Səhiyyə Nazirliyi qızılca ilə bağlı vəziyyət haqqında məlumat yayıb

Səhiyyə Nazirliyi qızılca ilə bağlı vəziyyət haqqında məlumat yayıb

Səhiyyə Nazirliyi ölkəmizdə qızılca xəstəliyinin yayılması ilə bağlı yaranmış vəziyyət haqqında məlumat yayıb.
Məlumatda xatırladılır ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edilib.
Bildirilir ki, ötən illər ərzində (2014 və 2018-ci illərdə) ölkə ərazisində qızılca infeksiyasının 2 kiçikmiqyaslı alovlanmasının qeydə alınmasına baxmayaraq, həyata keçirilən əks-epidemik və profilaktik tədbirlər nəticəsində qısa müddət ərzində bu alovlanmalar dayandırılıb:
“Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilib. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub.
Məlumatda deyildiyinə görə, hadisələrin epidemioloji təhlili göstərir ki, yoluxmanın əsas səbəbi peyvəndlərdən yayınma hallarının olmasıdır. Bu da əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Belə ki, yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən peyvəndlərini almayan uşaqlardır:
“Yaranan vəziyyətlə əlaqədar olaraq, mütəşəkkil kollektivlərdə (xüsusilə internat tipli məktəblərdə), qapalı müəssisələrdə (uşaq evləri, sanatoriyalarda) uşaqların sıx təması nəticəsində hava-damcı infeksiyalarının yayılması üçün daha əlverişli mühitin olmasını nəzərə alaraq, bütün ölkə ərazisində tibb müəssisələri tərəfindən profilaktik peyvənd işi gücləndirilib. Eyni zamanda, yaşa görə peyvəndlərdən kənar qalan uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət artırılıb.
Həmçinin ocaqlarda əks-epidemik tədbirlər görülür, xəstə insanlarla təmasda olan şəxslər müəyyən edilir və 21 günlük müşahidə aparılır”.
Məlumatda həmçinin bildirilir ki, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktika məqsədilə vaksinasiyası üçün peyvənd tətbiq olunacaq.
Azərbaycan Texniki Universitetində 8 tələbədə qızılca xəstəliyi aşkar edilməsi ilə bağlı yayılan xəbərlərlə əlaqədar olaraq qeyd edilib ki, noyabr ayı ərzində Azərbaycan Texniki Universitetindən 1 nəfər qızılcaya şübhəli şəxsin məlumatı daxil olub və onun son diaqnozu inkar edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin bundan əvvəl yaydığı daha bir məlumatda ölkənin bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma hallarının müşahidə olunduğu söylənilib. Bildirilib ki, hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb: “Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılır, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca – parotit – məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar. Hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir.
Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur”, - deyə, Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildirilib ki, qızılca xəstəliyi ilə bağlı yaranan epidemioloji vəziyyətlə əlaqədar olaraq, qızılca peyvəndindən kənarda qalan uşaqların tibb müəssisələrində siyahısının hazırlanması və onların peyvəndə cəlb olunması davam edir. Qeyd olunub ki, qızılca peyvəndi uşaqlara 12 ayında və 6 yaşında vurulur. Qurum uşaqların qızılca peyvəndindən kənarda qalmasının səbəbini valideynlərin vaksinlərdən əsassız imtina etməsi, eləcə də COVID-19 pandemiyası dövründə uşaqların vaksinasiyadan kənarda qalması ilə izah edir. Mərkəzdən həmçinin bildiriblər ki, belə halların qarşısını almaq məqsədilə valideynlər arasında peyvəndlərin vacibliyi haqqında maarifləndirmə işləri davam etdirilir.





Daha çox

Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova