Tibb biznesinə dair ictimai müzakirə təşkil olunub

Tibb biznesinə dair ictimai müzakirə təşkil olunub

Bakıda dövlət-sahibkar əməkdaşlığı çərçivəsində, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, tibb sahəsində fəaliyyət göstərən iş adamlarının və biznes assosiasiyalarının iştirakı ilə “Tibb biznesində perspektiv imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Səhiyyə Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilmiş ictimai müzakirədə KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin tibb biznesi sahəsində kiçik və orta biznes fəaliyyətinin, sahənin inkişaf potensialının və çətinliklərin öyrənilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.
Səhiyyə naziri Teymur Musayev hazırda Azərbaycanda özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyektinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, özəl tibb müəssisələrinin, özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayının artması sahibkarlıq sahəsinə Prezident İlham Əliyev tərəfindən göstərilən dövlət dəstəyinin nəticəsində mümkün olub. Nazir məlumat verib ki, tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin standartlarına və keyfiyyətinə nəzarətin təmin edilməsi üçün Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması istiqamətində işlər aparılır: “Tibb müəssisələrinin akkreditasiyası sahəsində qaydaların mövcudluğu həm göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcək, həm də əhalinin səhiyyə sistemindən məmnunluğunu artıracaq”.
Teymur Musayev bildirib ki, Səhiyyə Nazirliyinə müxtəlif özəl qurumlardan, qeyri-hökumət təşkilatlarından, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrindən mütəmadi müraciət və təkliflər daxil olur. Həmin müraciətlər təhlil edilir və lazımi addımlar atılır. Aparılan araşdırmalar zamanı özəl tibb müəssisələrinin birliyinin təsis edilməsinə ehtiyac olduğu müəyyən edilib. Nazir özəl tibb subyektlərini bu kimi platformalarda aktiv iştiraka dəvət edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev kiçik və orta biznes subyektləri ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirib ki, Agentlik hər zaman dövlət-özəl sektor tərəfdaşlığında maraqlıdır. İcbari tibbi sığortanın tətbiqində özəl sektora da böyük imkanlar yaradılıb. Qanunvericiliyin tələblərindən irəli gələrək, eyni zamanda, sahibkarlıq subyektlərinə dəstək məqsədilə tibbi sahədə fəaliyyət göstərən kiçik və orta biznes təmsilçiləri ilə sıx əməkdaşlıq aparılır. Aralarında həm hüquqi, həm də fiziki şəxslərin olduğu bu subyektlərlə fəaliyyət ilk növbədə şəffaflıq prinsipi əsasında tənzimlənir. Z.Əliyev bildirib ki, hazırda agentliyin 57 özəl tibb müəssisəsi ilə müqaviləsi var: “İstəyirik ki, bu say daha çox olsun, gələcəkdə hər kəsə istər özəl, istərsə də dövlət tibb müəssisələrində eyni qaydada icbari tibbi sığorta tətbiq edilsin”.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində fəaliyyət göstərən biznes subyektlərini dəstəklədiyini qeyd edib, müvafiq sahədə yerli istehsalın genişləndirilməsinə və dövlət-özəl tərəfdaşlığının tətbiqinə, özəl tibb fəaliyyəti üçün normativlərin sadələşdirilməsinə, özəl laboratoriyaların yaradılmasının stimullaşdırılmasına, tibb fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin vergi-uçot hesabatlarında şəffaflığın artırılmasına, müalicə-sağlamlıq turizminin təşviqinə, tibb sahəsində fəaliyyət göstərən assosiasiya və birliklərin fəaliyyətində aktivliyin artırılmasına dair təkliflər səsləndirib. KOBİA sədri sahibkarları Pirallahı Sənaye Parkından və dövlətin digər dəstək və xidmətlərindən daha aktiv istifadə etməyə çağırıb.
Tədbir çərçivəsində Səhiyyə Nazirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Sənədi imzalayan səhiyyə naziri Teymur Musayev və ASK-nin prezidenti Məmməd Musayev memorandumun dövlət və özəl səhiyyə sektoru arasında münasibətlərin dərinləşməsinə, əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini vurğulayıblar.
Tədbirdə tibb biznesi sahəsində sahibkarların sektorun inkişafına dair təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, onların sualları aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən cavablandırılıb.


Xəbəri paylaş


Daha çox


İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova