Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası QAYDASI

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2025-ci il 26 noyabr tarixli
344 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 49-1-ci maddəsinin on üçüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin (bundan sonra – tibb mütəxəssisləri) sertifikasiyası qaydasını müəyyən edir.
1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. tibb mütəxəssislərinin sertifikasiyası – Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin, habelə azı 5 (beş) il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş tibb mütəxəssislərinin, o cümlədən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı 5 (beş) il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş şəxslərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların müvafiq olaraq davamlı peşəkar inkişafının (bundan sonra – DPİ) qiymətləndirilməsi və ya dövri olaraq 5 (beş) ildə bir dəfə sertifikasiya imtahanından (bundan sonra – imtahan) keçməsidir;
1.2.2. DPİ – praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən akkreditasiya olunmuş elmi və (və ya) tədris tədbirlərində iştirakı, o cümlədən elmi, pedaqoji və (və ya) müstəqil DPİ fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanması yolu ilə həyata keçirdiyi fəaliyyətidir;
1.2.3. DPİ krediti – DPİ üzrə fəaliyyətlərin növünə uyğun оlaraq müəyyən edilən ölçü vahididir;
1.2.4. DPİ təminatçısı – DPİ üzrə Nazirlik tərəfindən akkreditasiya olunmuş elmi və (və ya) tədris tədbirlərini həyata keçirən bu Qaydanın 7.1-ci bəndində göstərilən hüquqi şəxslərdir;
1.2.5. peşəkar inkişafın hesabatı – Qanuna uyğun olaraq sertifikasiya şəhadətnaməsi verilənədək və ya onun qüvvədə olduğu 5 (beş) il ərzində həyata keçirilmiş DPİ haqqında məlumatların əks olunduğu “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə (bundan sonra – VSİS) yaradılan və girişi Nazirliyin rəsmi internet saytından olan tibb mütəxəssisinin şəxsi kabinetində (bundan sonra – şəxsi kabinet) yerləşdirilən elektron sənəddir.
1.3. Şəhadətnamə imtahandan keçmiş və ya hər il orta hesabla 50 (əlli) kredit olmaqla 5 (beş) il ərzində DPİ üzrə minimum 250 (iki yüz əlli) krediti toplamış tibb mütəxəssislərinə verilir.
1.4. Aşağıdakı tibb mütəxəssisləri şəhadətnamə əldə etmək üçün imtahanda iştirak etməlidirlər:
1.4.1. ən azı 5 (beş) il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməyənlər;
1.4.2. hər il orta hesabla 50 (əlli) kredit olmaqla, DPİ üzrə minimum 250 (iki yüz əlli) krediti 5 (beş) il ərzində toplamayanlar.
2. Sertifikasiya prosesinin təşkili
2.1. Tibb mütəxəssislərinin sertifikasiyası Nazirliyin Elmi-Tibbi Şurası və Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən (bundan sonra – Mərkəz) həyata keçirilir.
2.2. Mərkəzin sertifikasiya sahəsində vəzifələri aşağıdakılardır:
2.2.1. sertifikasiya şəhadətnaməsi verilənədək və ya onun qüvvədə olduğu 5 (beş) il müddətində tibb mütəxəssisi tərəfindən toplanmış DPİ kreditlərinin yekun hesablanmasını və təsdiqini təmin etmək;
2.2.2. şəhadətnamənin etibarlılıq müddətinin bitməsinə 6 (altı) ay qalmış VSİS vasitəsilə tibb mütəxəssisinə və işlədiyi halda çalışdığı tibb və əczaçılıq müəssisəsinə xəbərdarlıq göndərmək;
2.2.3. şəhadətnaməsinin etibarlılıq müddəti bitmiş tibb mütəxəssisləri barədə dövlət və qeyri-dövlət tibb və əczaçılıq müəssisələrini məlumatlandırmaq;
2.2.4. imtahanları və sınaq imtahanlarını təşkil etmək və həyata keçirmək;
2.2.5. sertifikasiyaya dair Mərkəzə daxil olan ərizə və şikayətlərə baxmaq.
2.3. Sertifikasiya imtahanı kağız daşıyıcı vasitəsilə aparılır.
2.4. Sınaq imtahanı istisna olmaqla imtahan ödənişsizdir. Sınaq imtahanının ödənişi Mərkəzin bank hesabına köçürülməlidir.
3. Sertifikasiya imtahanının təşkili və keçirilməsi
3.1. Mərkəz imtahan suallarının hazırlanmasını, ekspertizasını, saxlanılmasını və istifadəsini təşkil edir, onların konfidensiallığını təmin edir.
3.2. İmtahan suallarının hazırlanması üçün tibb və ya səhiyyə ixtisasları üzrə istifadə olunan ədəbiyyatın, o cümlədən Nazirlik tərəfindən təsdiq edilmiş klinik protokolların siyahısı və imtahan suallarının nümunələri Mərkəzin rəsmi internet saytında (bundan sonra – sayt) yerləşdirilir.
3.3. İmtahan sualları iki hissədən (test və klinik tapşırıq) ibarətdir və məxfilik gözlənilməklə 3 (üç) mürəkkəblik dərəcəsi üzrə tərtib edilir. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 10 (on) dəfə çox olmalıdır.
3.4. İmtahan sualları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir. Həmin şəxslər hazırladıqları imtahan suallarını yaymayacaqları barədə müvafiq iltizam imzalayırlar.
3.5. Ekspertizadan keçirilmiş imtahan sualları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq ixtisaslar üzrə test bankına daxil edilir.
3.6. İmtahanda yalnız Mərkəz tərəfindən təsdiq edilmiş və test bankına daxil olunmuş suallardan istifadə edilir.
3.7. Tibb və əczaçılıq sahəsində yeniliklər nəzərə alınmaqla, test bankında toplanılmış imtahan sualları hər il ekspertizadan keçirilir, o cümlədən 10-20 faiz yenilənir.
3.8. İmtahanda iştirak etmək üçün tibb mütəxəssisinə imtahana buraxılış vərəqəsi və onun hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası şəxsi kabinet vasitəsilə, işləyən tibb mütəxəssislərinə münasibətdə isə şəxsi kabinetlə yanaşı, onların çalışdığı tibb və əczaçılıq müəssisəsinə göndərilir. İmtahana buraxılış vərəqəsi imtahan tarixindən 30 (otuz) gündən gec olmayaraq verilməlidir.
3.9. İmtahana buraxılış vərəqəsi QR koda malik olub, tibb mütəxəssisinin adı, soyadı, ata adı, şəxsiyyət vəsiqəsinin FİN kodu, Azərbaycan Respublikasında tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrindəki kodu, ixtisası, imtahanın keçirilmə yeri və tarixi barədə məlumatları özündə əks etdirir.
3.10. Namizədə aşağıdakılar qadağan edilir:
3.10.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək;
3.10.2. imtahana sərxoş vəziyyətdə gəlmək;
3.10.3. imtahan zamanı mobil telefon və digər rabitə vasitələri, konspekt, məlumat kitabçası və digər yardımçı vasitələrdən istifadə etmək;
3.10.4. imtahan başlandığı andan icazəsiz yerini dəyişmək, gəzişmək, imtahan zalını özbaşına tərk etmək, imtahanın gedişinə mane olmaq;
3.10.5. digər namizədin nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab vərəqinə baxmaq və ya öz cavab vərəqinə başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
3.10.6. nəzarətçiyə və digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
3.10.7. cavab vərəqini nəzarətçiyə təhvil vermədən imtahanın keçirildiyi zalı tərk etmək;
3.10.8. imtahan keçirilən binaya yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu qəbildən olan əşyalarla daxil olmaq, özü ilə tütün məmulatı gətirmək.
3.11. Tibb mütəxəssisinin çalışdığı müəssisənin rəhbəri həmin şəxsin müəyyən edilmiş tarixdə imtahanda iştirakına şərait yaratmalıdır.
3.12. Tibb mütəxəssisi şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə imtahanda iştirak edir. Bu sənədlərdən biri olmadıqda, həmin şəxs imtahana buraxılmır.
3.13. Tibb mütəxəssisi imtahanda iştirak edərkən, yaddaş kitabçasında bu Qaydanın 3.10-ci bəndi ilə müəyyən edilmiş qadağalara əməl etməlidir. Tibb mütəxəssisinin bu tələblərə və qadağalara əməl etməməsi halları aşkar edildikdə, o, imtahan zalından xaric edilir, imtahanın nəticəsinin ləğv olunması barədə qərar qəbul edilir və bu barədə akt tərtib olunur. Tibb mütəxəssisi bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.
3.14. İmtahan qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.
3.15. İmtahan prosesi zamanı videoçəkiliş aparılır. Həmin videoyazılar 2 (iki) həftə müddətində saxlanılır.
3.16. İmtahan suallarının klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən tibb mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 (beş) klinik tapşırıqdan ibarət olur və sual vərəqəsində qeyd olunur.
3.17. İmtahan sualları bilavasitə imtahan günü, imtahan başlamazdan 3 (üç) saat əvvəl ümumi suallar toplusundan insan iştirakı olmadan təsadüfi seçmə üsulu ilə elektron proqram vasitəsilə seçilir və hər ixtisas üzrə ayrılıqda 2 (iki) müxtəlif variantda 60 (altmış) test sualından və 5 (beş) klinik tapşırıqdan ibarət olan sual kitabçası şəklində mətbəə üsulu ilə imtahanda iştirak edənlərin sayına uyğun olaraq çoxaldılır.
3.18. Hər tibb mütəxəssisi üçün fərdi və bir nüsxədə cavab kartı çap edilir, bunun üçün xüsusi ayrılmış və möhürlənmiş qutularda yerləşdirilir.
3.19. İmtahan zalında suallar toplusu olan qutunun möhürü imtahan nəzarətçiləri tərəfindən imtahan iştirakçılarının müşahidəsi ilə açılır və onlara doldurulması qaydası izah edilməklə cavab kartları ilə birlikdə paylanılır.
3.20. İmtahan 3 (üç) saat müddətində keçirilir.
3.21. İmtahan iştirakçısı tərəfindən cavab kartı işlənildikdən sonra o, sual kitabçasını, cavab kartını və buraxılış vərəqəsini imtahan nəzarətçilərinə təhvil verir və bu Qaydanın 3.25-ci bəndində göstərilən protokola imza ataraq imtahan zalını tərk edir.
3.22. Texniki səbəblərdən imtahanın nəzərdə tutulmuş tarixdə aparılması mümkün olmadıqda, Mərkəzin qərarı əsasında imtahan fərqli tarixdə aparılmalıdır və bu barədə məlumat bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq tibb mütəxəssisinə verilməlidir. Mərkəz tərəfindən təxirə salınmış imtahanın keçirilməsinə dair tarix 30 (otuz) gündən gec olmayaraq təyin olunmalıdır və bu barədə məlumat şəxsi kabinet vasitəsilə tibb mütəxəssisinə və çalışdığı tibb və əczaçılıq müəssisəsinə göndərilməlidir.
3.23. Sertifikasiya imtahanının başlanma vaxtı suallar paylanılıb qurtardığı andan hesablanır. İmtahan bir neçə auditoriyada keçirildikdə hər auditoriyada imtahanın başlanma vaxtı həmin auditoriyada sual kitabçası paylanılıb qurtardığı andan hesablanır.
3.24. İmtahan suallarının test hissəsi üzrə cavab kartında düzgün cavabın yerləşdiyi hərfli dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır. İmtahan suallarının klinik tapşırıq hissəsi üzrə cavab kartında 5 (beş) klinik tapşırığın sualları ardıcıl olaraq qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə cavablandırılmalıdır. Cavab kartı onu doldurmuş şəxs tərəfindən imzalanır.
3.25. Sertifikasiya imtahanının başa çatması barədə protokol tərtib edilir. Protokol nəzarətçilər və imtahan verən 2 (iki) nəfər tərəfindən imzalanır. Protokol və cavab kartları qutuya qoyulur və imzalanaraq imtahan rəhbərinə verilir. İmtahan rəhbəri qutunu cavab kartlarının xüsusi optik cihazlar vasitəsilə oxunmasının həyata keçirildiyi otağa təqdim edir.
3.26. Cavab kartları xüsusi optik cihaz vasitəsilə oxunduqdan sonra avtomatlaşdırılmış qaydada real vaxt rejimində informasiya texnologiyaları vasitəsilə qiymətləndirilir və nəticələr üzrə balların hesablanması həyata keçirilir.
3.27. Test hissəsi üzrə hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir (maksimum 60 (altmış) bal). Klinik tapşırıq hissəsində verilən 5 (beş) tapşırığın hər biri üzrə 5 (beş) sual təqdim edilir və hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir (maksimum 25 (iyirmi beş) bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
3.28. İmtahan suallarının test hissəsi üzrə 40 (qırx) və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 (on altı) və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.
3.29. Cavab kartlarının yoxlanılması başa çatdıqdan sonra imtahanın nəticələri cavab kartları ilə birlikdə Mərkəzin arxivinə təqdim edilir.
3.30. Mərkəz imtahanın nəticələrini imtahan keçirilən tarixdən 1 (bir) gün müddətində saytında və tibb mütəxəssisinin şəxsi kabinetinə göndərməklə elan edir.
3.31. Tibb mütəxəssisi imtahanın nəticələri ilə razı olmadıqda inzibati qaydada Nazirliyə, Mərkəzə və məhkəməyə şikayət vermək hüququna malikdir.
3.32. Tibb mütəxəssisi imtahanın nəticəsinə dair 5 (beş) iş günü müddətində Mərkəz tərəfindən yaradılan birdəfəlik apellyasiya komissiyasına (bundan sonra – Komissiya) şikayət verə bilər.
3.33. Komissiya azı 3 (üç) nəfərdən ibarət tərkibdə tibb mütəxəssisinin imtahan verdiyi ixtisas üzrə praktik tibb fəaliyyəti ilə məşğul olan, tibb təhsili və elm müəssisələrində çalışan və ya 10 (on) ildən az olmayaraq iş təcrübəsi olan mütəxəssislərdən formalaşdırılır. Eyni mütəxəssis üzv kimi ardıcıl olaraq 2 (iki) dəfədən çox Komissiyada iştirak edə bilməz.
3.34. Komissiya tərəfindən şikayətə onun Mərkəzə daxil olduğu tarixdən 30 (otuz) gündən gec olmayan müddətdə tibb mütəxəssisinin əyani və ya onlayn qaydada iştirakı ilə baxılır. Tibb mütəxəssisinə şikayətinin baxılmasının yeri, tarixi və vaxtı barədə onun şəxsi kabineti və ya əlaqə nömrəsi vasitəsilə məlumat verilir. Tibb mütəxəssisi şikayətinin baxılmasında iştirak etmədikdə şikayəti baxılmamış saxlanılır.
3.35. Tibb mütəxəssisi üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə, sürətli internet bağlantısının və ya internetə çıxışın olmaması, texniki imkanların məhdud olması) iştirak edə bilmədikdə şikayətə baxılması üçün əvvəl təyin olunmuş müddətdən növbəti 1 (bir) ay müddətində yenidən şikayətə baxılır.
3.36. Zəruri olduğu hallarda sualları tərtib edən şəxs Komissiyanın iclasına dəvət olunur, lakin həmin şəxs şikayətə baxılmasında və müvafiq qərarın qəbul edilməsində iştirak edə bilməz.
3.37. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Tibb mütəxəssisi bu Qaydanın 3.2-ci bəndində göstərilən ədəbiyyat mənbələrinə uyğun olaraq tapşırığın doğru cavabının yanlış göstərildiyini və ya birdən çox doğru cavabın olduğunu sübuta yetirərsə, Komissiya tərəfindən onun xeyrinə qərar qəbul edilir və müvafiq protokol tərtib edilir. Həmin test tapşırığı mərkəz tərəfindən test bankından çıxarılır və redaktə edilməsi mümkün olan hallarda redaktədən sonra test bankına daxil edilir.
3.38. Tibb mütəxəssisinin sual kitabçasında apardığı qeydlər heç bir hüquqi əhəmiyyət kəsb etmir. İmtahanın nəticəsi emal olunarkən, eləcə də şikayətə baxılarkən cavab kartı əsas kimi götürülür, sual kitabçasına baxılmır.
3.39. Komissiya imtahan prosesi ilə əlaqədar şikayətlərə baxmır.
3.40. İmtahandan keçməyən işçilər 6 (altı) ay müddətində müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar imtahan olunmaq məqsədilə öz ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Mərkəzə müraciət edə bilərlər.
3.41. İmtahandan keçməyən işçilərin təkrar imtahana qədər 6 (altı) ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılır.
3.42. İmtahandan təkrar keçməyən işçilərin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq xitam verilir.
3.43. Mərkəz imtahanla bağlı məlumatların 1 (bir) il müddətində saxlanılmasını təmin edir.
4. DPİ-nin tətbiqi
4.1. Tibb mütəxəssisləri 5 (beş) il ərzində hər il orta hesabla 50 (əlli) kredit olmaqla, minimum 250 (iki yüz əlli) kredit toplamalıdırlar.
4.2. Tibb mütəxəssisləri topladıqları kreditlərin qeydiyyatını peşəkar inkişafın hesabatında aparmalıdırlar.
4.3. Tibb mütəxəssislərinin rəhbəri tabeliyində olan tibb mütəxəssislərinin hər il orta hesabla 50 (əlli) kredit toplaması üçün müəssisənin işinin normal gedişinə xələl gətirməmək şərtilə həmin fəaliyyətin həyata keçirilməsinə şərait yaradılmasını təmin edir.
5. DPİ-nin məzmunu
5.1. DPİ-nin məzmunu bilavasitə tibb mütəxəssisinin ali və ya orta ixtisas tibb təhsili əsasında əldə etdiyi ixtisasına aid olmalıdır.
5.2. DPİ-nin məzmunu sübutlu təbabətə əsaslanmalı, tibb mütəxəssislərinin ixtisasından və həmin ixtisas üzrə praktik fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq onların təlim ehtiyaclarının ödənilməsinə, o cümlədən əhalinin sağlamlığının qorunması sahəsində tibbi problemlərin həllinə yönəlməlidir.
5.3. Bu Qaydanın 5.2-ci bəndində göstərilənləri nəzərə alaraq Nazirlik ixtisaslardan asılı olaraq tibb mütəxəssisləri üçün müəyyən mövzular üzrə DPİ-nin minimum həcmini (kreditlərini) müəyyən edir və bu barədə Mərkəz tərəfindən şəxsi kabinet vasitəsilə tibb mütəxəssislərinə məlumat verilir.
6. DPİ-nin həyata keçirilməsi
6.1. DPİ tibb mütəxəssisinin yerli və ya beynəlxalq səviyyədə akkreditasiya olunmuş DPİ üzrə elmi və (və ya) tədris tədbirlərində iş yeri və orta əməkhaqqı saxlanılmaqla iştirakı, elmi, pedaqoji və (və ya) müstəqil DPİ fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanılması yolu ilə həyata keçirilir.
6.2. DPİ üzrə akkreditasiya olunmuş elmi tədbirlərə DPİ təminatçıları tərəfindən keçirilən DPİ üzrə akkreditasiya olunmuş “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə uyğun olaraq elmi-praktik forum, konfrans, simpozium, seminar və digər elmi tədbirlər aiddir.
6.3. DPİ üzrə akkreditasiya olunmuş tədris tədbirlərinə mühazirə, kurs, təlim və digər tədbirlər aiddir.
6.4. DPİ üzrə elmi və (və ya) tədris tədbirləri milli və ya beynəlxalq səviyyədə keçirilə bilər.
6.5. Elmi fəaliyyətlərə aşağıdakılar aiddir:
6.5.1. ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi;
6.5.2. tibb və ya əczaçılıq sahəsinə aid elmi işlərdə rəhbərlik və ya məsləhətçi kimi fəaliyyət;
6.5.3. tibb və ya əczaçılıq sahəsinə aid elmi işlərin ilkin müzakirəsində və elmi seminarlarda rəyçi, dissertasiya işlərinin müdafiəsi zamanı rəsmi opponent qismində fəaliyyət;
6.5.4. tibb və ya əczaçılıq elmi fəaliyyət istiqamətli şuralarda və etik komitələrdə sədrlik və ya üzvlük;
6.5.5. beynəlxalq resenziyalı və ya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nəşr edilmiş jurnallarda, elmi məcmuələrdə, elmi dövri mətbuatda, elmi tədbirlərin nəşrində, qeydiyyatdan keçmiş elmi elektron nəşrlərdə məqalələrin, tezislərin və digər elmi işlərin dərc olunması;
6.5.6. tibbi yardım göstərilməsinin, diaqnostikanın, müalicənin, tibbi texnologiya və ya texnikanın yeni metodlarının işlənib hazırlanması ilə əlaqədar patentin alınması;
6.5.7. tibb və ya əczaçılıq sahəsinə aid standartlar, ixtisas üzrə milli rəhbərliklər, monoqrafiyalar, klinik protokollar, tədris-metodik (metodik) vəsaitlər, tibb təhsili üzrə ali, orta ixtisas və əlavə təhsil proqramlarının nəşri və ya təsdiqi.
6.6. Pedaqoji fəaliyyətlərə ali və orta ixtisas təhsil müəssisələrində tibb və ya səhiyyə ixtisasları üzrə təhsilverənlərin fəaliyyəti aiddir.
6.7. Müstəqil DPİ fəaliyyətlərinə aiddir:
6.7.1. tibb mütəxəssisinin ixtisas üzrə peşə bacarıqlarını təkmilləşdirməsi üçün təcrübə keçməsi məqsədilə digər tibb müəssisəsinə ezam olunması;
6.7.2. müqavilə əsasında ixtisas üzrə imtahan suallarının (test tapşırıqlarının) tərtibi.
7. DPİ üzrə elmi və (və ya) tədris tədbirlərinin təminatçıları
7.1. DPİ üzrə elmi və (və ya) tədris tədbirlərini aşağıdakı hüquqi şəxslər həyata keçirə bilərlər:
7.1.1. tibb və ya səhiyyə ixtisasları üzrə kadr hazırlığı aparan ali və orta ixtisas təhsil müəssisələri, onların tədris və klinik bazaları, tibb sahəsi üzrə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.22-ci maddəsinə uyğun olaraq elm müəssisələri, xarici ölkələrin Azərbaycan Respublikasında olan tibb sahəsi üzrə təhsil və elm müəssisələrinin filialları;
7.1.2. tibb mütəxəssislərini birləşdirən və təsis sənədlərində tibb mütəxəssislərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müəyyən edilən yerli və beynəlxalq ictimai birliklər;
7.1.3. Birləşmiş Millətlər Təşkilatının səhiyyə sahəsində fəaliyyət göstərən qurumları.
7.2. DPİ təminatçıları tədbirləri keçirərkən Nazirlik tərəfindən təsdiq olunan davamlı peşəkar inkişaf üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası qaydasında müəyyən edilən tələblərə və akkreditasiya meyarlarına əməl etməlidirlər.
7.3. DPİ təminatçıları tədbirləri təşkil edərkən bu Qaydanın 5.3-cü bəndini nəzərə almalıdırlar.
7.4. DPİ təminatçıları tədris və (və ya) elmi tədbirlərdə iştirak edərək sertifikat əldə edən tibb mütəxəssislərinin siyahısını 5 (beş) il müddətində saxlamalıdırlar.
7.5. Tədris və (və ya) elmi tədbirin videoçəkilişi aparıldığı halda DPİ təminatçıları həmin videoyazını 1 (bir) il müddətində saxlamalıdırlar.
7.6. DPİ təminatçıları tədris və (və ya) elmi tədbirin bitməsindən sonra 1 (bir) aydan gec olmayaraq keçirilmiş tədbirdə iştirak edərək sertifikat əldə edən tibb mütəxəssislərinin siyahısını Mərkəzə VSİS-in müvafiq altsistemi vasitəsilə göndərməlidirlər.
8. Peşəkar inkişafın hesabatı
8.1. Tibb mütəxəssisi DPİ üzrə hər növbəti il üçün planlaşdırdığı fəaliyyəti barədə məlumatı cari ilin son ayında peşəkar inkişafın hesabatına daxil edir və DPİ-ni həyata keçirir.
8.2. Tibb mütəxəssislərinin şəhadətnamənin qüvvədə olduğu və Qanunun 49-1-ci maddəsinin səkkizinci abzasında göstərilən şəxslərə münasibətdə həmin maddədə qeyd olunan illərdə DPİ üzrə fəaliyyət hər ilin başa çatmasından sonra peşəkar inkişafın hesabatında əks olunur.
8.3. Peşəkar inkişafın hesabatı şəxsi kabinet vasitəsilə elektron qaydada aparılır və strukturu DPİ üzrə fəaliyyətin növündən, hesablanan kreditlərin miqdarından, tələb olunan təsdiqedici sənədlərdən, qeyd hissəsindən ibarət olmalıdır.
8.4. Tibb mütəxəssisi peşəkar inkişafın hesabatına Nazirlik tərəfindən təsdiq olunan davamlı peşəkar inkişaf fəaliyyətlərinin kredit ekvivalentlərində, həmin kreditlərin təsdiqlənməsi üçün lazım olan sənədlərdə və hesablanmasına dair tələblərlə müəyyən edilən təsdiqedici sənədlərin surətlərini əlavə edir.
8.5. Tibb mütəxəssisinin çalışdığı tibb və əczaçılıq müəssisəsinin rəhbəri istənilən zaman onun peşəkar inkişafının hesabatı ilə elektron qaydada tanış olmaq hüququna malikdir.
8.6. Mərkəzin peşəkar inkişafın hesabatının tamlığını və düzgünlüyünü yoxlamaq hüququ vardır. 5 (beş) ilin sonunda peşəkar inkişafın hesabatı üzrə kreditlər VSİS-in müvafiq altsistemi vasitəsilə avtomatik hesablanaraq Mərkəz tərəfindən təsdiq edilir.
9. Şəhadətnamənin verilməsi və ləğv edilməsi
9.1. Forması bu Qaydanın əlavəsində göstərilən Şəhadətnamə Mərkəz tərəfindən verilir və onun səlahiyyət verdiyi şəxs (şəxslər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir.
9.2. Şəhadətnamə 5 (beş) il müddətində etibarlıdır.
9.3. Tibb mütəxəssisləri Şəhadətnaməni şəxsi kabinetləri vasitəsilə əldə edirlər.
9.4. Tibb mütəxəssisinin soyadı, adı, atasının adı dəyişdikdə, Şəhadətnamənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə tibb mütəxəssisi Şəhadətnamənin dəyişdirilməsi üçün elektron qaydada bu halın baş verdiyi və ya aşkar edildiyi gündən 1 (bir) ay müddətində Mərkəzə müraciət etməlidir.
9.5. Mərkəz tərəfindən Şəhadətnamənin ləğv edilməsi barədə qərar aşağıdakı hallarda qəbul edilir:
9.5.1. tibb və ya əczaçılıq fəaliyyəti ilə bağlı olan tibb mütəxəssisinin cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
9.5.2. tibb mütəxəssisi tibb və ya əczaçılıq fəaliyyəti ilə bağlı il ərzində iki və ya daha çox inzibati xəta törətdikdə;
9.5.3. tibb mütəxəssisi saxta sənədlər təqdim etməklə şəhadətnaməsi əldə edilməsi faktı aşkar olunduqda;
9.5.4. tibb mütəxəssisi əmək qabiliyyətini tam itirdikdə və ya vəfat etdikdə;
9.5.5. tibb mütəxəssisi fəaliyyət qabiliyyətinin məhdudlaşması, fəaliyyət qabiliyyəti olmayan sayılması, ölmüş elan edilməsi və ya itkin düşməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
9.5.6. tibb mütəxəssisi özü ərizə ilə müraciət etdikdə.
9.6. Nazirlik bu Qaydanın 9.5.1-ci, 9.5.2-ci, 9.5.4-cü və 9.5.5-ci yarımbəndlərində qeyd edilən məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumlarından əldə edir.
9.7. Şəhadətnamənin ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində tibb mütəxəssisinə şəxsi kabinet vasitəsilə və ya yazılı qaydada məlumat təqdim edilir.
9.8. Tibb mütəxəssisi tibb və ya səhiyyə ixtisasları üzrə iki fərqli ixtisas üzrə sertifikasiya şəhadətnaməsi əldə edə və həmin ixtisaslar üzrə praktik fəaliyyətlə məşğul ola bilər.
Xəbəri paylaş








