2024-cü ilin elmi tibbi nəticələri
2024-cü il dünyada təbabətlə bağlı bir sıra elmi nailiyyətlərlə yadda qalıb. İlin yekununda onların bəzilərini xatırladaq.
İnsan beyninə çip implantasiya olunub
Milyarder İlon Maskın neyrotexnoloji şirkəti olan “Neuralink” ilk dəfə insan beyninə çip implantasiya edib. Şirkətin rəhbəri X sosial şəbəkəsində paylaşımında qeyd edib ki, proses yaxşı keçib. “Neuralink”in “Telepatiya” adlanan ilk məhsulu imkan verəcək ki, insan öz düşüncəsinin gücü ilə telefonu və kompüteri idarə etsin.
İlon Mask əlavə edib ki, bu məhsulun ilk istifadəçiləri öz ətraflarının hərəkətinə nəzarət edə bilməyənlər olacaq: “Təsəvvür edin ki, bu çipin köməkliyi ilə Stiven Hokinq öz fikirlərini ən sürətli insandan da tez ifadə edə bilərdi. Məqsəd məhz budur”.
Alimlərin bu il yaratdığı daha bir innovasion çip qan analizi əsasında ən vacib tibbi məlumatları toplaya bilir.
Həmçinin neyron boyda görmə implantı işlənərək hazırlanıb.
İİV əleyhinə vaksinlər
Alimlər məlumat veriblər ki, gücləndirilmiş PD-1 ilə DNT vaksini insanın immun çatışmazlığı virusunun (İİV) profilaktikası və immunterapiyası üçün üçüncü nəsil preparatı ola bilər. Tədqiqatlar göstərib ki, bu vaksin 6 il ərzində İİV-ə qarşı immuniteti təmin edir.
Araşdırmanın nəticələri “Microbiology Spectrum” jurnalında çap olunub.
ABŞ-dən olan tədqiqatçılar komandası isə “Lenakapavir” adlı inqilabi preparat hazırlayıb. O, İİV-in yayılmasını tam bloklamaq qabiliyyətinə malikdir. Uqanda və CAR-da aparılmış kliniki sınaqlar göstərib ki, dərmanın ildə iki inyeksiyası İİV infeksiyasından etibarlı şəkildə müdafiəni təmin edir. Onun effektivliyi 99% təşkil edir və gündəlik həb qəbulunun effektivliyini üstələyir.
“Lenakapavir”in təsir mexanizmi virusun zülal qabığının bloklanmasına əsaslanır. Bu, virusun orqanizmin hüceyrələrinə daxil olmasına mane olur.
Yeni dərmanlar kəşf olunub
Alimlər yeni antibiotiklər sinfi kəşf ediblər. “Hepotidasin” (Hepotidacin) adlanan bu antibiotik sidik yollarının infeksiyalarına səbəb olan və hazırda mövcud preparatlara dayanıqlılıq göstərən bağırsaq çöplərinə qarşı effektivdir.
Daha bir yeni antibiotik superbakteriyalarla mübarizə aparmağa qadirdir. O eyni zamanda 2 hüceyrə hədəfinə təsir edir, bu isə bakteriyalarda dərmana davamlılığın əmələ gəlməsini 100 milyon dəfə çətinləşdirir və onların superbakteriyaya çevrilməsinin qarşısını alır. Yeni antibiotik özündə müxtəlif təsir mexanizmi olan iki sinif antibiotiklərin – makrolidlərin və flüorxinolonların təsirini birləşdirir.
Bu il qanaxmanı cəmi 15 saniyədə dayandırmağa qadir olan yeni hemostatik preparat da icad edilib. Dərman vasitəsi hialuron turşusunun modifikasiyası əsasında yaradılıb.
Xərçənglə mübarizədə uğurlar
2024-cü ildə alimlər ağciyər xərçəngi əleyhinə tədqiqatlarında uğur qazanıblar. Belə ki, yeni yaradılmış DRP-104 preparatı ağciyər adenokarsinoması hüceyrələrinin qlutamini udmasını bloklayır. Qlutamin sürətlə böyüyən xərçəng hüceyrələri üçün mühüm enerji mənbəyidir. Onun udulmasını bloklamaqla DRP-104 şişin böyüməsini yavaşıdır, eləcə də şiş əleyhinə immunitetdə əsas rol oynayan T-limfositlərin zəifləməsinin qarşısını alır.
Bu il həm də ağciyər xərçəngi əleyhinə dünyada ilk mRNT vaksin tətbiq olunub.
2024-cü ildə dəri xərçəngi əleyhinə də mRNT əsaslı yeni vaksin hazırlanıb. mRNA-4157/V940 adlandırılmış vaksin melanomanın müalicəsində və onun residivlərinin qarşısının alınmasında yüksək effektivlik nümayiş etdirib.
Bexterev xəstəliyinin əlacı tapılıb
Bexterev xəstəliyi adlandırılan ankilozlaşdırıcı spondilitlə mübarizə üçün xüsusi yaradılmış preparat tibb tarixində ilk dəfə olaraq uğurla sınaqdan keçirilib. Rusiyada aparılan kliniki sınaqlar yeni dərmanın yüksək effektivliyini və təhlükəsiz olduğunu göstərib.
Fəqərəarası oynaqların xroniki iltihabi xəstəliyi olan, onurğada ağrılara və hərəkət məhdudiyyətinə gətirib çıxaran Bexterev xəstəliyindən dünyada milyonlarla insan əziyyət çəkir. İndiyədək bu xəstəliyin inkişafını dayandıra bilən spesifik müalicə yox idi.
Süni həqiqi ürək
Almaniyanın Leybnits Tədqiqat Laboratoriyaları Birliyinin tədqiqatçıları regenerativ təbabət sahəsində inqilabi yenilik ediblər. Onlar insan ürəyinin inkişafını və qanyaratma prosesini imitasiya edə bilən miniatür modelini hazırlaya biliblər. Araşdırmanın nəticələri “Nature Cell Biology” nüfuzlu elmi jurnalında çap olunub.
Cəmi bir neçə millimetrlik ölçüdə ürək orqanoidi insanın plüripotent (orqanizmin digər tip hüceyrələrinə çevrilə bilən) kök hüceyrələrindən (hPSC) yaradılıb. Orqanoidin yaradılması prosesi həddən ziyadə mürəkkəbdir və hüceyrələrin yetişdirildiyi hidrogel matriksinə qida maddələrinin və böyümə amillərinin əlavə edilməsi qrafikinə ciddi əməl olunmasını tələb edir. Bu, hüceyrələrə insan ürəyinin inkişafının imitasiyası olan üçölçülü strukturlar formalaşdırmağa imkan verir.
Əvvəllər, 2021-ci ildə alman alimləri ürəyin inkişafının ilkin mərhələsini imitasiya edən orqanoid (HFO) yaratmışdılar. Yeni tədqiqat daha irəliyə gedərək, modelə qanyaradıcı hüceyrələr əlavə edib. Bu təkmilləşmiş model ürəyin qanyaradıcı orqanoidi adlandırılıb (BG-HFO).
Yeni orqanoid qanyaratma prosesində toxumaların qarşılıqlı təsirini öyrənmək üçün mühüm alət ola bilər. Model həm ürəyə, həm də qan damarlarına təsir edən COVID-19 kimi xəstəliklərin, xərçəngin və genetik defektlərin tədqiq olunmasında yeni imkanlar açır.
2024-cü ildə daha hansı elmi kəşflər olub?
Bağırsaq çöpünün yeni ştamı – B5/H24RxC aşkar edilib.
Beyinciyin təkcə bədən hərəkətlərinin koordinasiyasında deyil, həm də koqnitiv proseslərdə mühüm rol oynadığı müəyyən edilib.
3D printerdə tibbi texnologiyaların, kvant fotonikasının və mikroelektromexaniki sistemlərin inkişafı üçün yeni imkanlar açan, qum dənəciyindən min dəfə kiçik olan optik sensor çap edilib.
İnsanın qocalma prosesində 44 və 60 yaşlarda iki kəskin sıçrayışın olduğu müəyyən edilib.
Yeni qan qrupu sistemi – MAL kəşf olunub.
Koronavirusların tədqiqi üçün süni reseptorların yaradılması metodu hazırlanıb. İnsanın və ya heyvanların hüceyrə membranlarına əlavə olunan bu reseptorlar viruslarla yoluxmanın mexanizmini başa düşməyə və onlarla mübarizə metodları hazırlamağa imkanlar açır.
Yeni yaradılmış “NanoGripper” nanorobotu hüceyrələrin yoluxmasının qarşısını almaq və diaqnostika məqsədilə virusları tuta bilir.
2024-cü ildə həm də ürək çatışmazlığını aradan qaldıra bilən gen terapiyası üsulunun təqdimatı olub.