Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib

Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Oftalmologiya Mərkəzində keçirilən konfransda mərkəzin həkimləri, ölkənin müxtəlif bölgələrindən gəlmiş oftalmoloqlarla yanaşı, Rusiya, Türkiyə, İtaliya, Gürcüstan və digər ölkələrdən tanınmış mütəxəssislər də iştirak ediblər.
Oftalmologiya sahəsində əldə olunan son elmi nailiyyətlərin və tibbi texnologiyaların müzakirəsi, yerli və xarici mütəxəssislərin təcrübə mübadiləsi üçün mühüm platforma olan konfrans oftalmologiyanın aktual məsələləri, yeni diaqnostika və müalicə metodlarının təhlili, eyni zamanda, gələcək hədəflərin müəyyən edilməsi məqsədi daşıyıb.
Tədbirdə Türk Oftalmoloji Dərnəyinin fəxri prezidenti Sunay Duman “Akademik Zərifə Əliyevanın işığında oftalmologiyanın gələcəyi”, Milli Oftalmologiya Mərkəzinin direktor müavini, tibb elmləri doktoru, dosent Hicran Namazova “Akademik Zərifə Əliyevanın zəngin elmi irsi və müasir oftalmologiyanın inkişafı”, Türk Oftalmoloji Dərnəyinin rəhbəri professor Hüban Atilla “Ambliopiya: yeni müalicə üsulları” mövzularında məruzələrlə çıxış ediblər. Həmçinin “Paul qlaukoma implantı, qısamüddətli nəticələr”, “SMILE PRO - lazer görmə korreksiyasının innovativ üsulu”, “Azərbaycanın regionlarında uveitin epidemiologiyasının təzahürləri”, “Tor qişanın vitreoretinal cərrahiyyəsi: qeyri-standart hallar”, “Oftalmoloji yardımın III etapında göz travmatizmi ilə bağlı təcili və təxirəsalınmaz müraciətlərin regional xüsusiyyətləri” və s. mövzularda nəzəri biliklər və praktik təcrübə təqdim olunub. Elmi diskussiyalar oftalmologiya sahəsində yeni yanaşmaların formalaşmasına zəmin yaradıb.
Xəbəri paylaş