böyük potensialını qeyd edərək, birgə elmi araşdırmaların aparılması təklifini irəli sürüb: “Mənim üçün ən önəmli amillərdən biri türk alimlərinin müasir elmdə ən ön sıralarda yer almasıdır".
Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında XI Türk Tibb Dünyası Qurultayının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: “Burada iştirak edən qardaş ölkələrin hər birinin qlobal səhiyyə landşaftının təkmilləşdirilməsində özünəməxsus missiyası var. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və gərgin zəhməti sayəsində ölkəmiz hərtərəfli inkişaf edir. Səhiyyənin tərəqqisi daim diqqət mərkəzində saxlanılır və dövlətin əsas prioritetlərindən biridir”.
Səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın və bu qurultayın əhəmiyyətini vurğulayan Teymur Musayev bildirib ki, 2014-cü ildən etibarən yüksək səviyyədə təşkil olunan Türk Tibb Dünyası qurultayları və burada aparılan müzakirələrin nəticələri milli səhiyyə sistemlərinin inkişafına mühüm töhfə verir. Müxtəlif ölkələrin səhiyyə nazirlərinin və alimlərinin iştirakı ilə yaradılan bu platforma türksoylu peşəkarlarla əlaqələr qurmaq, qarşılıqlı əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır. “Bu illər ərzində platformamız Türk dünyasının səhiyyə qurumları və alimləri arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib bir məkana çevrilib”, – deyə nazir vurğulayıb.
Teymur Musayev Türk dünyasının tibbi qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bir sıra təkliflər səsləndirib. O bildirib ki, Türk dünyası üçün vahid tibbi-elmi məkanın yaradılması, birgə elmi tədqiqatların aparılması, tibbi təhsilin ümumi standartlarının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Nazir həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinə “Türktransplant” vahid informasiya sisteminin yaradılması təşəbbüsünə verdikləri dəstəyə görə təşəkkürünü ifadə edib.
“Fəxrlə deyə bilərəm ki, Azərbaycan transplantologiya sahəsində tarixi bir nailiyyət əldə edib. Ötən ay Qafqaz regionunda ilk dəfə olaraq, ən yüksək peşəkar səviyyədə ölkəmizdə ürək köçürülməsi əməliyyatı icra olunub”, – deyə səhiyyə naziri qeyd edib.
Teymur Musayev müasir dövrün çağırışlarına da toxunaraq bildirib ki, bu çağırışlar əhalinin sağlamlığının və rifahının qorunması üçün dövlətlərdən daha çox səylər tələb edir. “İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial dəyərlərin dəyişdiyi və vətəndaş gözləntilərinin artdığı hazırkı mərhələdə ənənəvi tibbi xidmət yanaşmaları kifayət etmir. Dövlət siyasəti hərtərəfli, yüksək keyfiyyətli və bərabərhüquqlu tibbi xidmətin təmin edilməsini nəzərdə tutmalıdır”, – deyə o vurğulayıb.
Nazir həmçinin müasir cəmiyyətin inkişaf dinamikasında baş verən dəyişikliklərə diqqət çəkib: “İnsanların ömür uzunluğu artır, xroniki xəstəliklərin yayılma tezliyi yüksəlir. Bununla yanaşı, iqlim dəyişiklikləri və digər amillər əhali üçün yeni sağlamlıq riskləri yaradır. Müasir dövrdə vətəndaşlar artıq tibbi xidmətlərin passiv istehlakçıları deyil, sağlamlıq qərarlarını sorğulamağa və təsir etməyə çalışan, sağlamlıq nəticələrinin birgə yaradıcısı olan səhiyyə sisteminin fəal iştirakçılarıdır”.
Onun sözlərinə görə, texnologiyaların inkişafı xəstələrə məlumatlara operativ çıxış imkanı yaratmaqla yanaşı, eyni zamanda, manipulyasiya və yanlış məlumatlandırma risklərini də artırır: “Dezinformasiya ilə mübarizə milli səhiyyə sahəsində təhlükəsizliyin əsas komponentlərindən birinə çevrilməlidir. Hökumətlərin ictimai rəyə həssaslığı da eyni dərəcədə önəmlidir. Bu gün texnologiyaları yaxşı bilən və pasiyentyönümlü peşəkar tibbi kadrlara hər zamankından daha çox ehtiyac var. Dövlətlər bu məsələdə innovativ, rəqəmsal və inklüziv həllər kimi idarəetmə üsullarına üstünlük verirlər. Texnologiyaya əsaslanan, pasiyent mərkəzli, emosional və elmi cəhətdən yüksək hazırlıqlı tibb işçisinin olması zamanın tələbidir. Həmçinin Türk dünyasının vahid tibb elmi məkanının yaradılması, elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təminatını birgə fəaliyyətimizin aparıcı istiqamətləri kimi görürük”.
AZƏRTAC-ın verdiyi xəbərə görə, Teymur Musayev bildirib ki, Azərbaycanın səhiyyə sahəsində fəal əməkdaşlıq üzrə təşəbbüsləri Türk dünyası ölkələrində anlaşılır və dəstəklənir. O belə qurultayların keçirilməsinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə sistemlərinin yaxınlaşması, eləcə də qlobal tibbin inkişafına töhfə baxımından əhəmiyyətini vurğulayıb, qeyd edib ki, qurultayda dünyanın müxtəlif ölkələrindən təxminən 3 min nümayəndə, o cümlədən 40-dək səhiyyə müəssisəsi və tibb təşkilatının rəhbəri iştirak edir.
Səhiyyə naziri kimya üzrə Nobel mükafatı laureatı, professor Aziz Sancarın müzakirələrdə iştirakına xüsusi diqqət çəkərək, tanınmış alimin qurultaydakı çıxışını “Türk dünyasının Tibb Yol Xəritəsi” adlandırıb.
Nazir qeyd edib ki, Azərbaycan Türk dünyasının tibb qurultaylarında fəal iştirak edir və vaxtaşırı müxtəlif təşəbbüslərlə çıxış edir. Bu baxımdan, Teymur Musayev Azərbaycanın transplantasiya sahəsində məlumat mübadiləsi üzrə Ortaq Türk Platformasının yaradılması təşəbbüsünün həyata keçirilməsi istiqamətində atılan konkret addımları qürur mənbəyi adlandırıb. “Bu ideyanın həyata keçirilməsi üçün hazırda hüquqi və digər addımların atılması sevindirici haldır. Platformanın fəaliyyətinə çox yaxın gələcəkdə başlana bilər”, - deyən nazir orqan transplantasiyasının, xüsusən də sümük iliyinin transplantasiyasının bütün Türk dünyası ölkələrinin səhiyyə sistemi üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb. O əlavə edib ki, yeni platforma sayəsində çarpaz orqan transplantasiyası əməliyyatları mümkün olacaq.
XI Türk Tibb Dünyası Qurultayı çərçivəsində Teymur Musayev həmkarları – Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürek və Somalinin səhiyyə naziri Ali Haji Adam Abobakar ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolu vurğulanıb. Tədbirin mahiyyətini qeyd edən nazirlər bildiriblər ki, belə qurultayların keçirilməsi ölkələrimizin səhiyyə sistemlərinin yaxınlaşması, eləcə də qlobal tibbin inkişafına töhfə baxımından olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, XI Türk Tibb Dünyası Qurultayı çərçivəsində hüceyrə və gen terapiyaları, iqlim dəyişikliyi və fəlakətlər zamanı uşaq və qadınların sağlamlığı, ənənəvi təbabət və elmi sübutlara əsaslanan təbabət arasında körpü, sosial media və uşaqların sağlamlığı kimi mövzuları əhatə edən panel sessiyalar keçirilib.








Xəbəri paylaş




Oktyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova